Ağxaç - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd, türk mənşəli toponim
Ağxaç kəndi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayon mərkəzindən 12 km cənub-şərqdə, Horadiz (Qaradüz) kəndinin yaxınlığında yerləşirdi. Burada 1831-ci ildə 37 nəfər yalnız azərbaycanlı yaşamışdır. XIX əsrin 50-60-cı illərində kəndə ermənilər köçürüldükdən sonra qarışıq kəndə çevrilmişdir. Kənddə ermənilərlə yanaşı, 1873-cü ildə 140 nəfər, 1886-cı ildə 195 nəfər, 1897-ci ildə 242 nəfər azərbaycanlı yaşamışdır. 1904, 1914, 1916-cı illərdə siyahıyaalmada azərbaycanlı və erməni əhalisi qarışıq şəkildə göstərilmişdir. 1918-1919-cu illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlıların müəyyən qismi doğma torpaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır. 1928-1929-cu illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1930-cu ildən burada yalnız ermənilər yaşayır.
Toponim, türk dilinə «kiçik, balaca» mənasında işlənən ağ sözü ilə Azərbaycan dilində «qoyun, mal yatağı» mənasında işlənən arxac sözünün təhrifi əsasında yaranan xaç sözündən əmələ gəlmişdir. Kəndin qədim adı Ağarxac olmuş, zaman keçdikcə Ağxaç formasını almışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.