Braziliya — Cənubi Amerikada dövlət. Cənubi Amerika materikinin mərkəzi və şərq hissəsindədir. Şimalda Venesuela, Qayana, Surinam, Fransa Qvianası, şimal-qərbdə Kolumbiya, qərbdə Peru və Boliviya, cənub-qərbdə Paraqvay və Argentina, cənubda Uruqvay ilə həmsərhəddir; quru sərhədinin uzunluğu 16 145 km-dir. Şərqdə Atlantika okeanı (bir neçə adası Braziliyanın ərazisinə aiddir, ən mühümləri – Fernandu-di-Noronya, San-Paulu, Trindadi) ilə əhatələnir; sahil xəttinin uzunluğu isə 7491 km-dir. Ərazisinə və əhalisinin sayına görə Braziliya dünyada 5-ci, Latın Amerikasında isə ən böyük dövlətdir. Sahəsi (adalarla birlikdə) 8,5 mln. km². Əhalisi 190,8 mln. (2010). Paytaxtı Brazilia şəhəridir. Rəsmi dil portuqal dili, pul vahidi realdır. İnzibati cəhətdən 26 ştata və 1 Federal dairəyə bölünür.
Braziliya coğrafiyası | |
---|---|
Qitə | Amerika |
Region | Cənubi Amerika |
Koordinatlar | 10° c. e. 55° q. u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 7 491 km |
Sərhədlər |
16 145 км |
Ən yüksək nöqtə | 2 994 м (Neblina dağı) |
Ən alçaq nöqtə | 0 m (Atlantik okeanı) |
Ən böyük çay | Amazonka(6 992 km) |
Ən böyük göl | Patus gölü (850 km²) |
Vikianbarda əlaqəli mediafayllar |
Braziliya ərazisi, əsasən, Cənubi Amerika platformasındadır. Platformanın Kembriyə qədərki bünövrəsi ölkənin şimalında, cənub-şərqində və mərkəzi hissəsində səthə çıxır və Qviana, Atlantikayanı, Mərkəzi Braziliya qalxanlarını, kiçik San-Fransisku, San- Luis və s. massivlərini əmələ gətirir. Bünövrəni təşkil edən süxurlar (qneys, şist, mərmər, kvarsit və s.) intensiv deformasiyaya və metamorfizmə məruz qalmışdır.[2]
Mərkəzi Braziliya qalxanının qırışıqlıq-metamorfik kompleksləri Orta və Üst Proterozoyun çökmə-vulkanogen örtüyü ilə qismən örtülmüşdür. San-Fransisku massivinin cənubunda Erkən Proterozoyun deformasiyaya və metamorfizmə uğramış, dəmirli kvarsitlərlə zəngin terrigen çöküntüləri intişar tapmışdır. Atlantikayanı qalxanın Erkən Kembri yə qədərki kompleksləri Son Proterozoy– Kembridə intensiv tektonomaqmatik təsirə məruz qalmışdır (Braziliya qırışıqlığı). Cənubi Amerika platformasının bü növrəsi Braziliyanın qərbində perikraton çökmə zonasında daha dərinə gömülmüşdür. Burada çöküntü qatın qalınlığı 6 km-dən çoxdur. Atlantika okeanı sahili, şelf zonası və kontinent yamacı boyu Üst mezozoy və kaynozoy çökmələri ilə dolmuş rift çökəkliyi zolağı uzanır. Ölkə ərazisində Son təbaşir və paleogen yaşlı qələvi-ultraəsasi süxurların çoxsaylı plutonları yayılmışdır. Braziliyanın əsas faydalı qazıntıları dəmir, beril, niobium filizləri, boksitlər və bitumlu şistlərdir. Həmçinin uran, volfram, nikel, qalay, mis, neft, qaz, qızıl, manqan filizi, polimetal, nadir metallar, duz və s. faydalı qazıntıları da var.
