Monteneqro–Yaponiya münasibətləri

Monteneqro–Yaponiya münasibətləri (yap. 日本とモンテネグロの関係) – Monteneqro ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.

Monteneqro–Yaponiya münasibətləri
Monteneqro və Yaponiya
 Monteneqro  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaponiyada Monteneqro adının çəkildiyi ilk əsər 1853-cü ildə Şanxayda britaniyalı missioner Vilyam Murhed tərəfindən yazılmış və daha sonra Toin Şioya tərəfindən yapon dilinə tərcümə olunmuş coğrafiya kitabı olmuşdur. Kitabda Monteneqro Osmalı imperiyasının tərkibində olan ərazilərdən biri kimi göstərilmişdir.[1]

1878-ci ildə Fransada keçirilmiş Ümumdünya sərgisində Monteneqro hökumətinin hüquq müşaviri olan Valtazar Borişiç Yaponiya siyasətçisi Matsukata Masayoşi ilə görüşmüş və ona öz tərtib etdiyi ailə məcəlləsini göstərmişdir. 1882-ci ildə Sankt-Peterburqa səyahət edən Yaponiya şahzadəsi Arisuqava Taruhito 14 sentyabrda Qış sarayında Monteneqro şahzadəsi I Nikola ilə tanış olmuşdur.[1]

1882-ci ildə İto Hirobumi İmperator Meycinin göstərişi ilə Avropaya səyahət etmişdir. O, Monteneqro ərazisində olmasa da, bu ölkə barədə məlumatlı olmuşdur. O, Monteneqronu kiçik ölkə hesab etmiş, lakin xristian ölkə olduğu üçün böyük dövlətlər tərəfindən dəstəkləndiyini bildirmiş, eyni münasibətin Yaponiyaya qarşı olmaması səbəbindən qəzəblənmişdir.[1]

1892-ci ildə Berlindən Yaponiyaya at belində qayıtmağa qərar verən mayor Fukuşima Yasumasa Monteneqro ərazisindən də keçmişdir. O, 1992-ci ilin fevralında Monteneqronun KotorÇetinye şəhərlərində olmuşdur. Yasumasa Monteneqro ərazisində olmuş ilk yapon hesab olunur.[1]

Rus-yapon müharibəsi

[redaktə | mənbəni redaktə et]

1904–1905-ci illərdə baş vermiş Rus-yapon müharibəsi zamanı bir neçə monteneqorlu Rusiyanın tərəfində yaponlara qarşı döyüşmüşdür. Anto Qvozdenoviç, Yovan Popoviç-Lipovan, Andrey Bakiç, Aleksandr Saiçiç müharibədə döyüşmüş monteneqrolu hərbi xadimlər olmuşdur.[2] Aleksandr Saiçiç ilə bağlı məşhur hekayəyə görə o, döyüşlərin birində yapon zabitlə qılınc duelinə çıxmış və onu məğlub etmişdir. Lakin hekayə tarixi uyğunsuzluqlarla dolu olduğu üçün belə bir duelin heç baş vermədiyi qəbul olunur.[3]

Şinzo AbeMilo Cukanoviçin görüşü (2019).

Populyar olan bir versiyaya görə Monteneqro knyazlığı Yaponiyaya qarşı müharibə elan etmiş, lakin 1905-ci ildə Portsmut müqaviləsinin imzalanmasında iştirak etmədiyi üçün Monteneqro və Yaponiya 2006-cı ilə qədər formal müharibədə olmuşdurlar.[1] ABŞ-nin UPİ xəbər agentliyi 16 iyun 2006-cı ildə Yaponiya baş nazirinin nümayəndəliyinin müharibəni başa çatdırmaq və sülh müqaviləsi imzalamaq üçün Monteneqroya səfər etdiyini iddia etmişdir.[4] Lakin tarixçilər Monteneqronun Yaponiyaya qarşı müharibə elan etməsi faktına dair sübutun olmadığını bildirmiş və bu iddianın yanlış olduğunu bildirmiş, "Monteneqo–Yaponiya müharibəsi"ni uydurma adlandırmışdırlar.[1]

1918-ci ildə Monteneqro Yuqoslaviya krallığının tərkibinə daxil olaraq öz müstəqilliyini itirmiş, 2006-cı ildə yenidən müstəqil olmuşdur. Yaponiya Monteneqronun müstəqilliyini 16 iyun 2006-cı ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 24 iyul 2006-cı ildə qurulmuşdur.[5]

Monteneqro prezidenti Milo Cukanoviç 2019-cu ilin oktyabrında Yaponiyaya səfər edərək Naruhitonun taxta çıxma mərasimində iştirak etmiş və Yaponiya baş naziri Şinzo Abe ilə görüşmüşdür.[6] Monteneqro 2024-cü ildə Tokioda səfirlik açmağı planlaşdırdığını açıqlamışdır.[7]

2004–2009-cu illərdə Monteneqro Universitetinin iqtisadiyyat fakültəsində yapon dili kursları təşkil olunmuşdur. 2018-ci ildə Monteneqro Universitetində yapon dili dərsləri təşkil olunsa da, tədris cəmi 1 semestr davam etmişdir.[8]

  1. 1 2 3 4 5 6 Nakazawa, Takuya. "Beginning of the Japanese-Montenegrin Relationship : Diplomacy and Discourses in the Last Years of the Shogunate and in the Meiji Period". Komaba Journal of Asian Studies (yaponca). 2 dekabr 2021. doi:10.15083/0002002876. 7 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.
  2. Batrićević, Đuro. "Crnogorci u rusko-japanskom ratu". Montenegrina, digitalna biblioteka crnogorske kulture (monteneqroca). 27 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.
  3. "Aleksandar Lekso Saičić vs Samurai, Truth or Myth". History Chronicles (ingiliscə). 14 noyabr 2023. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.
  4. "Montenegro, Japan to declare truce". UPI (ingiliscə). 16 iyun 2006. 23 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.
  5. "Japan-Montenegro Relations (Basic Data)". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). 11 iyul 2018. 5 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.
  6. "Meeting between Prime Minister Shinzo Abe and President Djukanović of Montenegro". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). 23 oktyabr 2019. 20 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.
  7. "Spajić: Montenegro plans to open an embassy in Tokyo as soon as possible". Vijesti (ingiliscə). 8 fevral 2024. 20 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.
  8. "モンテネグロ(2020年度)". Japan Foundation (yaponca). 20 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.