Litva–Yaponiya münasibətləri (lit. Japonijos ir Lietuvos santykiai; yap. 日本とリトアニアの関係) – Litva ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Litvanın Tokioda, Yaponiyanın Vilnüsdə səfirliyi yerləşir.
Litva–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya Litvanın müstəqilliyini 1922-ci ildə tanımışdır. İkinci dünya müharibəsinə qədər olan dövrdə iki ölkə arasında iki müqavilə imzalanmış, Kaunas və Tokioda konsulluqlar açılmışdır. Litvanın SSRİ tərəfindən işğal edilməsindən sonra diplomatik əlaqələr kəsilmişdir. 1991-ci ildə Litvanın müstəqilliyini qazanmasından sonra diplomatik əlaqələr bərpa olunmuşdur.
Yaponiyada Litvadan bəhs edən ilk əsər 1792-ci ildə Hoşu Katsuraqava tərəfindən yazılmış və Rusiyadan bəhs edən "Hokusa Bunryaku" əsəridir. Əsərdə Rusiyanın ərazisini təsvir edən xəritədə Böyük Litva knyazlığının adı çəkilir.[1]
Yaponlarla litvalılar arasında ilk təmas 1862-ci ildə gerçəkləşmişdir. Yaponiya hökuməti tərəfindən Avropaya göndərilmiş Bunkyu missiyasının iştirakçıları Sankt-Peterburqdan Berlinə səyahət edərkən 18 sentyabr 1862-ci ildə Kaunas şəhərində olmuşdurlar. Missiyanın iştirakçısı olmuş Yukiçi Fukuzava öz gündəliyində Kaunasla yanaşı Litvanın Çernışevskoye qəsəbəsini və Kibartay şəhərini təsvir etmişdir. 1873-cü ildə Yaponiya tərəfindən Avropa və Amerikaya göndərilmiş İvakura missiyasının iştirakçıları iki dəfə Litva ərazisində olmuşdurlar: Sankt-Peterburqa gedərkən 29 martda Litva ərazisindən keçmiş, 15 apreldə isə Vilnüs şəhərində dayanmışdırlar.[1]
İlk litvalı fotoqraflardan biri olan Benedikt Henrik Tışkeviç 1875-ci ildə Yaponiyaya səyahət etmiş və Yaponiya bağlı fotolar çəkmişdir. O, Yaponiyada olmuş ilk litvalı hesab olunur.[2]
1892-ci ildə Berlindən Yaponiyaya at belində qayıtmağa qərar verən mayor Yasumasa Fukuşima 24 fevralda Kaunas şəhərinə çatmış və şəhərdə bir neçə saat keçirmişdir. O, "At üstündə tənha səyahət" əsərinin bir neçə səhifəsini Litvaya həsr etmişdir.[1]
Litvalı etnoloq Bronislav Pilsudski 1900-cü ildə Saxalinin cənubunda məskunlaşmış, aynuların dil və mədəniyyətini araşdırmış, aynu qadınla evlənmişdir. Onun davamçıları Hokkaydoda yaşamağa davam edirlər.[2]
1904–1905-ci illərdə baş vermiş Rus-yapon müharibəsində Rusiya donanmasında bir çox litvalı döyüşmüş və Yaponiya tərəfindən əsir götürülmüşdür. Litvanın müstəqilliyi uğrunda mübarizə aparan Styaponas Kayris Yaponiyanın ruslar üzərində qələbəsindən təsirlənmiş və 1906-cı ildə Yaponiya haqqında litva dilindəki ilk kitabları yazmışdır: "Yaponiyanın keçmişi və indisi" (lit. Japonija seniau i dabar), "Yaponlar indi necə yaşayırlar" (lit. Kapip japonai gyvena dabar), "Yaponların konstitusiyası" (lit. Japonų konstitucija).[3]
Litva 1918-ci ilin fevralında müstəqillik qazanmışdır. Yaponiya hökuməti 1919-cu ilin martında Litvanı de fakto müstəqil dövlət kimi qəbul etmişdir. Litvalı diplomat Tomas Naruşeviçius Litvanın Yaponiya tərəfindən de yure tanınması üçün 6 dekabr 1921-ci ildə məktub yazmışdır. Yaponiya Litvanın müstəqilliyini 20 dekabr 1922-ci ildə tanımışdır.[4]
1929-cu ilin fevralında Litva ilə Yaponiya arasında azad viza rejimi haqqında razılaşma, 2 may 1930-cu ildə ticarət və dənizçilik müqaviləsi imzalanmışdır. Yaponiya diplomatı Yotaro Suqimura 1930-cu ildə Litvanı ziyarət etmişdir. Litvanın nəqliyyat və kommunikasiya naziri Yonas Auqustaitis 1931-ci ildə Tokioyada səfərdə olmuşdur. Yapon biznesmen Masaci Yasaka 15 may 1935-ci ildə Litvanın Tokiodakı fəxri konsulu təyin olunmuşdur.[4]
1939-cu ilin Kaunas şəhərində Yaponiya konsulluğu açılmışdır. Çiune Suqihara konsulluğun ilk və yeganə konsulu olmuşdur.[4] 1940-cı ildə Litvanın SSRİ tərəfindən işğal edilməsindən sonra Kaunasda konsulluq və Tokiodakı fəxri konsulluq bağlanmışdır.[5]