Braziliya əsasən 5 fiziki-coğrafi zonaya ayrıd edilir:
Ölkə ərazisinin böyük hissəsini Braziliya yaylasıı tutur; orta yüksəkliyi şimal və şimal-qərb hissələrində 200–400 m, mərkəzi hissədə (Mərkəzi plato) 700–800 metrədək və şimal-şərqdə 900 metrədəkdir (Borborema platosu). Mərkəzi və şimal hissələri üçün tava platolar (şapada) xarakterikdir. Şərqdə struktur-denudasion Serra-du-Espinyasu sıra təpəlikləri (hündürlüyü 2107 metrədək) və Şapada Diamantina platosu (hündürlüyü 1500–1700 m) yerləşir. Yaylanın şərq yamacı təqribən 800 m hündürlükdən pilləli çıxıntılarla Atlantikayanı ovalığa doğru uçurum əmələ gətirir. Ensiz zolaqdan ibarət terraslı Atlantikayanı ovalığın akkumulyativ sahilləri qismən mərcan rifləri ilə əhatələnmişdir.[3]
Braziliya yaylasının cənub-şərq kənarı boyunca Serra-du-Mar, Serra-du-Paranapiakaba, Serra-da-Mantikeyra və s. qaymalı ortadağlıq silsiləəri uzanır. Silsilələr Atlantika okeanına doğru dik uçurumlarla düşərək dərin körfəzlərlə (o cümlədən Rio-de-Janeyro şəhəri yaxınlığındakı Quanabara körfəzi) parçalanmış qayalı abrazion sahillər yaradır. Silsilələrdən qərbə və cənub-qərbə hündürlüyü 300–500 metr olan təpəli düzənliklər (Parana çayının yuxarı axını hövzəsi) və kuest tipli çoxsaylı çıxıntıları (məsələn: Serra-Jeral) olan Parana platosu uzanır.
Ölkənin qərbində Braziliya yaylası bataqlıqlaşmış akkumulyativ Pantanal ovalığından alçaq çıxıntılarla ayrılır. Braziliyanın ucqar cənubunda hündürlüü 200–300 metr olan təpəli yüksəkliklər və Atlantik okeanından geniş qum sayları ilə ayrılan iri laqun gölləri (Patus, Laqoa-Mirin, Mangeyra) olan dənizyanı akkumulyativ ovalıqlar yayılmışdır. Braziliya yaylasından şimalda Amazon ovalığı yerləşir. Amazon ovalığı qərbdə geniş və yastı, şərqdə isə nisbətən yüksəkdir (hündürlüyü 350 metrədək) və çox parçalanmışdır. Şimalda Amazon ovalığı tədricən Qviana yaylasının ayrı-ayrı dağlarla (Neblina d., 2994 m ölkənin ən yüksək nöqtəsi) əhatələnmiş yüksək təpəli düzənliklərinə keçir. Şimal-qərb hissəsində yaylanın digər yüksək zirvəsi Rorayma dağı Venesuela ilə olan sərhəddə yerləşir.
Braziliyanın ərazisi şimal-qərbdən cənub-şərqə bir neçə iqlim qurşağında yerləşir: şimal hissəsində, əsasən, ekvatorial, mərkəzi və cənubunda subekvatorial və tropik, ucqar cənub-şərqində subtropik iqlim hakimdir. Ərazisinin böyük hissəsi üçün isti iqlim xarakterikdir. Orta temperatur yanvarda 21–27 °C (şimal-şərq.hissəsində 30 °C-yədək), iyulda 15–26 °C-dir (şərq hissəsinin ortadağlıqlarında və cənub hissəsinin yüksəkliklərində 12 °C-yədək enir). Amazon ovalığının qərb hissəsində və Qviana yaylasının ona bitişik cənub yamaclarında iqlim ekvatorial rütubətlidir.
Yağıntının illik miqdarı 2400–3300 mm, orta aylıq temperatur 24–26 °C-dir. Ovalığın şərq hissəsində və Braziliya və Qviana yaylalarının ona bitişik yamaclarında isə iqlim subekvatorialdır. Yağıntının illik miqdarı 1200–2400 mm, sahil zonalarında 3000 mm-ədəkdir. Orta aylıq temperatur yanvarda 27 °C, iyulda 24 °C-dir. Braziliya yaylasının mərkəzi hissəsində, Pantanal ovalığında və ölkənin şimal-şərqində də iqlim subekvatorialdır. Yağıntının illik miqdarı 1200–2000 mm (şm.-ş.-də 1100–400 mm- ədək azalır), orta aylıq temperatur yanvarda 27 °C (bəzi yerlərdə 30 °C-yədək), iyulda 22–25 °C-yədəkdir. Braziliyanın şərq hissəsinin iqlimi tropik passat, rütubətli və istidir. Yağıntının illik miqdarı 1500 mm-dən (şm.-da) 4500 mm-ədəkdir (cənubda). Orta aylıq temperatur yanvarda 28 °C (şimalda), 26 °C (cənubda), iyulda uyğun olaraq 25 °C və 20 °C-dir.
