Azərbaycanda İslam

Azərbaycanda islam — VII əsrdə Azərbaycan (Qafqaz AlbaniyasıAtropatena ərazisi) ərəblər tərəfindən fəth edildikdən sonra burada tədricən İslam dini yayılmağa başlamışdır.

İslamın yayılması

[redaktə | mənbəni redaktə et]

Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinin dediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər[1] və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634–644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə"[2],

lakin ərəb qoşunu, məğlub olub hər tərəfə qaçışan Sasani orduları üzərində asanlıqla qazandığı qələbələrdən və əldə etdiyi zəngin qənimətlərdən həvəsə gəlib daha şimala doğru irəliləməkdə davam edirdilər və xəlifələr adətən öz komandalarının bu "özbaşınalığına" fıkir vermirdilər, xüsusilə ona görə ki, qələbə ilə qurtaran hər bir vuruşma xəlifənin xəzinəsinə və qoşuna böyük gəlir gətirirdi. Ərəblər yeni vilayət və ölkələri tutanda əvvəllər həmin yerləri öz idarə anlayışları əsasında idarə etməyə başladılar. Bu idarə üsulu həmin ölkələrdə yalnız mümkün olduğu qədər çox vergi və natural mükəlləfıyyətlər əldə etməkdən, habelə başqa dinə mənsub olub itaət altına alınanlar arasında islam dinini yaymaqdan ibarət idi. Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər tərəfindən istila edilməzdən əvvəl, daimi Bizans-Sasani müharibələri, xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur, ölkələrin istehsal qüvvələrini tükəndirirdi. Buna görə əhali ərəb istilaçılarının Azərbaycana gəlməsini illər boyu davam edən zülm və əzablardan xilas olmaq kimi hesab edirdi. Ərəblərin dövründə (hər halda Əməvilər hakimiyyəti başlayanadək) kəndlilər əvvəlkinə nisbətən, bir qədər yaxşı yaşamağa başlamışdılar, çünki ərəblər yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə onlara sərbəstlik verirdilər. N. V. Piqulevskayanın qeyd etdiyinə görə, "Ərəblərin müxtəlif vilayətləri işğal etdikdən sonrakı ilk onilliklərdə ağır vergi yükü şübhəsiz azaldılmışdı, habelə dini əqidəyə görə təqiblər dayandırılmışdı".[3]

Əksəriyyəti köçəri olan istilaçı ərəblərin özləri hələ yeni olan dini (islamı) lazımınca mənimsəmədiklərinə görə, əvvəllər Azərbaycan əhalisini islamı qəbul etməyə məcbur etmirdilər[4] , əlbəttə, yeni dini qəbul etmək istəyənlərə mane olmurdular. Bu xüsusilə Arrana aid idi, çünki onun əhalisi xristian, "Kitab əhli" ("əhl əl-Kitab") idi[5].

Ölkənin cənub hissəsinə gəldikdə isə, burada islam dini İranın dövlət dinini (zərdüştiliyi) sıxışdırmışdı, Ancaq atəşpərəstlər və məcuslar (çoxallahlılar) təqib olunurdular, çünki onlar "Kitab əhli" deyildilər.

Azərbaycan dehqan-feodalları əvvəllər öz ata-babalarının dinini müdafiə etməyə cəhd etmiş olsalar da, çox keçmədən yəqin etdilər ki, öz əvvəlki imtiyazlarını saxlamaq üçün onlara ancaq ölkədə hakimiyyəti ələ keçirmiş ərəblərlə əməkdaşlıq etmək qalır. Buna görə də Azərbaycanın feodal aristokratiyasının (kəndli kütlələri hələ bir yana dursun) islam dinini qəbul etməsi prosesi çox tez başa çatdı, belə ki, cəmi yüz il ərzində, Abbasilərin hakimiyyət başına keçməsi ilə islam dini zərdüştiliyi tamamilə sıxışdırdı.

Azərbaycanda yalnız ərəb qoşunları və hakimiyyət idarələrinin əl çatdıra bilmədiyi dağ rayonlarının əhalisi qədim dinə inanmaqda davam edirdi, çünki İbn Xəldunun sərrast söylədiyi fıkrinə görə, ərəblər "dağlıq yerlərə deyil, düzənlik yerlərə basqın etməyə meyil göstərirlər, ona görə ki, bu xalq öz vəhşiliyindən qarəti, soyğunçuluğu və viran etməyi sevir, dağ yerlərində isə bu məqsədə nail olmaq asan deyildir".[6]

Lakin qeyd edilməlidir ki, ərəblərin Azərbaycanda "Kitab-əhli" ilə mülayim rəftar etmələrinin səbəbi bir də odur ki, onlar Bizans imperiyasına qarşı mübarizədə hərbi əməliyyat meydanı olan Zaqafqaziya vilayətlərinin strateji əhəmiyyətini yaxşı başa düşürdülər. Buna görə də işğalçı ərəblərin Zaqafqaziya əhalisi ilə, nə səbəbə belə "dostcasına iltifatla" rəftar etdiklərini başa düşmək olar.