Litva SSR Ali Sovetinin üzvü olan Yustas Paletskis iki dəfə (1960 və 1969) Yaponiyaya səfər etmişdir. 1960-cı ildəki ilk səfərində Tokioda keçirilmiş bir konfransda iştirak etmiş və İmperator Hirohito ilə görüşmüşdür. Səyahətdən sonra Yaponiya haqqında kitablar yazmışdır. 1969-cu ildəki ikinci səfərində Yaponiya baş naziri Eysaku Sato və yenə Hirohito ilə görüşmüşdür.[6]
Sovet dövründə ancaq 2 dəfə Yaponiya diplomatlarının Litvaya səfəri qeydə alınmışdır: 1967-ci ilin noyabrında Yaponiyanın SSRİ-dəki səfiri Toru Nakaqava, 1978-ci ildə isə Yaponiyanın SSRİ-dəki konsulu Sadao Katsumata Litvada olmuşdur.[6]
1968-ci ildə Yaponiya ilə Litvanın həmkarlar ittifaqları arasında ilk görüş keçirilmişdir. Yaponiya Sosialist Partiyasının nümayəndələri 1978, 1979, 1981, 1982 və 1986-cı illərdə Litvada olmuşdurlar. Yaponiya–SSRİ Dostluq Assosiyasının üzvləri 1982 və 1984-cü illərdə Litvaya səfər etmişdirlər. Yaponiyanın keçmiş baş naziri Yasuhiro Nakasone 1988-ci ildə Litvaya səfər etmiş, Vilnüs və Kaunas şəhərlərində olmuş, Rumşişkesdə yerləşən açıq hava muzeyini ziyarət etmişdir.[6]
SSRİ-nin dağılmasından sonra 1991-ci ilin oktyabrında Yaponiya Litvanın müstəqilliyini yenidən tanımışdır. 1997-ci ildə Yaponiyanın Litvada, 1999-cu ildə Litvanın Yaponiyada səfirliyi açılmışdır.[7]
2007-ci ildə Yaponiya imperatoru Akihito Litvaya səfər etmişdir. Yaponiya baş nazirlərindən Şinzo Abe 2018-ci ildə, Fumio Kişida 2023-cü ildə Litvada rəsmi səfərdə olmuşdur. 2001-ci ilin aprelində Valdas Adamkus Yaponiyaya rəsmi səfər etmiş ilk Litva prezidenti olmuşdur. Litva prezidenti Gitanas Nauseda 2019-cu ildə Naruhitonun taxta çıxma mərasimində iştirak etmişdir. Litva baş nazirlərindən Alqirdas Mikolas Brazauskas 2005-ci ildə, Qediminas Kirkilas 2006-cı ildə, Andrius Kubilius 2012-ci ildə, Saulius Skvernelis 2018-ci ildə, İnqrida Simonite 2022-ci ildə Yaponiyada rəsmi səfərdə olmuşdurlar.[5]
Litvada Yaponiya mədəniyyətinin təbliği ilə məşğul olan bir sıra təşkilatlar fəaliyyət göstərir: Yaponiya səfirliyinin mədəniyyət mərkəzi, Kaunas şəhərində yerləşən Vitautas Maqnus Universitetinin asiyaşünaslıq mərkəzi, Vilnüs şəhərində yerləşən Asiya İncəsənəti Mərkəzi və Yapon Mədəniyyət Evi, Alitus şəhərində yerləşən "Sensei" bonsay studiyası və s.[8]
1995-ci ilin sentyabrında Litva və Yaponiya assosiasiyalarının əməkdaşlığı ilə ilk Yaponiya Mədəniyyət Həftəsi tədbiri baş tutmuşdur. Tədbirdə Yaponiyadan gələn 46 sənətçi iştirak etmişdir. 2000-ci ilin mayında Litva Kyokuşin Karate Assosiasiyası prezidentinin təşəbbüsü ilə tədbir ikinci dəfə keçirilmişdir. 2002-ci ildə Kaunasda ilk dəfə olaraq "Şərq-Şərq" adlı yapon-litva memarlığı festivalı baş tutmuşdur. 2015-ci ildə Vilnüsdə ilk bonsay festivalı keçirilmişdir. 2017, 2018 və 2020-ci illərdə Kaunasda Çiune Suqiharaya həsr olunmuş Suqihara festivalı tədbirləri baş tutmuşdur.[8]
Litvada bir sıra yapon bağları yerləşir. Ən böyük yapon bağı Kretinqa şəhərində yerləşir və Avropanın ən böyük yapon bağlarından biri hesab olunur. 16 hektar sahəni əhatə edən bu bağın təməli 10 oktyabr 2007-ci ildə atılmışdır. 2010-cu ildə Yaponiya tərəfindən bağa 700 bonsay ağacı hədiyyə edilmişdir. Vilnüs şəhərində iki yapon bağı yerləşir. Vilnüs Universitetinin Botanika Bağında yerləşən 0,5 hektarlıq yapon bağın layihəsi 2003-cü ildə Hacime Vatanabe və Hiroşi Tsunoda tərəfindən təqdim olunmuşdur. Bağın tikintisində 500 ton qaya istifadə olunmuşdur. 2008-ci ildə bağın təməli atmış, 2009-cu ildə şəlalə, gölməçə, kiçik çay yaradılmış, 2010-cu ildə memarlıq elementləri əlavə olunmuşdur. Bağ üzərində işlər 2012-ci ildə tamamlanmışdır.[8]