Qoşa qala qapıları

Qoşa qala qapıları və ya Şamaxı qapısıBakı qalasının şimal divarında yerləşən qapıdır. Şamaxıdan gələn qədim karvan yolu üzərində yerləşdiyinə görə Şamaxı qapısı adlandırılmışdır. Qoşa qala qapıları daxildən İçərişəhərin Böyük QalaKiçik Qala küçələrinin, xaricdən isə Əziz Əliyevİstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir.

Qoşa qala qapıları
Qoşa qala qapılarının Əziz Əliyev küçəsindən görünüşü
Xəritə
40°22′07″ şm. e. 49°50′10″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Səbail rayonu
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi III Böyük Mənuçöhr
Tikilmə tarixi XIII-XVI əsrlər
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti əla
Rəsmi sayt icherisheher.gov.az
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.66
KateqoriyaKompleks
ƏhəmiyyətiDünya əhəmiyyətli
Qoşa qala qapıları (İçərişəhər)
Qoşa qala qapıları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilmişdir.

1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır.

Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir. Sonuncu dəfə Qoşa qala qapıları 2018–2019-cu illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə avstriyalı bərpaçı Erik Pumerin komandası tərəfindən həyata keçirilib.

Hər iki qapının ölçü və formaları demək olar ki, eynidir. Qala divarlarına yaxınlaşan düşmənlərdən müdafiənin təmin edilməsi üçün bütün divar boyunca, eyni zamanda Qoşa qala qapıları üzərində mazğallar və maşikullar yerləşdirilmişdir.

Zülfüqar qapısının 1883-cü ilə aid fotosu

Qoşa qala qapılarının tarixi Bakı qala divarlarının tarixi ilə əlaqəlidir. Bakı şəhəri qədim dövrlərdə üç qatlı qala divarları ilə əhatə edilmişdi.[1] Bu qala divarları müxtəlif dövrlərdə şəhərin genişlənməsi ilə əlaqədar inşa edilmişdi. Bu üç divardan yalnız ən qədim olanı dövrümüzə qədər gəlib çatmışdır və Qoşa qala qapıları da Bakı qalasının məhz ən qədim divarında yerləşir.[1]

İçərişəhərin qədim abidələrini tədqiq etmiş V. M. Sısoyev Bakı qalasının dövrümüzə çatmış divarlarını XII əsrə aid edir: "İstənilən halda, heç şübhəsiz ki, XI əsrdə Səlcuq sultanlarının hakimiyyəti dövründə Bakı dəniz sahilinin kifayət qədər əhəmiyyətli şəhərinə çevrilmişdi; şəhərdə bir neçə məscid var idi, XII əsrdə isə nəhəng Qız qalası inşa edilmişdi; bununla eyni zamanda həm də şəhərin ən qədim qala divarları inşa edilmişdi."[2]

İkinci qala divarı hazırkı qala divarından 10 metr aralıda yerləşirdi.[3] E. Kempfer qala divarları arasındakı məsafəni 15 addım[4], i. Berezin[5] və P. Butkov[6] isə 11 arşın kimi qeyd edir və ikinci divarın heç də birinci ilə paralel olmadığını vurğulayır. N. Rzayev qeyd edir ki, Şamaxı qapısı qarşısında qala divarlarının birinci və ikinci xətti arasındakı məsafə 15 metrə qədər genişlənirdi.[3]

Şah Süleyman Səfəvinin (1667–1695) hakimiyyəti dövründə 1683-cü ildə Bakını ziyarət etmiş və beş gün şəhərdə qalmış səyyah Engelbert Kempfer Bakı qalasını təsvir edərkən yazır: "…o, iki qat qala divarları ilə əhatə olunub, onlar bir-birincən 15 addımlıq məsafədə yerləşirlər, onlardan daxildə yerləşəni əhəmiyyətli dərəcədə hündürdür; divarlarda çoxlu sayda yarımdairəvi qüllələr vardır; divarların ən üst tərəfindən dişcik şəklində çıxıntılar vardır. Dənizə baxan divarlar kərpicdən, digər divarlar isə əhəng daşı və gil məhlulundan tikilmişdir. Şimal divarındakı qoşa qapılar dəmir listlərlə qapadılır. Malların rahat daşınması üçün dəniz tərəfdən qalanın üç qapısı var."[4]

1796-cı ildə Rusiya imperiyasının ordusu Bakı qalasını mühasirəyə alır. 13 iyun 1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını təqdim edir.[7] Hal-hazırda həmin açar Azərbaycan Tarix Muzeyində sərgilənir.[7]

Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə mühəndis Qruzson tərəfindən Bakı qalasının planı tərtib edilir.[7] Qruzson tərəfindən hazırlanmış 1 saylı çertyojda şimaldakı qala divarlarında "А" və "Б" hərfləri ilə iki qapı göstərilmişdir ki, bunlar da müvafiq olaraq, Şamaxı və Zülfüqar xan qapılarıdır.[7] Hər iki qapı, iki tərəfdən də yarımdairəvi qüllələrlə əhatələnmişdir.[7]