Parana platosunun iqlimi tropik rütubətlidir. Yağıntının illik miqdarı 1200–1800 mm, orta aylıq temperatur yanvarda 24–26 °C, iyulda 18–21 °C-dir. 24°Cənub enliklərndən cənubda iqlim subtropikdir. Yağıntının illik miqdarı 1000–1400 mm, orta aylıq temperatur yanvarda 21–24 °C, iyul da 12–14 °C-dir.
Braziliya ərazisində çay şəbəkəsi olduqca sıxdır. Çaylarının ümumi uzunluğu 27,5 min km-dən çoxdur; hamısı Atlantika okeanı hövzəsinə aiddir. Ölkə ərazisinin 56%-i (Amazon ovalığı, Qviana yaylasının cənubu və Braziliya yaylasının şimalı) Amazon çayı və onun qolları (sağdan: Jurua, Purus, Madeyra, Tapajos, Şinqu, Tokantins; soldan: İsa, Japura, Riu-Neqru) ilə qidalanır. Braziliya yaylasının şərqi San-Fransisku çayı hövzəsinə, şimal-şərqii isə Parnaiba çayı və digər xırda çayların hövzəsinə aiddir. Braziliyanın digər çaylarından Parana və Uruqvay hövzələri ölkənin cənubunu, Paraqvay hövzəsi isə qərbini əhatə edir.
Amazon, Parnaiba və San-Fransisku çayları gəmiçiliyə yararlıdır. Çaylarında çoxlu astanalar və şəlalələr (Parananın qolu İquasu çayında İquasu şəlaləsi, San-Fransisku çayında Paulu-Afonsu şəlaləsi və s.) var. Braziliyanın çayları böyük hidroenerji potensialına malikdir; SES-lər və su anbarları var. Braziliya illik daxili su ehtiyatına görə (8,2 min km³) dünyada 1-ci yerdədir.[4] Bunun yalnız 1%-i təsərrüfat məqsədlərinə (61%-i kənd təsərrüfatına, 21%-i kommunal-məişət təsərrüfatına, 18%-i sənaye müəssisələrinə) sərf olunur. Adam başına illik su təminatı 47 min m³-dir. Ölkə ərazisində 12 hidroqrafik hövzə mövcuddur.[5]
Braziliya üçün olduqca zəngin fauna və flora müxtəlifliyi səciyyəvidir. Braziliyanın ekosistemlərində, müxtəlif hesablamalara görə, dünyada məlum olan bitki və heyvan növlərinin 10%-dən 20%-ə qədəri, o cümlədən 55–56 min ali bitki növü vardır.[6] Ölkə ərazisində yaşayan məməli və şirinsu balıqları növlərinin miqdarına görə Braziliya dünyada birinci yeri tutur. Braziliyada rast gələn suda-quruda yaşayanlar, sürünənlər və quşların endemizm səviyyəsi çox yüksəkdir.[7] Braziliya ərazisinin 60%-indən çoxu meşələrlə örtülüdür. Meşə sahəsinə (5195200 km²) və oduncağın ümumi ehtiyatına görə (təqribən 71 mlrd. m³) Braziliya dünyada əsas yerlərdən birini tutur; evkalipt, şamağacı və Braziliya araukariyası plantasiyalarından ibarət süni əkinlərin sahəsinə (təqribən 5 mln. ha) görə Latın Amerikasında birinci yerdədir.[8] Braziliyada ən kəskin ekoloji problemlərdən biri meşəsizləşmədir; meşələrin qırılma sürəti ildə təqribən 2,3 mln. ha-dır (1990–2000).