Şimali Azərbaycanda da islam dini əvvəlki xristian dinini sıxışdırıb aradan qaldırmağa başlamışdı, lakin Cənubi Azərbaycana nisbətən müsəlmanlaşdırma prosesi burada uzun sürdü. Arranda islam dini birinci növbədə o qədər də müqavimət göstərmədən ərəblərə tabe olan yerli zadəganlar tərəfindən qəbul olunurdu[7], çünki knyazlar öz aralarındakı şəxsi ixtilafları həll etmək üçün işğalçıları köməyə çağırırdılar. Bundan əlavə, Arran zadəganlarının islam dinini qəbul etməsi maddi mənfəətdən və əsasən bundan irəli gəlirdi ki, ərəblər zadəganların torpaq mülkiyyətinə sahiblik hüququnu olduğu kimi saxlayır və onları cizyə verməkdən azad edirdilər; məlum olduğu kimi, cizyə aşağıdakı prinsipə görə alınırdı: dövlətlinin dövlətindən, varlının varından, yoxsulun yoxsul güzəranından. V. V. Bartold qeyd etmişdir ki, "xristianlıqdan fərqli olaraq, islam dini fərdi missionerlərdən istifadə etmirdi və yalnız istila yolu ilə yayılırdı; müsəlman torpaqlarının sərhədləri ilə islamın yayılan sərhədləri bir-birinə uyğıın gəlirdi", həm də "islam dini zorakılıqla yayılmırdı və nə xristianlar, nə də zərdüştilər təqib olunmurdular".[8]

İslam dininin qəbul edilməsi məsələsində yalnız Əməvilərdən sonrakı Xilafət dövründə kəskin dönüş əmələ gəlmişdi[9]. Vaxtilə V. R. Rozen bu cəhətə diqqəti cəlb etmişdi; o, X əsrin əvvəllərindəki ərəb münəccimi ibn Əbu Tahirin (Tayfurun) aşağıdakı sözlərini sübut gətirir: "…bu vəziyyətdə (göstərilən övzəyi kəvakibdə) hakimiyyət Əməvilərdən Abbasilərə keçdi, dehqanların da sehrbaz maqlara etiqadı ölüb getdi və onlar Əbu Müslimin dövründə islam dinini qəbul etdilər; bu [etiqad] dəyişikliyi [yeni] dinin başlanğıcına oxşayırdı [yəni bu dəyişiklik öz əhəmiyyətinə, öz mənasına görə, yeni dinin əsası qoyularkən əmələ gələn dəyişikliyə bənzədilə bilər]".[10]

Əməvilər Xilafətdə vahid hakimiyyət və vahid dil bərqərar edib, Xilafətin təbəələri arasında islam dinini yaymaqla yalnız sonralar onların xələfləri Abbasilərin istifadə etdikləri maddi şəraiti yaratmışdılar[11]. Arran əhalisi haqqında hətta bunu da demək olmaz, çünki "Kitab əhli" olan Arran əhalisini onlar üçün yeni olan bir dini qəbul etməyə heç də məcbur etmirdilər, əksinə, xristianların özləri islam dinini çox müvəffəqiyyətlə qəbul edirdilər[12]. Xəlifələr ərəblərdən "təqaüd alan və divanın hesabında olan şəxsləri" Azərbaycan torpaqlarında yerləşdirir və onlara əmr edirdilər ki, "əhalini islama dəvət etsinlər".[13] Bütün islam tədqiqatçıları qeyd edirdilər ki, ərəblərin itaət altına aldıqları ölkələrin xalqları yeni dini kütləvi şəkildə qəbul edirdilər, çünki V. Rozenin dediyinə görə "ərəblər öz sadəliyi və bəsitliyi ilə əzəmətli, yeni bir din gətirmişdilər və dini təqib və didişmələrin təzyiqi altında haldan düşüb əzilən kütlələrin zövqünə bu yeni din xüsusən ona görə uyğun gəlmişdi ki, demək olar, hər yerdə yadellilərin ağır iqtisadi zülmündən kütlələri azad edən xilaskar kimi göstərirdi".[14] Buna görə aydındır ki, ərəblərin itaət altına aldıqları xalqların ərəb istilaçılarının zülmündən şikayət etməyə heç bir ciddi əsası yox idi. Başqa dindən olanlar öz əvvəlki dinlərini dəyişdirməyə bilərdilər, lakin bu halda onlar xəracdan başqa cizyə də verməli idilər. Yalnız vergilər vaxtında və düzgün ödənməyəndə və əvvəlki dini etiqadı müdafıə etmək bəhanəsi siyasi və milli istəkləri örtüb gizlədən bir pərdə rolunu oynayanda, yəni iş böyüyüb ərəb hakim dairələrinə qarşı açıq üsyan şəklini alanda ərəblər cəza tədbirlərinə əl atırdılar.

Əlbəttə, xəlifə I Ömərin zimmilər (başqa dindən olanlar) haqqında təhqiredici qərarları, yəni onların öz əvvəlki dini etiqadlarında qala biləcəklərini, lakin aşağı silkə mənsub olub cizyə verdiklərinin əlaməti olaraq boyunlarına qurğuşundan nişan taxdıqlarını yadda saxlamalı olduqlarını göstərən bu qərarlar bildirirdi ki, Allah elçisinin qanunları yalnız çoxallahlılara və atəşpərəstlərə qarşı çıxır. A. J. Krımski düzgün olaraq qeyd etmişdir ki, "xristianlıqda hər bidəti amansızlıqla təqib edən qonşu xristian Bizansa nisbətən, islam dini qanunu, hətta Ömərin nəzəriyyəsində kifayət qədər liberal qanun idi"[15] , tədqiqatşılar isə hətta xəlifə Ömər ibn Xəttabı Məhəmmədin özündən daha ardıcıl müsəlman kimi qiymətləndirirlər.[16][17]

Ərəb istilasından sonra zərdüşt ruhaniləri ölkədə öz hakim mövqelərini itirmiş olsalar da, yerli əhali üzərində öz təsirlərini itirməmişdilər Karaka.[18]. Bu cəhət, xüsusilə, Azərbaycanın və İranın digər əyalətləri, dağ rayonlarının (Deyləm, Gilan, Təbəristan) əhalisinə aiddir, zira bu yerlərdə hakim vəziyyətdə olan din ərəblərə qarşı üsyanlar zamanı əhalini birləşdirirdi. Azərbaycanın dağ rayonlarının əhalisi, digər rayonlardan ayrılmış vəziyyətdə olduğuna görə, uzun zaman müstəqil siyasi həyat keçirməkdə davam edirdi. Ərəblər Azərbaycanda özlərine tabe etdikləri əhalinin mədəni səviyyəsindən aşağıda olaraq, Azərbaycana islam dini və öz dillərindən başqa heç bir şey gətirmədilər. Bundan əlavə, ərəblər özlərindən əvvəl bu ölkələrdə mövcud olan qayda və ənənələri öz ehtiyaclarına uyğunlaşdırmağa başladılar, xüsusilə ona görə ki, ərəblərdən əvvəlki dövlət mexanizmi "yaxşı qurulmuşdur"[19]. Sasanilər imperiyasının və Bizansın siyasi mexanizmləri Ərəb xilafətinin təzyiqinə tab gətirmədilər, çünki bu mexanizmlər çoxdan "içəridən pozulmuşdu"V. Rozen. Рецензия на "Alberuni's İndia", səh. 153., lakin həm İranın, həm də Bizansın mənəvi qüvvələri kütlələr içərisində yaşamaqda davam edirdi və Xilafət əleyhinə çoxlu üsyanlar şəklində özünü büruzə verirdi.

