Borçalı — Gürcüstan tarixi-coğrafi hissəsi, Debedi dərəsi daxildir. Adı 17-ci əsrdə məskunlaşan türkmən tayfası Qarapapaq'ların gəlməsi ilə şəkillənib.
1213–cü ildən başlamaqla 16 il müddətində şərq ölkələrinə səyahət etmiş, 1213–1220–ci illərdə həm də Təbriz, Marağa, Urmiya, Əhər, Mərənd, Vəravi, Xoy, Sərab, Ərdəbil, Uşnu və Miyana kimi Azərbaycan şəhərlərini gəzmiş Yaqut əl-Həməvi 1224–1228–ci illərdə qələmə aldığı Mucəm əl-buldan adlı coğrafi lüğətində yazır:
(برشلیّه) Bərşəliyyə — Arranda yer adıdır, Persiya hökmdarlarının səlnamələrində adı çəkilir.[1][2][3][K 1] |
1744-cü ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxetiya krallığının tabeçiliyinə verilmişdir. Fərman Gəncə bəylərbəyinin Nadir xan Əfşarın Muğanda şah elan olunmasına qarşı çıxması ilə izah olunur. Sonralar isə 1783-cü ildə Çar Rusiyası ilə Gürcüstan arasında bağlanmış Georgiyevsk traktatı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır.
1880-1929-cu illərdə Tiflis quberniyasının ərazisində təşkil edilmişdir. Ərazisi 1880-ci ilin məlumatına görə 5940 kv. km., 1905-ci ildə 6870 kv. km. təşkil etmiş, 1917-1921-ci illərdə 4360 kv. km.-ə, 1922-1929-cu illərdə (qəza məhz 1929-cu ildə rayonlara bölünmüşdür) isə 2665 kv. km.-ə qədər azaldılmışdır. Mahalın ümumi sərhəd xəttinin uzunluğu 485 km. olmuşdur. 1897-ci ildə aparılmış siyahıyaalmaya əsasən Borçalı qəzasının 128.587 nəfər əhalisi olmuşdur.[5]
Çar Rusiyası tərəfindən ermənilər Borçalı ərazisinə bir neçə mərhələdə köçürülmüşdür. Dağ Borçalısına -Loruya və Cəlaloğluna (indiki Stepanavan) ermənilər keçmiş İrəvan xanlığının ayrı – ayrı əyalətlərindən, Barmaqsıza (indiki Salka) Ərzurumdan, Anaxatır çayı sahillərinə isə Qarabağdan gəlmişdilər. 1873 – cü ildə Cəlaloğlunda yerləşdirilmiş erməni ailələlərinin sayı 107-a (877 nəfər), 1887-ci ildə isə 232 ailəyə (1630 nəfər) çatmışdı. Barmaqsızın Sabit axça kəndinə köçürülən 25 kürd ailəsi 1885-ci ildə buranın iqlim şəraitinə uyğunlaşmayaraq Qarsa köçüb getmişdilər.[6]
Gürcüstanda rayon inzibati bölgüsünə keçildikdən sonra azərbaycan mənşəli toponimlərin gürcüləşdirilməsinə başlanmışdır. 1940-50-ci illərdə ilk olaraq rayon mərkəzlərinin adları dəyişdirilmişdir. 1989-92-ci illərdə isə əsasən Bolnisi rayonunu əhatə edən kənd, dağ və çay adları gürcüləşdirilmişdir [7]. Toponimlərin bərpa olunması ilə bağlı çoxsaylı ictimai çağırışlara baxmayaraq problem həll olunmamış qalır.[8][9]
27 iyun 2005-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasısındakı deputatı R.Hüseynov Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti və sosial problemləri barədə sənəd yaymış və burada Azərbaycan mənşəli toponimlərin bərpası zərurəti də vurğulanmışdır. Sənəd Assambleyada müzakirəyə çıxarılmamış və tövsiyə sənədi olaraq 11 deputat tərəfindən imzalanmışdır [10].
Qədim Borçalı diyarı Aran Borçalı və Dağ Borçalı olmaqla 2 hissədən ibarət olmuşdur. Aran Borçalı Gürcüstanın Azərbaycan və Ermənistanla sərhədyanı bölgəsini əhatə edir. Şimaldan Cocer dağları (Trialeti silsiləsi), cənubdan Ermənistan, qərbdən Qaraxaç yaylası (Cavaxet silsiləsi), şərqdən Azərbaycan Respublikası və İori yaylası ilə hüdudlanır. Ermənistan SSR yaradılanadək Borçalı cənubdan Ermənistanın hazırda Lori və Tavuş adladırılan vilayətlərinin şimal hissəsini də ehtiva etmişdir (Dağ Borçalı). Sovetlər Birliyi dövründə aparılmış mərhələli etnik təmizləmədən sonra azərbaycanlı faktorunun tam aradan qalxması ilə əlaqədar olaraq Dağ Borçalı bir toponim olaraq yaddaşlardan silinmişdir. Hazırda Borçalı dedikdə, hafizələrdə daha çox Aran Borçalı canlanır.