[9] Meşəsizləşmənin yüksək tempinə baxmayaraq, dünyanın ən iri daimi rütubətli ekvatorial həmişəyaşıl meşələr massivi – hileylər (selvas) Braziliyanın Amazon ovalığının qərb hissəsində yerləşir. Hileylər altında qırmızı-sarı və sarı ferrallitli, çox vaxt qleyləşmiş torpaqlarla yanaşı podzol və bataqlıq torpaqları yayılmışdır. Flora və faunasının növ tərkibinin müstəsna zənginliyi ilə fərqlənən Braziliya hileyləri üçün lianaların, epifitlərin, orxideylərin bol olduğu sıx və çoxyaruslu bitki örtüyü səciyyəvidir. Burada 600-ü təsərrüfat əhəmiyyətli olan 4 min növdən artıq ağac bitir. Bunların arasında Braziliya heveyası və kauçuk kastillası kimi kauçuklu bitkilər, qiymətli oduncağı olan sedrela, sviteniya və s. ağac növləri vardır; şokolad ağacı (kakao), Braziliya qozu, assai kələm palması və s. mühüm qida əhəmiyyətinə malikdir. Amazon ovalığının şərqində və ona bitişik olan Braziliya yaylasının hündür olmayan şimal yamaclarında qırmızı ferrallitli torpaqlarda yarpağınıtökən həmişəyaşıl meşələrlə yanaşı çaylar boyunca seyrək meşəlik və savannalar, qalereyalı meşələr yayılmışdır; Parnaiba çayı hövzəsində seyrək palma meşələri (o cümlədən babassu yağ palması ilə qarışıq) inkişaf etmişdir. Braziliya yaylasının küləktutan kənar dağ massivlərinin şərq yamaclarında və Atlantikayanı ovalıqda yerli bitki örtüyü çox böyük müxtəlifliyi və florasının yüksək endemizmi ilə fərqlənən daim rütubətli həmişəyaşıl tropik meşələrlə təmsil olunur. Tərkibində qiymətli oduncaqlı çoxlu ağac cinsləri (o cümlədən tikanlı sezalpiniya, yaxud paubrazil) olan bu meşələr müasir bitki örtüyündə, vaxtilə geniş təbii areal olmuş ərazinin 5%-dən az hissəsini tutur və əsasən, mühafizə edilən təbiət əraziləri hüdudlarında kiçik sahələr şəklində qalmışdır. Şərqi ("kəşflər sahili") və cənu-şərqi Atlantik okeanının şərq və cənub-şərq sahil boyu ərazilərinin meşə ehtiyatlarıı Ümum dünya irsi siyahısına daxil edilmişdir.
Braziliyanın şərq hissəsindəki ən yüksək silsilələr üçün yüksəklik qurşaqlığı səciyyəvidir: 600–1200 m yüksəklikdə ağaca bənzər qıjılar və bambuklar üstünlük təşkil edir, epifitlər boldur, daha yuxarıda – ağaclıq yarusunda yarpağınıtökən növlər bitir, torpaqüstü örtük sıxlaşır; 2100–2300 m yüksəklikdən silsilələrin zirvələrini dağ çəmənləri örtür. Silsilələrin külək tutmayan qərb yamacları üçün mövsümi-rütubətli, əsasən, yarpağınıtökən meşələr səciyyəvidir. Parana platosunda 24°Cənub enliyidən cənuba doğru humusla zəngin tünd qırmızı ferrallitli torpaqlarda rast gəlinən subtropik həmişəyaşıl enliyarpaqlı meşələr 500 m yüksəklikdə Braziliya araukariyası və bəzi yerlərdə təmiz əkinlər əmələ gətirən həmişəyaşıl Paraqvay pırkalının üstünlük təşkil etdiyi seyrək iynəyarpaqlı-enliyarpaqlı "pinerayya" meşələri ilə əvəz olunur. Subtropik meşə massivlərinin xeyli hissəsində kənd təsərrüfatı bitkiləri əkilən plantasiyalar salınmışdır. Braziliya yaylasının mərkəzi hissəsində savannalar (kampos) yayılmışdır; torpaq örtüyünün bəzi yerlərində dəmirli konkresiyaların əmələ gətirdiyi bərk qabığı (kanqalı) olan dəmirli torpaqlar daha çoxdur. Çox vaxt otlaq kimi istifadə edilən, kuratella, birsonima, kvaleya cinslərindən alçaqboylu ağaclar olan kolluqlu-xırdaağaclı savannalar (serrados kamposu) üstünlük təşkil edir; bəzi yerlərdə çimli taxıl otları (daşdayan, paspalum növləri və s.) inkişaf etmişdir; çay dərələri boyunca qalereyalı meşələr