VIII əsrin əvvəllərinə doğru, islam dini Azərbaycanda hakim bir din olur. Azərbaycanda islam dinini yuxarı silk adamları birinci növbədə və tamamilə danışıqsız qəbul etdilər, çünki belə hərəkət etməklə öz imtiyazlı mövqelərini itirmədilər[20] .

Yeni din tacir və sənətkarlar arasında müvəffəqiyyət qazanırdı, çünki ərəb hakim dairələri tacir sinfinə və sənətkarlara böyük güzəştə gedir, asanlıq yaradır və beləliklə, onların fəaliyyətini genişləndirirdilər. Kəndlilər isə islam dinini qəbul etməklə birinci növbədə çalışırdılar ki, çox ağır can vergisindən xilas olsunlar[21], çünki Xilafətdə bu vergi, Sasanilər və ya Bizans xəzinəsinə verilən töycülərdən yüngül və az olsa da, ağır idi. Bundan başqa, kəndli islam dinini qəbul etdikdə, xəlifə I Ömərin qanununa görə, müəyyən müddət xəzinədən hətta illik pul mükafatı alırdı.[22]

Şəhərlərdə islam dini nisbətən sürətlə yayılırdısa, Azərbaycanın kənd yerlərində yeni dinin qəbul edilməsi, bəzən ərəblər əleyhinə geniş üsyanlarla qarşılanırdı; çünki ərəblər kənd yerlərində öz dinlərinin yayılmasını ölkədə mövcud olan istismar (ərəblərə Sasanilərdən keçən istismar) sistemi ilə sıx əlaqələndirirdilər. İslam dini bütün bütpərəstlik və çoxilahlıq formalarına qarşı şiddətlə mübarizə edib canlı vücudların şəklini çəkib onlara sitayiş etməyi qəti qadağan edirdi. Z. Bünyadov qeyd edir ki, elmdə belə bir yanlış iddia yayılmışdır ki, guya islam dini əmələ gəldiyi gündən insanın və canlı vücudların təsvir edilməsinə düşməncəsinə münasibət bəsləyirmiş[9][23], lakin şoxdan müəyyən edilmişdir ki, VIII əsrin ortalarına qədər ərəblər arasında insanı və canlı vücudları təsvir etməyin yolverilməz olduğu haqqında heç bir təsəvvür yox idi.[24]

İslam dininin yayılması ilə Azərbaycan və Arranda təsviri incəsənətin tətbiq dairəsi daralır. Burada islamdan əvvəlki dövrün incəsənətində (xristian incəsənəti) böyük yer tutan dini naqqaşlıq və heykəltəraşlıq tamamilə yox olur, lakin müsəlman ilahiyyatçıları dini olmayan təsviri incəsənəti X əsrədək təqib etmirdilər. Qeyd etdiyimiz kimi, Arran əhalisinin islam dinini qəbul etməsi, Azərbaycandakı müsəlmanlaşdırma şəraitindən fərqli idi. İstilaçılardan asılı olmayan müxtəlif səbəblərə görə, Arran əhalisinin müsəlmanlaşdırılmayan hissəsinin taleyindən ayrıca danışacağıq. Bu, xüsusilə dağ rayonlarının əhalisinə aiddir.

Azərbaycanda Xristianlığın zəifləməsi

[redaktə | mənbəni redaktə et]

Digər xristian ölkələrində olduğu kimi, Arranda da yunan diofizit dini etiqadından kənara çıxan bir çox hallar var idi və bunlar qriqoryan təriqətinə düşmən, müxtəlif bidət cərəyanları şəklində təzahür edir və amansızlıqla təqib olunurdu. Ortodoks "kilsə knyazlarının" üstünlüyü və təzyiqi yerli Alban ruhanilərini hiddətləndirir və onların qəzəbinə səbəb olurdu, lakin Alban kilsəsini təqib etməkdə və onun müstəqil olmaq hüququnu məhdudlaşdırmaqda erməni qriqoryan kilsəsi xüsusi rol oynamışdır. Erməni katolikosluğu həmişə özünün ilkinliyini və Alban kilsəsindən üstün olduğunu iddia edirdi. Alban "bidətçilərinin" "başına ağıl qoymaq" üçün öz əleyhdarını təhqir etməkdə heç bir vasitədən çəkinmirdi. Erməni və Alban ruhaniləri arasında əsrlər boyu mübarizə olmuşdur. Alban kilsəsi b.e. 74-cü ilindən mövcuddur[25].

Erməni katolikosları Alban kilsəsini öz nüfuzuna tabe etmək üçün əvvəlcə Sasanilərin, sonra isə Ərəb xilafətinin silahlı qüvvələrinin köməyinə əl atırdılar. Nəhayət, Alban kilsəsi erməni katolikosunun xahişi əsasında 1836-cı ildə Peterburq Müqəddəs Sinodunun qərarı ilə ləğv edildi və daha yaşamadı[26].

