Malta–Yaponiya münasibətləri (yap. 日本とマルタの関係) – Malta ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Maltanın Tokioda, Yaponiyanın Slimada səfirliyi yerləşir.
Malta–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya müharibəsində Böyük Britaniya müttəfiqi Yaponiyadan Aralıq dənizindəki donanması üçün dəstək istəmişdir. Britaniyanın xahişini yerinə yetirən Yaponiya 1917-ci ildə İkinci Xüsusi Eskadranın yaradılması və Aralıq dənizinə göndərilməsi barədə qərar qəbul etmişdir. Səkkiz esmines – "Ume", "Kusunoki", "Kaede", "Katsura", "Kashiwa", "Matsu", "Sugi", "Sakaki" və "Akashi" kayserindən təşkil olunmuş, admiral Sato Kozonun komandanlıq etdiyi flotiliya 16 aprel 1917-ci ildə müttəfiqlərin Aralıq dənizindəki bazalarından biri olan Maltaya çatmışdır.[1]
İkinci Xüsusi Eskadranın başlıca vəzifəsi Aralıq dənizində müttəfiqlərə məxsus gəmiləri müşayiət etmək və Maltanı almanların sualtı qayıqlarından qorumaq olmuşdur. 1917-ci ilin iyununda "Kashi", "Hinoki", "Momo" və "Yanagi" esminesləri, eləcə də, "Izumo" kayseri Yaponiyanın Malta eskadrasına qoşulmuşdur. Eskadra son missiyasını 10 aprel 1919-cu ildə yerinə yetirmiş, 15 mayda Maltanı tərk etmişdir. Malta qubernatoru Pol Senford Metyuen yaponların fəaliyyətini müsbət dəyərləndirmişdir.[1]
Yaponiyanın Maltadakı itkilərinin çoxu qəzalar nəticəsində baş vermişdir. Lakin 11 iyun 1917-ci ildə "Sakaki" gəmisinin Avstriya tərəfindən torpedo ilə vurulması nəticəsində gəmi kapitanı Tayçi Uehara daxil olmaqla 68 yapon dənizçi ölmüşdür.[2][1] Hadisədə həlak olan yaponlar Maltada yerləşən Kalkara donanma qəbiristanlığında dəfn olunmuşdurlar. Kalkara qəbiristianlığında ümumilikdə 78 yapon dənizçinin qəbri yerləşir. Yaponiya şahzadəsi Hirohito 1921-ci ilin aprelində Maltaya səfər etmiş və Kalkara qəbiristanlığını ziyarət etmişdir.[1]
Malta Böyük Britaniyadan müstəqilliyini 1964-cü ildə elan etmişdir. Yaponiya ilə Malta arasında diplomatik əlaqələr 15 iyul 1965-ci ildə qurulmuşdur.[3]
Malta baş naziri Eddi Fenek Adami 1990-cı ildə Yaponiyaya səfər etmişdir.[4] 2017-ci ilin mayında Şinzo Abe Maltaya səfər etmiş ilk Yaponiya baş naziri olmuş, Malta baş naziri Cozef Muskat ilə görüşmüşdür.[5]
28 sentyabr 2020-ci ildə Maltanın Tokioda səfirliyi açılmışdır. Maltanın Yaponiyadakı ilk daimi səfiri Andre Spiteri olmuşdur.[6] 1 yanvar 2024-cü ildə Slima şəhərində Yaponiyanın Malta səfirliyi açılmışdır.[7]
Malta şairi və 1976–1981-ci illərdə Maltanın prezidenti olmuş Anton Butticiç hayku və tankalar yazmış, 1968-ci ildə "Kimonolu muza" adlı əsər nəşr etdirmişdir.[3]
2010-cu ildən etibarən Malta Universitetinin Dil Məktəbində yapon dili dərsləri təşkil olunur.[8]