uzanır, bunlarda kitrəli karnauba palması xüsusilə qiymətlidir. Braziliya yaylasının quraq şimal-sərq hissəsi üçün çınqıllı qırmızıqəhvəyi və qırmızı-qonur yuxa torpaqlarda bitən və alçaqboylu kserofit ağaclardan, tikanlı və sukkulent kolluqlardan ibarət kaatinqa seyrək meşəlikləri səciyyəvidir. Kaatinqada bombakskimilər fəsiləsinin bir neçə növü ilə təmsil edilən butulka ağacları, olduqca çoxdur; sereus və digər cinslərdən olan qəndilvarı və sütunlu kaktuslar, ağacabənzər südləyənkimilər səciyyəvidir. Braziliyanın cənub ovalıqları hüdudlarında və Parana platosunun alçaq sahələrində qırmızımtıl-qara torpaqlarda qiymətli otlaqlar – ağacsız otlu savannalar (limpos kamposu) yayılmışdır. Yağışlı mövsümdə, demək olar ki, tamamilə su altında qalan Pantanal ovalığında tərkibində uzun müddətli subasmanı əvəzləyən hidromorf qleyli torpaqların quruması şəraitinə uyğunlaşmış növlərdən ibarət ot qruplaşmaları ilə yanaşı bataqlıqlar, kol cəngəllikləri, palma meşəlikləri, yarpağınıtökən – həmişəyaşıl meşə adacıqları yerləşir. Brazilyanın Atlantika sahillərinin xeyli hissəsi manqr cəngəllikləri ilə əhatələnmişdir.
Braziliya hileylərində ərincək, kiçik qarışqa yeyən, nəhəng zirehli, tapir, pekarlar, enli burun meymunlar, yaquar; çoxlu sayda quşlar (tutuquşular, tukanlar, Amazon kəkillisi və s.) yaşayır; müxtəlif sürünənlər, suda-quruda yaşayanlar və həşəratlar var. Amazon sularında çoxlu sayda balıq növləri, o cümlədən piranya və uzunluğu 5 metrə çatan Braziliya arapaiması (piraruku), şirinsu delfiniiniya yaşayır, nəhəng susamuruna rast gəlinir. Braziliya yaylasının mərkəzi və şimal rayonları, Amazon ovalığının şərq hissəsi üçün qısaquyruq opossumlar, qarışqayeyənlər, zirehlilər, gəmiricilər (o cümlədən çəltik dağsiçanları), mazama maralları, yırtıcılardan puma, yallı canavar, burun-yenot səciyyəvidir; ornitofauna zəngindir; həşəratlar, xüsusilə kəpənəklər və itarıları çox və müxtəlifdir, termit yuvaları yayılmışdır. Braziliyanın şərqində və cənubunda, insanın daha çox dəyişdirdiyi landşaftda heyvanlar aləmi xeyli kasaddır; Braziliyada nadir və nəsli kəsilməkdə olan 395 növ heyvan vardır (2003). Ümumdünya irsi siyahısına daxil edilmiş Fernandu-di-Noronya adalarında və Rokas mərcan adasında dəniz quşlarının iri koloniyaları yaşayır; sahil suları zəngin ixtiofaunası, dəniz tısbağalarının və dəniz məməlilərinin bolluğu ilə fərqlənir. Pantanal ovalığı üçün olduqca böyük sayda suya yaxın və su quşlarının toplanması səciyyəvidir.[10] Braziliyada ümumi sahəsi 52,6 mln. ha olan 363 mühafizə edilən təbii ərazi, o cümlədən ümumi sahəsi 14,2 mln. ha olan 105 milli park vardır; ən iriləri Jau, Piku-da-Neblinadır. Mərkəzi Amazoniyanın rezervatlar kompleksi, mühafizə edilən Pantanal ovalığı, İquasu, Şapada-dus- Veadeyrus və Emas, Serra-da-Kapivara milli parkları Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Braziliya // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 515–518. ISBN 978-9952-441-03-1.