Bir çox tədqiqatçılar arasında belə bir fıkir vardır ki, "Alban xalqı heç bir zaman ayrıca dini kilsədə təşəkkül tapmamış və onun dili dua icra edilən dil olmamışdır" (yəni Alban dilində kilsə ayinləri icra olunmurdu).[27] Lakin Z. Bünyadov qeyd edir ki, "biz bu cür iddialarla razılaşa bilmərik, çünki əsrlər boyu erməni kilsəsinin Alban kilsəsinə qarşı mübarizəsi məhz bunun əksini sübut edir, hər dəfə Alban ruhaniləri öz kilsələrinin hər bir başqa kilsədən və xüsusilə erməni kilsəsindən asılı olmayıb müstəqil olduğunu müdafiə üçün hər dəfə öz səslərini ucaldanda, bu kimi hadisələr erməni katolikosluğunun heç xoşuna gəlmirdi, odur ki, erməni katolikosluğu hər vasitə ilə bu kimi təşəbbüslərin əleyhinə çıxırdı. Alban katolikosları Arran ilə qonşu olub ondan asılı olan knyazlıqların (məsələn, Sünik[28][29]) yepiskoplarını bu vəzifədə təsdiq etmək üçün öz əllərini onların başına qoyub dua etmək hüququna malik olduqlarına baxmayaraq, erməni katolikosları Alban katolikoslarının bu hüququna etinasız yanaşırdılar. Məsələn, Sebeos bildirir ki, hələ ermənilərin üsyanından və İran mərzbanı Surenin 577-ci ildə öldürülməsindən əvvəl,

"Sünik torpağının hakimi Vaqay üsyan edib ermənilərdən ayrıldı və İran şahı Xosrovdan xahiş etdi ki, Sünik torpağının arxivini (divanını) Dvindən Paytakaran (Beyləqan) şəhərinə köçürsün və onların şəhərini də Atrpatakan hüdudlarına daxil etsin ki, erməni adı onların üzərindən götürülsün. Bu əmr yerinə yetirildi".[30][31]

S. T. Yeremyan Albanerməni kilsələri arasındakı kilsə ixtilaflarından danışarkən bu nəticəyə gəlir ki, "VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı"[32] və bu zaman Arran vilayətlərindən Sünik, Artsak, Uti və başqaları erməniləşdirildi.[33]

Yuxarıda qeyd edildiyi kimi, Mitilenli Zaxarinin VI əsrə aid olan "Suriya xronikası"nda deyilir:

"Bu şimal tərəfdə (Zaqafqaziyada) özlərinin 24 yepiskopu olan beş dindar xalq vardır. Qurzan da Ermənistan torpağındadır, onların dili yunan dilinə oxşayır, onların İran şahına tabe olan xristian padşahı vardır. Arran torpağı da həmin Ermənistan torpağındadır, onların [öz] dili, dini və xaçpərəst xalqı vardır, onların da İran şahına tabe olan padşahı vardır".[34]

Qurzanın (İberiya, Gürcüstan) və Arranın VI əsrdə öz dilləri və öz padşahları olduğunu nəzərə alaraq qeyd etmək olar ki, nə Qurzan, nə Arran etnik və ya siyasi cəhətdən Ermənistanın bir hissəsi olmamışlar. Burada birlik sırf kilsə birliyi olmuş və 527-ci ildə Dvin şəhərində çağırılan Alban, İberiya və erməni kilsələrinin yığıncağında elan edilmişdi; lakin 607-ci ildə həmin Dvində bu kilsələr erməni kilsəsindən ayrılmışdır[35][36] Azərbaycan tarixi üçün isə bu cəhət daha çox əhəmiyyətlidir ki, Suriya xronikası müəllifi açıqca deyir ki, Arranın öz dili vardı və bu dil müəllifin xronikada adını çəkdiyi xalqlardan heç birinin dilinə əsla oxşamırdı. N. V. Piqulevskaya qeyd edir ki, "VI əsrdə güclü erməni təsirinə baxmayaraq, bu vilayət (Arran) hələ öz doğma ləhcəsini saxlamışdı".[37]

Biz yalnız bunu əlavə edək ki, "güclü erməni təsiri" xeyli dərəcədə onda ifadə olunurdu ki, ərəblərin basqını və Ərəb-Bizans, ondan əvvəl isə, İran-Bizans müharibələri zamanı Arrana külli miqdarda erməni köçmüşdü və bunlar yerli əhali ilə qarışaraq, qriqoryan kilsəsinin təlimi və ehkamlarını yaymaqda bu kilsəyə böyük yardım göstərirdilər. Buna baxmayaraq, təkcə VI əsrdə deyil, habelə IX–X əsrlərdə Bərdə ətrafında Arran dili qalmışdı. Orta əsrlərdəki ərəb müəllifləri və coğrafiyaşünasları (İstəxri, İbn Havqəl, Müqəddəsi və s.) bildirirlər ki, Arran əhalisi öz Arran dilində danışırdı. XIII əsrdə Gəncədə yaşamış alban tarixçisi Kirakos Gəncəli yazır ki, yalnız Alban "rəislərinin", yəni zadəganlarının əksəriyyəti erməni dilini bilirdi və bu dildə danışırdı.[38] Müasir tədqiqatçılar (A. Y. Krımski, V. F. Minorski, S. Nəfisi, Z. İ. Yampolski və s.) da bu fikrə şərikdirlər ki, IX–X əsrlərdə Bərdə şəhərinin ətrafında Arran dilində danışırdılar[39][40].

Beləliklə, Arranın öz dili olduğundan bəhs edən həm Suriya mənbəyi, həm də IX–X əsrlərdəki ərəb müəlliflərinin verdiyi məlumat belə bir həqiqəti təsdiq edir ki, Arran nə etnik, nə də siyasi cəhətdən Ermənistan və ya onun bir hissəsi olmamışdır, yalnız eyni adlı bir kilsəyə mənsubiyyət buna səbəb olmuşdur ki, suriyalılar Arran və Qurzanı Ermənistanın tərkibinə daxil etmiş və Ermənistan adlandırmışlar.

