Rumıniya–Yaponiya münasibətləri (rum. Relaţiile dintre România şi Japonia; yap. 日本とルーマニアの関係) – Rumıniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Rumıniyanın Tokioda, Yaponiyanın isə Buxarestdə səfirliyi yerləşir.
Rumıniya–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Rumıniya ilə Yaponiya arasında ilk əlaqələr 1902-ci ildə qeydə alınsa da, diplomatik əlaqələr 1917-ci ilin avqustunda nümayəndəlik səviyyəsində qurulmuşdur. 1 may 1923-cü ildə Rumıniyanın Osakada fəxri konsulluğu açılmışdır.[1]
Ölkələr arasında diplomatik əlaqələr 31 oktyabr 1944-cü ildə kəsilsə də, 1 sentyabr 1959-cu ildə bərpa olunmuşdur. 1 iyun 1964-cü ildə ölkələr arasında diplomatik əlaqələr səfirlik səviyyəsinə qaldırılmışdır.[1]
Rumıniya prezidenti Emil Konstantinesku 1997-ci ildə Yaponiyaya rəsmi səfər etmişdir. 2002-ci ildə ölkələr arasındakı əlaqələrin 100 illiyi münasibətilə Rumıniya prezidentu İon İliyesku Yaponiyaya səfər etmiş və "Yaponiya ilə Rumıniya arasında dostluq, əməkdaşlıq və partnyorluq haqqında birgə bəyannamə" imzalamışdır.[1]
1995 və 2002-ci ildə Şahzadə Hitaçi və Şahzadə Hanako, daha sonra Şahzadə Sayako Rumıniyada rəsmi səfərdə olmuşdurlar. 2007-ci ildə Rumıniya baş naziri Kelin-Popeski Teriçanu Yaponiyaya səfər etmişdir. Diplomatik əlaqələrin bərpa olunmasının 50 illiyi münasibətilə 2009-cu ildə Şahzadə Akişino Rumıniyanı, 2010-cu ilin martında Rumıniya prezidenti Trayan Basesku Yaponiyanı ziyarət etmişdir.[1]
2013-cü ilin fevralında Rumıniyanın xarici işlər naziri Titus Korletsyan Tokioya səfər edərək Yaponiyanın xarici işlər naziri Fumio Kişida ilə görüşmüş və ölkələr arasında partnyorluğun yenilənməsi barədə birgə bəyannamə imzalanmışdır. 16 yanvar 2018-ci ildə Yaponiya baş naziri Şinzo Abe Buxarestə səfər edərək Rumıniya prezidenti Klaus Yohannis ilə görüşmüşdür. Bu, Yaponiya baş nazirinin Rumıniyaya ilk səfəri olmuşdur. Klaus Yohannis 2019-cu ilin oktyabrında Yaponiyaya səfər edərək İmperator Naruhitonun taxta çıxma mərasimində iştirak etmişdir. O, səfər zamanı Şinzo Abe ilə görüşmüşdür.[1]
2022-ci ilin sentyabrında Rumıniya baş naziri Nikolae Çuke Şinzo Abenin dəfn mərasimində iştirak etmişdir. Bu zaman Rumıniya nümayəndəliyi baş nazir Fumio Kişida ilə görüşmüşdür. 2023-cü ilin martında Klaus Yohannis Yaponiyada səfərdə olmuş və İmperator Naruhito, eləcə də, Fumio Kişida ilə görüşmüşdür. Görüş zamanı ölkələr arasında strateji əməkdaşlıq barədə birgə bəyannamə imzalanmışdır.[1]
2023-cü ildə ölkələr arasındakı ticarət həcminin dəyəri 1265,7 milyon ABŞ dolları təşkil etmişdir. Bu, 2022-ci ilin göstəricisindən 13,5% çoxdur. Rumıniyadan Yaponiyaya ixrac olunan əsas məhsullar tütün məmulatları, taxta məhsulları, elektrik avadanlıqları, kimyəvi maddələr, metallurgiya məhsulları, geyim və aksesuarlar, ayaqqabılar, şüşə, keramika məhsulları, şərab, bal, kosmetika məhsulları təşkil. Yaponiya isə Rumıniyaya nəqliyyat vasitələri, elektrik avadanlıqları, metal məhsulları, kimyəvi maddələr, optika alətləri və cihazları ixrac edir.[2]
31 yanvar 2024-cü ilin məlumatına əsasən Rumıniyada rəsmi şəkildə Yaponiyadan kapital alan 407 şirkət fəaliyyət göstərir. Rumıniyada istehsalatla məşğul olan 35 Yaponiya şirkəti mövcuddur.[2]
2008-ci ildə Yaponiyanın Heysey Nakamura teatrı Rumıniyanın Sibiu şəhərində çıxış etmişdir.[3] Kluj-Napoka Botanika Bağında Aleksandru Borza tərəfindən dizayn olunmuş yapon bağı yaradılmışdır.[4]
Rumıniyada 2000-dən çox tələbə yapon dilini öyrənir. Buxarest Universiteti 2005-ci ildə yaponşünaslıq üzrə proqram başlatmış, 2010-cu ildə Yaponşünaslıq Mərkəzi yaratmışdır. 2017-ci ildə Babeş-Bolyay Universitetində, 2018-ci ildə Buxarest İqtisadiyyat Universitetində Yaponiya Mədəniyyət Mərkəzi yaradılmışdır. Babeş-Bolyay Universitetinin Ehime Universiteti və Kobe Universiteti ilə əməkdaşlıqları mövcuddur.[3]