Albaniya–Yaponiya münasibətləri (alb. Marrëdhëniet mes Shqipërisë dhe Japonisë; yap. 日本とアルバニアの関係) – Albaniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.
Albaniya–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya Albaniyanın müstəqilliyini 1922-ci ildə tanımış və ölkələr arasında diplomatik əlaqələr qurulmuşdur. Belə ki, Albaniyanın xarici işlər naziri Fan Noli 28 yanvar 1922-ci ildə Yaponiyadan Albaniyanın müstəqilliyini tanımasını istəmiş, Yaponiya xarici işlər naziri Uçida Yasuiya 18 aprel 1922-ci ildə buna müsbət cavab vermişdir.[1] 20 iyun 1930-cu ildə ölkələr arasında ilk ticarət müqaviləsi imzalanmışdır. 1935-ci ildə Osaka şəhərində Albaniya krallığının fəxri konsulluğu açılmışdır.[2]
İkinci Dünya müharibəsindən sonra Albaniya ilə Yaponiya arasındakı əlaqələr dayanmışdır. 10 mart 1981-ci ilin martında ölkələr arasındakı əlaqələr bərpa olunmuşdur.[1] 1990-cı illərdə Albaniya açıq qapı siyasətini qəbul etdikdən sonra ölkələr arasındakı əlaqələr canlanmağa başlamışdır. 2005-ci ilin dekabrında Tokioda Albaniya Respublikasının səfirliyi açılmışdır. Yaponiya hökuməti 2016-cı ilin martında Tiranada səfirlik açmaq barədə qəbul etmişdir. Tirana səfirliyi 1 yanvar 2017-ci ildə açılmışdır.[2] 2022-ci ildə ölkələr arasında əlaqələrin 100 illiyi qeyd olunmuşdur.[1]
2008-ci ilin fevralında Albaniya baş naziri Sali Berişa Yaponiyaya səfər edərək Yaponiya baş naziri Yasuo Fukuda ilə görüşmüşdür. O, Yaponiyada olan ilk Albaniya baş naziri olmuşdur.[3] 2019-cu ilin oktyabrında Albaniya prezidenti İlir Meta Yaponiyaya səfər edərək Yaponiya baş naziri Şinzo Abe ilə görüşmüşdür.[4]
Albaniya və Yaponiya hökumətləri arasında 15-dən çox razılaşma imzalanmışdır. 2007-ci ilin sentyabrında imzalanmış razılaşmaya əsasən Yaponiya vətəndaşları üçün viza məhdudiyyəti ləğv olunmuşdur.[2]
1989-cu ildən etibarən alban tələbələr MEXT proqramı üzrə Yaponiyada təhsil almaq hüququna malikdirlər. 2011–2017-ci ildə Albaniyanın Marin Barleti Universitetində yapon dili tədris olunmuşdur. 2012-ci ildə Albaniyanın ilk yapon dili lüğəti nəşr olunmuşdur. 2016-cı ildə Tirana Politexnik Universiteti yapon dili dərsləri təklif etməyə başlamışdır.[5]