VIII əsrin əvvəllərində erməni katolikosu İlya, xəlifə Əbd ül-Malikə (685–705) xəbərçilik edib bildirmişdi ki, albanlar Xilafət əleyhinə Bizansla ittifaq bağlayırlar. Onda, Əbd ül-Malik ərəblərin hərbi siyasi qüdrətinə istinad edərək, Arran katolikoslarını İlyaya tabe etdi. Ermənistan, Arranİberiya torpaqlarının Suriya və ərəb mənbələrində "Arminiya" adlandırılması yalnız onların inzibati birliyini və Ermənistan katolikosluğunun iddialarına iltifatla yanaşan Xilafətdə erməni keşişlərinin yaxınlığını ifadə edirdi[41][42].

Alban kilsəsinin Bizansdan kömək umub ona arxalanması ərəblərin heç xoşuna gəlmirdi. Buna görə də ərəblər erməni katolikosluğunun xahişlərini böyük həvəslə qəbul edir və beləliklə, bir oxla "iki dovşan" vururdular, yəni Zaqafqaziyada Bizansın mənafeyini sarsıdır və qriqoryan keşişlərindən yardım görürdülər; bu keşişlər isə Arranda öz mənafelərini yeridirdilər. Erməni katolikosu İlya xəlifə Əbd ül-Malikə aşağıdakı məzmunda bir məktub yazır:

"Hökmdar Əbd ül-Malik Əmir əl-Mömininə erməni katolikosu İlyadan. Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin. İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar".[43]

Onsuz da bölgədə hərbi əməliyyata başlamaq üçün bəhanə axtaran xəlifə isə bu məktubdan sevinərək erməni katolikosuna aşağıdakı məzmunda bir məktubla cavab verir:

"Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir: Nersesi və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar".[43]

Hadisələrin daha sonrakı cərəyanını isə alban tarixçisi Moisey Kalankatlı öz əsərində bu cür təsvir edir:

Böyük erməni patriarxı Albaniya paytaxtı Partava gəlib böyük kilsədə oturdu və əmr etdi ki, Nersesi onun hüzuruna gətirsinlər, lakin Nerses gizlənmişdi və onu tapa bilmirdilər; onda böyük din xadimi, Alban knyazı Şeroy onun yaxın adamlarını tutub əmr etdi ki, Nersesi gətirsinlər; sonra onu böyük yığıncağın ortasında İlyanın qarşısına gətirdilər, lakin bu aciz adam cavab verə bilmədiyi üçün padşahın əmri ilə dəhşətli əzab çəkdi, həmin qadınla addım – addım gətirildi və onların sürgün edilməsi qərara alındı. Nerses buna dözə bilmədi, 8 gün heç bir şey yemədi və öldü. O vəsiyyət etdi ki, özünü ayağındakı zəncirlə basdırsınlar. Nerses Şeroya lənət yağdırdı, çünki hakimiyyət üstündə Şeroy və Sprama arasında başlayan çəkişmədə, o [Şeroy], Nerseslə Spramanın məhv olmasına səbəb oldu. Nerses pravoslav məzhəbinin patriarx taxtında 14 il oturdu və 3 il yarım günahkar qaldı (688–704-cü illər). Bütün bunlardan sonra dini yığıncaq həlim adam Simeonu seçdi və onu Albaniyanın katolikosu etdi. O, ölkədə Nersesin hərcmərcliyini dayandırdı və yolunu azmış kilsəyə çoxlu həqiqi etiqad qərarı verdi. O özünün Bərdəkür adlanan yay iqamətgahında əmr etdi ki, Nersesin bidət dolu bütün kitablarını sandıqlara doldurub Trtu [Tərtər] çayına atsınlar.[43]

Bu əhvalatı IX əsrin başqa (erməni) mənbəyi də təsdiq edir. "Böyük Yegiya öz hikmət və mərdliyi ilə ismaililərin amirapeti (xəlifəsi) Əbd-əl Malikə məktub yazıb ərz etdi ki, bizim ölkədə bir yepiskop və onun kimi bir qadın (I Varaz Trdatın arvadı Sprama) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan boyun qaçırıb, oxuduğumuz dualarda sizin adınızı çəkmək məsələsində bizimlə (erməni kilsəsi ilə) bir deyildirlər, əksinə, yunan padşahının adını çəkib ölkəmizi onlara vermək fıkrindədirlər. Əgər təcili surətdə onları aramızdan götürüb məhv etməsəniz, onlar vergi məsələsində və digər işlərdə tez bir zamanda böyük imarətə [Bizansa] tərəf keçərlər". Sonra amirapet bunu oxudu və boyük patriarxın elçisinə minnətdarlıqla hörmət etdi və xadimlərindən birini göndərib əmr etdi ki, dərhal həmin Nersesi böyük qadınla birlikdə onun yanına göndərsinlər. O gəldi, hər ikisini tutub zəncirlə bağladı, dəvələrə mindirib amirapetin yanına apardı.[44][45]

Az sonra xəlifənin nümayəndələri knyaz Şeroyu və Arranın bir çox knyaz və əyanlarını Suriyaya apardılar.[46]

Arran yarımmüstəqil vəziyyətini itirir və tamamilə ərəblərin hakimiyyəti altına keçir. Sonralar erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxışdırıb çıxarmış və ölkədə ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanları möhkəm qriqoryanlaşdırmağa başlamışdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli əhali arasında tədricən heçə çıxarmış və ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələrini dağıdıb Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv etmişlər. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə görülmüşdür.[47] Qriqoryan kilsə xadimləri Arran ədəbi abidələrini məhv edərkən, əvvəlcə bu abidələri qrabara çevirirdilər.[48]