Borçalının ərazisi Xram və Kür çaylarının aşağı axarlarında dəniz səviyyəsindən təqribən 280 metrdən başlayaraq Qaraxaç yaylaqlarında hündürlüyü 3196 metrə çatan Ağçala dağınadək olduqca müxtəlif relyefə malikdir. İqlimi mülayim kontinentaldır.
Sahəsi 6,528 min km2 (Gürcüstan ərazisinin 9,4%-i) təşkil edən Borçalı mahalı inzibati nöqteyi-nəzərindən hazırda Rustavi (Bostandərə) şəhəri də daxil olmaqla, 6 rayonu – Qardabani (Qaratəpə), Marneuli (Sarvan), Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid), Tetriskaro (Ağbulaq) və Salka (Barmaqsız) rayonlarını ehtiva edir. Bölgədə 7 şəhər (Rustavi – 114331 nəfər, Marneuli – 19897 nəfər, Qardabani – 11786 nəfər, Bolnisi – 9938 nəfər, Dmanisi – 3426 nəfər, Tetriskaro – 4007 nəfər, Salka – 1741 nəfər), 8 qəsəbə (Kazret – 7268 nəfər, Tamaris – 434 nəfər, Böyük Lilo – 2132 nəfər, Kocor – 1358 nəfər, Mənglis – 2679 nəfər, Şaumyan – 3629 nəfər, Bedian – 218 nəfər, Trialet – 326 nəfər) və 348 kənd mövcuddur (ətraflı olaraq bax: Borçalı kəndləri)
Gürcüstan Statistika Departamentinin məlumatlarına görə 2006-cı ildə Borçalı bölgəsinin əhalisi 507,6 min nəfər və ya Gürcüstanın cəmi əhalisinin 11,5%-ni təşkil etmişdir. Əhalinin 37,2%-i şəhərlərdə, 62,8%-i isə kəndlərdə yaşayır. İntensiv təbii artımla və Gürcüstanın müxtəlif bölgələrindən əhalinin buraya yerləşdirilməsi ilə əlaqədar olaraq 2005-ci il ərzində əhalinin sayı 2,6% artmışdır.
2002-ci ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə görə əhalinin etnik tərkibində azərbaycanlılar üstünlük (cəmi əhali üzrə 45,1%, kənd əhalisi üzrə 62,5%) təşkil edir. İkinci ən çoxsaylı milli toplum gürcülər (cəmi əhali üzrə 44%, kənd əhalisi üzrə 28,4%), üçüncü isə ermənilərdir. Regionda ailələrin sayı 133215-ə, hər ailəyə düşən insanların sayı isə 3,7 nəfərə bərabər olmuşdur.
Sovetlər Birliyi dağıldıqdan sonra Borçalının iqtisadiyyatı dərin tənəzzül keçirmiş, sənaye müəssisələrin əksəriyyəti fəaliyyətini məhdudlaşdırmışdır. Bununla belə Gürcüstanın digər bölgələri ilə müqayisədə Rustavi sənaye şəhəri hesabına burada vəziyyət bir qədər qənaətbəxş olaraq qalmaqdadır. Gürcüstanda istehsal edilmiş sənaye məhsulunun 2005-ci ildə 18,5%-i, 2001-2005-ci illərdə isə orta hesabla 20,1%-i bu bölgənin payına düşmüşdür. Borçalıda orta aylıq əmək haqqı 183 lari (105 dollar) təşkil etməklə, orta Gürcüstan səviyyəsindən 14% çox olmuşdur.
Borçalı eyni zamanda mühüm kənd təsərrüfatı bölgəsi kimi seçilir. 2011-cı ildə Gürcüstanda yığılmış birillik ot bitkilərinin 96%-i, çoxillik ot bitkilərinin 76%-i, tərəvəz məhsullarının 14.7%-i, bostan bitkilərinin 17%-i, kartofun 21%-i, taxılın 17.8%-i, paxlalı bitkilərin 14.6%-i, qarğıdalının 12%-i Borçalı bölgəsinin payına düşmüşdür. Bölgədə 167.3 min baş iribuynuzlu heyvan, 123.2 min xırdabuynuzlu heyvan, 1.74 mln. ədəd ev quşu, 21.5 min arı pətəyi qeydə alınmış, onların Gürcüstan üzrə xüsusi çəkiləri müvafiq olaraq 15.4%, 21.3%, 27.4% və 6.6% təşkil etmişdir.[11]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
(برشلیّه) Berschelyeh.
Localité de l'Erràn; il en est fait mention dans l'histoire des anciens rois de Perse.