Sloveniya–Yaponiya münasibətləri

Sloveniya–Yaponiya münasibətləri (sloven. Odnosi med Japonsko in Slovenijo; yap. 日本とスロベニアの関係) – Sloveniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Sloveniyanın Tokioda, Yaponiyanın Lyublyanada səfirliyi yerləşir.

Sloveniya–Yaponiya münasibətləri
Slovenia və Yaponiya
 Sloveniya  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sloveniyanın Tokiodakı səfirliyi.

Yaponiya Sloveniyanın müstəqilliyini 17 mart 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 oktyabr 1992-ci ildə qurulmuşdur.[1] 2006-cı ildə Yaponiyanın Sloveniyadakı səfirliyi açılmışdır.[2]

2000-ci ildə Yaponiya şahzadəsi Sayako Sloveniyaya səfər etmiş və Sloveniya prezidenti Milan Kuçan ilə görüşmüşdür.[3] 2013-cü ildə Borut Pahor Yaponiyaya səfər etmiş ilk Sloveniya prezidenti olmuşdur. O, Yaponiya imperatoru Akihito və baş nazir Şinzo Abe ilə görüşmüşdür.[4] Pahor 2019-cu ildə növbəti dəfə Yaponiyaya səfər edərək Naruhitonun taxta çıxma mərasimində iştirak etmiş və Şinzo Abe ilə görüşmüşdür.[5] Sloveniya baş nazirlərindən Yanez Yanşa 2008-ci ildə, Miro Tserar 2016-cı ildə Yaponiyada rəsmi səfərdə olmuşdur.[6]

Yaponiya baş naziri Şinzo Abe və Sloveniya prezidenti Borut Pahorun görüşü (2019).

Sloveniyada bir sıra muzey və təşkilatlar yapon mədəniyyətinin təbliği ilə məşğul olur. 2013-cü ildə yaradılmış "Genki" təşkilatı Sloveniyadakı bu cür yapon dili və mədəniyyəti mərkəzlərindən biridir. Bu təşkilat tərəfindən hər il keçirilən "Yaponiya günü" tədbirinə minlərlə ziyarətçi qatılır. Sloveniya Milli Muzeyinin kolleksiyasına bir neçə yapon silahı və zirehi daxildir. Muzey 2017-ci ildə samuraylara həsr olunmuş sərgiyə ev sahibliyi etmişdir. Piran şəhərində yerləşən Sergey Maşera Dənizçilik Muzeyində XIX əsrin ikinci yarısında Avstriya-Macarıstan donanması ilə Yaponiyaya səfər etmiş sloven dənizçilərin özləri ilə gətirdikləri yapon əşyaları saxlanılır.[2]

2006-cı ildə Sloveniyada ilk çado qrupunun əsası qoyulmuşdur. 2016-cı ildə Sloveniya Etnoqrafiya Muzeyində Sloveniya Urasenke Tankokay Çado Assosiasiyası yaradılmışdır. Bu, Urasenke çay mərasimi məktəbinin Yaponiyadan kənarda olan 110-cu rəsmi nümayəndəsidir. 1985-ci ildən Yaponiyada yaşayan sloven fotoqraf Qorazd Vilhar yapon mədəniyyəti haqqında bir sıra əsərlər yazmış və sərgilər keçirmişdir.[2]

2001-ci ildə Sloveniyanın Sloven-Qradeç şəhəri ilə Yaponiyanın Myoko şəhəri qardaşlaşmışdır. İki şəhər arasında mütəmadi olaraq təhsil mübadilələri baş verir.[7]

1980-ci illərdə Sloveniya Şərqşünaslıq Cəmiyyətinin üzvləri yapon dili dərslərinin təşkili ilə məşğul olmuşdurlar.[8] 1995-ci ildə Lyublyana Universitetinin incəsənət fakültəsində yaponşünas Andrey Bekeş tərəfindən asiyaşünaslıq kafedrası yaradılmışdır. Burada çinkoreya dilləri ilə yanaşı yapon dili də tədris olunur.[2] 2008-ci ilin noyabrında Maribor Universitetində yapon dilinin tədrisi başlasa da, dəsrlər maliyyə problemlərinə görə dayandırılmışdır.[8]

2009-cu ildən etibarən Sloveniyada yapon dili natiqliq müsabiqəsi keçirilir. 2014-cü ildə Lyublyanada Avropa Yaponşünaslıq Assosiasiyasının konqresi keçirilmişdir. 2015-ci ildə Sloveniya Yaponşünaslıq Mərkəzi, 2016-cı ildə Sloveniya Yapon Dili Təhsili Assosiasiyası yaradılmışdır. 2017-ci ildə Sloveniyada ilk JLPT imtahanı baş tutmuşdur.[8]

  1. Đogić, Mojca Pristavec. "Priznanja samostojne Slovenije" (PDF) (slovencə). sentyabr 2016. 26 April 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 may 2024.
  2. 1 2 3 4 Hrvatin, Klara. "Japonska med nami" (slovencə). Lyublyana Universitetinin İncəsənət fakültəsi. 5 may 2017. 10 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2024.
  3. "Japan Princess Sayako to Visit Slovenia". STA (ingiliscə). 28 sentyabr 2000. 10 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2024.
  4. "The President of the Republic of Slovenia, Borut Pahor, meets the Japanese Prime Minister, Shinzo Abe on the first day of his visit to Japan". Sloveniya prezidentinin saytı (ingiliscə). 6 mart 2024. 10 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2024.
  5. "Meeting between Prime Minister Abe and President Pahor of Slovenia". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). 23 oktyabr 2019. 10 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2024.
  6. "Japan-Slovenia Relations (Basic Data)". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). 25 yanvar 2019. 10 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2024.
  7. "妙高市の高校生 姉妹都市スロベニアに出発". Myoko şəhərinin saytı (yaponca). 18 oktyabr 2018. 10 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2024.
  8. 1 2 3 "スロベニア(2020年度)". Japan Foundation (yaponca). 10 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]