Məsələn, Moisey Kalankatuklunun "Ağvan tarixi" əsəri ilə, albanların bir çox başqa ədəbi əsərləri kimi. T. Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri öz əvvəlki şəklində bizə gəlib çatmamışdır və onun üzünü köçürüb yazanlar erməni rahibi olduqlarına görə, əsərin üzünü köçürəndə erməni katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol vermişlər[49][50]. S. T. Yeremyan "Ağvan tarixi"nin bizə gəlib çatan məhz erməni variantlarına istinad edərək yaza bilmişdir ki, guya Moisey Kalankatuklu "öz Albaniya ölkəsinin tarixini" yalnız qədim ədəbi erməni dilində yaza bilərdi".[51]

T. Ter-Qriqoryan "Ağvan tarixi" əlyazmasına erməni kilsə xadimlərinin münasibətini göstərən maraqlı faktlar gətirir. Məsələn, Eçmiədzin katolikosu Simeon əlyazmasının kənarlarında bu sözləri yazmışdır: "Yalnız Albaniya tarixində [deyilir ki,] – buna bütün nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə rast gəlmək olar – guya Yegişedən sonra (b.e. 74-cü ili) Müqəddəs Qriqoriyədək (340) Albaniya patriarxı taxtında başqaları (albanlar) da oturmuşlar, lakin bu yalandır və bunlar sonradan əlavə edilmişdir". Başqa bir yerdə: "Bizim dırnaqla işarə etdiyimiz yerlər – yalandır və sonralar şöhrətpərəstlər tərəfindən öz xeyrinə əlavə edilmişdir, çünki digər tarixlərdə ("Ağvan tarixi" əlyazmalarında) bu əsla yoxdur. Belə güman olunur ki, bunu katolikos Ananiyadan sonra (945-ci il) Alban rahibləri etmişlər".[52]

Albaniya şairi Dəvdəkin əsərlərinin aqibəti də belə olmuşdur. S. T. Yeremyan onu "Alban-erməni işxanı Cuanşerin saray şairi" hesab edir[53]. Z. M. Bünyadov isə qeyd edir ki, , Davtakın qəsidələrini Albaniyanın deyil,[54][55] hesab etmək doğru deyildir.

Mxitar Qoşun "Qanunnamə"sinin taleyi də M. Kalankatuklunun "Ağvan tarixi"nin taleyinə bənzəyir. Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı "Datastanak", yəni "Qanunnamə"dir və onu müəllif təxminən 1184-cü ildə (erm. erasının 633-cü ilində) tərtib etmişdir[56][57] , lakin Qoşun bu əsərinin naşirləri nədənsə əlyazmasında olmayan "hayos" sözünü onun adına əlavə etmişlər və beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma ad: "Datastanagirk hayos", yəni "Erməni qanunnaməsi" adını uydurmuşlar.[58]

Məlum olduğu kimi, Qoş bu "Qanunnamə"ni "Alban sülalə kilsələrinin nəcib başçısı" Albaniya katolikosu III Stepannosun dəfələrlə etdiyi xahişinə görə yazmışdır. "Qanunnamə"yə heç bir sistem və rəhbər rabitə olmadan Şərqi Roma imperiyası qanunları ilə yanaşı Albaniya kilsə qanunları, "Musanın qanunları"[59] və xalq adətləri daxil edilmişdir ki, bu da "Qanunnamə"nin erməni hüququ sənədlərinə aid olmasını söyləmək imkanını sıfıra endirir.

Arran tarixinə dair bir çox digər orta əsr mənbələri kimi Qoşun "Qanunnamə"si və Kirakos Gəncəlinin "Tarix"i də qrabarca yazılmış Alban ədəbiyyatı abidələri hesab edilməlidir. Azərbaycanda Arran (Albaniya) tarixinin xristian dövrü tədqiqatçılarının mövcud olmaması buna imkan vermişdir ki, ortada dildən başqa heç bir əsas olmadığı halda, bütün bu ədəbiyyat nədənsə, erməni ədəbiyyatı hesab edilmişdir. Geniş yayılmış Alban ədəbi abidələrinin mövcud olduğu, Ermənistan dövlətinin Matenadaran kitab anbarında tapılmış əlyazmaları ilə təsdiq olunur.

Məsələn, A. D. Anasyan bu yaxınlarda belə bir əlyazması tapmışdır (siyahı № 101, səh, 386a-389a; siyahı № 2121, səh. 341b-343b); "Müqəddəs və ilahi mərhəmin tarixi haqqında"; bunu müqəddəs keşiş babalar Şərqdə (yəni Albaniyada) alban dilində tapmış və erməni dilinə tərcümə etmişlər".[60]

A. Q. Şanidze göstərir ki, VII–IX əsrlərdə albanlar Qafqazın bütün siyasi və mədəni həyat sahələrində gürcüermənilərlə bərabər fəal surətdə iştirak etmişlər[61]. S. T. Yeremyan belə bir sual verir: "Səbəb nədir ki, erməni və gürcü yazıları tətbiq olunduğu ilk günlərdən etibarən erməni və gürcü dillərində indiyədək mövcud olan zəngin ədəbiyyat meydana gəldiyi halda Alban yazısı və Alban dilində mətnlər heç izi-tozu qalmadan yox olmuşdur?".[62] Z. M. Bünyadov isə qeyd edir ki, bu sualın cavabını, nəticə etibarilə Alban kilsəsinin bütün hüquqlarını zorakılıqla qəsb etmiş qriqoryan katolikosluğunun albanlara zidd olan siyasətində axtarmaq lazımdır. Alban ədəbi abidələrinin yox olmasını heç də bununla əsaslandırmaq olmaz ki, "Alban dili daha dini ibadət dili deyildi" və yaxud "Alban kilsəsi dini cəhətdən erməni kilsəsinə mənsub idi".[63][64]

