Bosniya və Herseqovina–Yaponiya münasibətləri

Bosniya və Herseqovina–Yaponiya münasibətləri (bosn. Odnosi Japan i Bosna i Hercegovina; yap. 日本とボスニア・ヘルツェゴビナの関係) – Bosniya və Herseqovina ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Bosniya və Herseqovinanın Tokioda səfirliyi, Yaponiyanın Sarayevoda səfirliyi yerləşir.

Bosniya və Herseqovina–Yaponiya münasibətləri
Bosniya və Herseqovina və Yaponiya
 Bosniya və Herseqovina  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bosniya və Herseqovinanın Tokiodakı səfirliyi.
Yaponiyanın Sarayevodakı səfirliyi.

Yaponiya Bosniyada sülhü təmin etmək üçün 1995-ci ildə yaradılmış Sülhün Tətbiqi Şurasının üzvü olmuşdur. Yaponiya Bosniya və Herseqovinanın müstəqilliyini 23 yanvar 1996-cı ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələrin əsası 9 fevral 1996-cı ildə qoyulmuşdur. 1998-ci ilin fevralında Yaponiyanın Sarayevoda rəsmi nümayəndəliyi açılmışdır. Bu nümayəndəlik 2008-ci ilin yanvarında səfirlik səviyyəsinə qaldırılmışdır. Bosniya və Herseqovinanın Yaponiyadakı səfirliyi 1998-ci ilin dekabrında açılmışdır.[1]

1999-cu ilin sentyabrında Serb Respublikasının baş naziri Milorad Dodik Yaponiyaya rəsmi səfər etmişdir.[2] Yaponiya ilə Bosniya və Herseqovina arasında ilk sammit görüşü 2005-ci ilin martına gerçəkləşmişdir. Belə ki, Bosniya və Herseqovina Nazirlər Kabinetinin sədri Adnan Terziç Yaponiyaya rəsmi səfər etmişdir.[1] Bosniya və Herseqovinanın rəyasət heyətinin sədri Jelko Komşiç 2019-cu ildə Naruhitonun taxta çıxma mərasimində iştirak etmişdir.[3]

Boşnak müğənni Yadranka Stoyanoviç Yaponiya incəsənətinə, xüsusilə, haykuukiyo-eyə maraq göstərmiş, 1988–2011-ci illərdə Yaponiyada fəaliyyət göstərmişdir. O, Yaponiya filmləri və teleserialları üçün bir sıra mahnılar ifa etmişdir. Stoyanoviç 2016-cı ildə Banya Luka şəhərində ölmüşdür. Yaponiyanın "B-come" musiqi qrupu 2016-cı ildə Sarayevo və Banya Luka şəhərlərində onun xatirəsinə konsertlər vermişdir.[1]

2016-cı ildə Yaponiya ilə Bosniya və Herseqovina arasındakı münasibətlərin 20 illiyi qeyd olunmuş, bu münasibətlə Bosniya və Herseqovinada şamisen, Ryukyu musiqisi kimi mədəniyyət tədbirləri keçirilmişdir.[4]

Bosniya futbol məşqçisi İvitsa Osim 2006–2007-ci illərdə Yaponiya milli futbol komandasının baş məşqçisi olmuşdur. Yaponiya futboluna verdiyi töhfələrə görə 2016-cı ildə "Doğan günəş" ordeni ilə təltif olunmuşdur. Onun sitatları və sözləri Yaponiyada xeyli populyar olmuş, "Osimin sözləri" adı ilə nəşr olunaraq 400.000-dən çox nüsxə satmışdır.[5] Digər boşnak futbol məşqçisi Vahid Halilhociç də 2015–2018-ci illərdə Yaponiya millisinin baş məşqçisi olmuşdur.[1]

2000-ci ilin martında Derventa şəhərində yerləşən bir liseydə yapon dili tədris olunmağa başlamışdır. 2007-ci ildə liseydə yapon dilinin tədrisi dayandırılsa da, 2019-cu ildə dərslər bərpa olunmuşdur. 2013-cü ilin oktyabrında Sarayevo Universitetində yapon dilinin tədrisi başlanmışdır. Hazırda Sarayevo Universiteti Bosniya və Herseqovinada yapon dilinin tədris olunduğu yeganə ali təhsil müəssisəsidir. Sarayevoa Universiteti 2015-ci ildə Sakura şəbəkəsinin üzvü olmuşdur. 2014–2017-ci illərdə Banya Lukada yerləşən bir liseydə yapon dili tədris olunmuşdur.[6]

2018-ci ilin məlumatına əsasən Bosniya və Herseqovinanın təhsil müəssisələrində 65 nəfər yapon dilini öyrənir.[6]

  1. 1 2 3 4 "Friendly Ties between Japan and Bosnia & Herzegovina" (PDF). Yaponiyanın Bosniya və Herseqovinadakı səfirliyi (ingiliscə). 22 July 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 may 2024.
  2. "Japan-Bosnia and Herzegovina Relations (Basic Data)". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). 10 iyun 2020. 3 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.
  3. "BiH Presidency Chairman Željko Komšić travels to Japan". Bosniya və Herseqovina prezidenti (ingiliscə). 21 oktyabr 2019.[ölü keçid]
  4. "Japan will always stand by Bosnia and Herzegovina" (PDF). Yaponiyanın Bosniya və Herseqovinadakı səfirliyi (ingiliscə). 2016. 3 May 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 may 2024.
  5. "Ivica Osim obituary". The Guardian (ingiliscə). 4 may 2022. İstifadə tarixi: 3 may 2024.
  6. 1 2 "ボスニア・ヘルツェゴビナ(2020年度)". Japan Foundation (yaponca). 2020. 3 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]