Ərəb istilasından sonra, qriqoryanlaşdırma prosesi albanların kəskin müqavimətinə rast gəldi, buna görə də bu çox uzun sürdü. XIII əsrdə Gəncədə yaşamış alban tarixçisi Kirakos Gəncəli yazır ki, "…erməni dilini yalnız Alban rəislərinin əksəriyyəti, yəni zadəganlar bilir və bu dildə danışırdı." Deməli, hətta XIII əsrdə Arran əhalisinin hamısı erməni dilini bilmir və öz ana dilində danışırdı[64]. Bunu S. T. Yeremyan da təsdiq edir və bu nəticəyə gəlir ki, "Alban ədəbiyyatı" yenə də yaşayırdı".[65]

Arranın dağlıq vilayət və rayonları olan Sünik , Artsak, Xaçın, Şəki, Girdiman əhalisi ilə indiki Gəncə, İsmayıllı, Qəbələ, Oğuz rayonlarının və Azərbaycan Respublikasının bir sıra digər rayonların əhalisi, həmçinin Ermənistan Respublikasında Sisian, Basarkeçər və digər rayonların bəzi kənd yerlərinin əhalisi indi erməni olsa da, bu əhalinin adət və ənənələri, qonşuluqda yaşayan və ata-babaları müxtəlif səbəblər üzündən müsəlman olan Azərbaycan türklərinin adət və ənənələrinin eynidir. Bu rayonların əhalisi məhz onlardır ki, "erməni dini kilsəsinə qoşulmuş və ermənilərlə qarışmışlar"[64][66][67]

İ. P. Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofızit katolikosu Yegi xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin, Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirən xalkedonçuluq (pravoslav, yunanpərəst, gürcüpərəst) hərəkatı ermənipərəst monofızitlər tərəfındən yatırılmışdır".[68]

N. Y. Marr da vaxtilə göstərmişdir ki, Albaniya ərəb xəlifələrinin köməyi ilə "Ermənistanın antixalkedon kilsəsinin əlinə keçmişdir".[69] Kalankatlı bu haqqda yazır:

Ruhanilərin başına əl qoyub onları keşişliyə keçirmək hüququ Alban katolikoslarından erməni katolikoslarına keçdi və bundan sonra Arranda xalkedonçuluğa rəğbət bəsləyənlər "qılıncla və əsarətdə məhv edilməli"[70] idi.

Aydın olur ki, islamın Azərbaycanda yayılmasından əvvəl, nə Artsak və nə də əhalisi erməniləşdirilmiş albanlardan, hazırda isə ermənilərdən ibarət olan digər vilayət və rayonlar "heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır. Erməni kilsəsi heç olmazsa Sünikdə Orbeli naxararları dövründə və ondan sonra göstərdiyi mədəni təsiri Arran xalqlarının erməniləşmiş nəsilləri arasında göstərə bilməmişdir."[71][72].

Beləliklə, erməni kilsəsi "Albaniyanın bütün kilsələrində sülh"ü yalnız yadelli işğalçıların köməyi ilə bərqərar etmişdi[73].

Erməni katolikosluğu və naxararlarının mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi həmişə yadelli işğalçıların köməyinə əl atır, "xaç bayrağı ilə öz yolu üzərində tarixi Aqvaniya və onun bir hissəsi olan Qarabağ (Artsak) xalqlarını" yox edirdi.[74][75]

N. Vartapetov qeyd etdiyi kimi, erməni kilsəsi "həmişə özü üçün yeni şəraitə bacarıqla uyğunlaşırdı və siyasi vəziyyətdən asılı olaraq, Səfəvilərə, sonra da rus çarına qulluq göstərirdi; necə ki, vaxtilə eynilə həmin qaydada hərəkət edib Bizans imperatorları, İranın Sasani şahları, ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş əymişdi".[76]

İslam orta əsrlərdə və müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.

Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Akademik Z. Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılır, çünki ərəblər bu siniflərə güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü qorunub saxlanılırdı.

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı (816–838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935–1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.

Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları — XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər.

Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı — XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi (vəfatı — 1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı — 1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı — 1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı — 1487) ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı — 1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı mərhələ Səfəvilərin (1501–1786) və XVI əsrdən etibarən Osmanlıların (1281–1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Cənubi Qafqaz müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu, lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N. Xanıkov "Müsəlman ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Cənubi Qafqaz şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi. İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı — müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər. Azərbaycan Demokratik Respublikası (1918–1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir. ADR sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənir. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25 – 28 may 1944-cü ildə Bakıda keçirilir və mərkəzi Bakıda olmaqla Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şexülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Cənubi Qafqaz Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci müavini sayılır və sünniməzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edir. Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.[77]

  1. Ət-Təbəri, IV, 257
  2. Ət-Təbəri, IV,141
  3. Н.В.Пигулевская. К вопросу об общественных отношениях на Ближнем Востоке, стр. 68.
  4. Ət-Turtuşi. Sirac əl-Mülük. Bulaq, 1872, səh. 229–230
  5. Е.А.Бельяев. Мусульманское сектанство, стр.17
  6. İbn Xəldun, I, 125.
  7. А.Ю.Якубовский. Ирак на грани VIII–IX вв., стр. 28
  8. В.В.Бартольд. Место прикаспийских областей…, стр. 45, 142
  9. 1 2 Z. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007
  10. В.Розен. Рецензия на "Alberuni's İndia", стр. 156
  11. H. A. R. Gibb Арабская литература, стр. 36
  12. V. Rozen. Рецензия на "Alberuni's İndia", səh. 155.
  13. Əl-Bəlazuri, 328
  14. V. Rozen. Рецензия на "Alberuni's İndia", səh. 155
  15. Ət-Turtuşi, səh. 232
  16. A. Y. Krımski. История арабов и арабской литературы, т. I, səh. 131
  17. Th. Nöldeke, Orientalische Skizzen, p. 83
  18. The History of the Parsis, v. I, II, London, 1884
  19. К.А.Иностранцев. Сасанидские этюды, стр. 2
  20. В.В.Бартольд. К ситории крестьянских движений в Персии, стр. 57.
  21. Mahmud Mustafa. Əl-ədəb əl-ərəbiyy və tarixuhu (Fi əsrey sədr əl İslam ə`d-davla əl-Əməviyyə), c. I, əl-Qahirə, 1937, səh. 165
  22. A. Y. Krımski. История арабов и арабской литературы, т. II, səh. 133
  23. Z. Bünyadov – Dinlər, təriqətlər, məzhəblər, Bakı, 2007
  24. K. A. Creswell. The Lawfullness of Paintingin…, № 11–12, 1946; IC, № 24, 1950.
  25. История Агван, I, глава VI
  26. М.Орманиан. Армянская церковь, ее история, учение, управление, внутренний строй, литература, ее настоящее. М. 1913, стр. 118
  27. Z. B. А.Иоханнисян. Очерки истории армянской освободительной мысли, стр. 129
  28. История Агван, стр. 10
  29. И.А.Джавахов. История церковного разрыва между Грузией и Арменией, стр. 436
  30. История епископа Себеоса, стр. 28–29
  31. Н.Адонц. Армения в эпоху Юстиниана, стр. 220
  32. С.Т.Еремян. Идеология и культура Албании III–VII вв., стр. 328
  33. А.С.Вартапетов. Христианские памятики Карабаха, л. 8.
  34. Из сирийской хроники Захария Митиленского, стр. 114
  35. Histoire de la Siounie, p. 252
  36. İ. A. Cavaxov. Sitat gətirilən əsəri, səh. 445.a
  37. Н.В.Пигулевская. Сирийский источник VI в. о народах Кавказа, стр.109
  38. Киракос Гандзакеци, səh 99
  39. А.Крымский. Страницы из истории Северной или Кавказского Азербайджана, стр. 372
  40. Səid Nəfisi. Babək xürrəmdin. Tehran, 1333, səh.21
  41. История Агван, стр. 237
  42. Киракос Гандзакетси, səh. 101
  43. 1 2 3 История Агван, стр. 239–241
  44. Katolikos Drasxanakertli İohannes – "История Армении", səh. 78
  45. Vardan, səh. 92
  46. История Агван, стр. 247/198
  47. İ. Ormanian. Sitat gətirilən əsəri, səh. 45, 118
  48. С.Т.Еремян. Идеология и культура Албании III–VIII вв., стр. 329
  49. T. Ter-Qriqoryan. Sitat göstərilən əsəri, səh. 4
  50. З.И.Ямпольский. К изучению летописи Кавказской Албании
  51. С.Т.Еремян. Экономика и социальный строй Албании IV–VII вв., стр. 305.
  52. Архив армянской истории, 1894, стр. 399T. Ter-Qriqoryandan sitat gətirilmişdir, səh.5.
  53. С.Т.Еремян. Раннефеодальная культура Армении, стр. 236
  54. "feodal Ermənistanı ilk dünyəvi poeziyasının abidəsi"
  55. С.Т.Еремян. Раннефеодальная культура Армении, стр237
  56. G. Vovsepean. Visatakarank jeragrac…, Antelias, 1951, 507–508
  57. C. J. Dowsett. The albanian chronicle…, p. 473.
  58. Mxitar Qoşun "Erməni qanunnamə"si, A. A. Papovyanın tərcüməsi. Yerevan, 1954
  59. Kirakos Qandzaketsinin "Tarix"i. T. İ. Ter-Qriqoryanın 540-cı qeydi, səh. 260
  60. С.Т.Еремян. Идеология и культура Албании III–VII вв., стр. 329
  61. А.Шанидзе. Новооткрытый алфавит кавказских албанцев, стр. 3.
  62. С.Т.Еремян. Идеология и культура Албании III–VII вв., стр.327
  63. С.Т.Еремян. Идеология и культура Албании III–VII вв., стр.328
  64. 1 2 3 Z. M. Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007
  65. С.Т.Еремян. Идеология и культура Албании III–VII вв., стр329
  66. A. İohannesyan. Sitat gətirilən əsəri, səh, 130
  67. Azərbaycan Tarixi (yeddi cilddə), Bakı, 2007, II cild
  68. И.П.Петрушевский. О дохристианских верованиях крестьян Нагорного Карабаха, стр. 8.
  69. Н.Я.Марр. Аркаун, монгольское название христиан в связи с вопросом об армянах-халкедонитах, т. XIII, 1906, стр. 7
  70. История Агван, стр. 240–247/192–198.
  71. İ. P. Petruşevski. Sitat gətirilən əsəri, səh. 13.
  72. Н.Адонц. Армения в эпоху Юстиниана, стр. 225
  73. История Агван, стр. 247
  74. А.С.Вартапетов. К вопросу об историческом исследовании христианских памятников Народного Карабаха, в I
  75. А.С.Вартапетов Христианские памятники Карабаха, л. 9
  76. А.С.Вартапетов. Христианские памятники Карабаха, стр. 11
  77. "Dinlərin tarixi". 2012-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-11.
  1. İslam: qısa məlumat kitabı, ASE-nın baş redaksiyası, Bakı – 1989
  2. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). I cild, Z. M. Bünyadovun və Y. B. Yusifovun redaktəsilə, Azərnəşr, Bakı – 1994
  3. Azərbaycan tarixi. Redaktor: t.e.d. Süleyman Əliyarlı. "Azərbaycan" nəşriyyatı, Bakı – 1996
  4. Yunusov Arif. Azərbaycanda İslam. "Zaman" nəşriyyatı, Bakı, 2004
  5. Sattarov, Rufat. Islam, State, and Society in Independent Azerbaijan. Between Historical Legacy and Post-Soviet Reality — with special reference to Baku and its environs, Reichert Verlag, Wiesbaden, 2009 ISBN 978-3-89500-692-0
  6. Altay Göyüşov, Kənan Rövşənoğlu, Postsovet dövründə Azərbaycanda siyasi Şiəliyin tarixi Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine, Bakı Araşdırmalar İnstitutu