Zülfüqar xan qapısının Qoşa qala qapılarından yeni olan qapı üzərində yerləşdirilmiş kitabəsində deyilir:

Zülfüqar xan qapısının XVII əsrə aid kitabəsinin məzmunu.
"Ali sultan və böyük xaqan, bütün xalqların sahibi, böyük Allahın lütfü ilə gücləndirilmiş, parlaq Zülfüqar xanın dayağı Şah Abbas əs-Səfəvi, əl-Hüseyni Bahadur xan (Allah onun hakimiyyətini əbədi etsin) bu qapının tikilməsini 1017-ci ildə (hicri, miladi təqvimlə 1608/9) əmr etdi." [8]

Cüt Bakı qapılarından yalnız biri dövrümüzə çatmış, ikincisi isə, 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı köçürülmüşdür. [3] Şah Abbas qapısı kimi tanınan yeni qapı Şamaxı qapısının yanına köçürülməsi 1886-cı ildə tamamlanmışdır.[3] Yeni qapı üzərində Rusiya imperiyası dövründə yerləşdirilmiş metal lövhə üzərindəki rus və fars dillərində olan yazıda qapı "Şah Abbas qapısı" adlandırılır.[1]

N. Rzayevin məlumatına görə, Köhnə Bakı dumasının inşaat şöbəsinin arxiv materialları arasında Şamaxı divarının (Şimal divarı) söklüməsi və bu divarda olan Zülfüqar xan qapısının (sonradan Şah Abbas qapısı da adlandırılır) Şamaxı qapısının yanına köçürülməsi haqqında məlumatlar vardır.[9]

Təmir və bərpası

[redaktə | mənbəni redaktə et]
Qoşa qala qapıları 1890-cı ildə. Fotoqraf: Pol Nadar
Arxa fonda Müəddəs Nikolay kilsəsinin qübbəsi görünür.

1868-ci ildə Bakı qalasının təhvil alınması zamanı mühəndis distansiyasının rəisi olan hərbi mühəndis-polkovnik fon Burmeyster tərəfindən tərtib edilmiş xəbərdə Bakı qalasının divarları, qapıları, qüllələri və lünetlərində 1868-ci ilə kimi həyata keçirilmiş təmir və bərpa işləri detallı təsvir edilir; bu məlumatlardan bəlli olur ki, Şamaxı qapılarında 1864-cü ildə yenidənqurma işləri aparılmışdır: "Əsas və ikinci qala divarlarındakı Şamaxı qapılarının nə zaman inşa edilməsi bəlli deyil, lakin 1864-cü ildə mühəndis departamentinin büdcəsindən ayrılmış 2302 rubl 39 gümüş qəpiyə qapılar təmir edilmişdir."[10]

Qoşa qala qapılarının növbəti bərpası 1952–1957-ci illərdə həyata keçirilib.[11] Yarım əsrdən çox müddətdən sonra 2019-cu ilin ortasında Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başlayıb. Bərpa və konservasiya işləri ilk öncə Qala divarlarının içəri hissəsindən başlayıb, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə çöldən bərpa edilib.[11] Bərpa və konservasiya işlərini avstriyalı bərpaçı Erik Pumerin komandası həyata keçirib. Bərpa işləri 2018-ci ilin avqustunda başlayıb və 2019-cu ilin oktyabrında yekunlaşdırıb.[11]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Formula 1 Azərbaycan Qran-prisinin keçirildiyi Bakı Şəhər Halqasının bir hissəsi Qoşa qala qapıları önündən keçir.

Hər iki qapının ölçü və formaları demək olar ki, eynidir. [1] Qala divarlarına yaxınlaşan düşmənlərdən müdafiənin təmin edilməsi üçün bütün divar boyunca, eyni zamanda Qoşa qala qapıları üzərində mazğallar və maşikullar yerləşdirilmişdir. Metal darvazaların asılması üçün qala qapılarının "qurd qulağı" deyilən yerli texnika ilə həyata keçirilmiş[1] divar hörgüsünə metal qarmaqlar əlavə edilmişdir.

Yeni qapı hörgüdə istifadə edilən daşın yonulma keyfiyyəti, kitabələri və hər iki tərəfində yerləşən naxışları ilə köhnə qapıdan fərqlənir. Qapılar iki tərəfdən də yarımdairəvi qüllələrlə əhatələnmişdir. Qala divarları ilə vahid hörgü sisteminə malik olan qüllələr, divarlardan 0,6–0,7 metr hündürə yüksəlir. [12] Sağ qüllə 9,6 metr, sol qüllə isə 12,0 metr hündürlüyə malikdir.[12] Yuxarı istiqamətləndikcə qüllələr bir qədər daralır; sağ qüllənin aşağı hissəsinin diametri 5,67 metr, yuxarı hissəsinin diametri 5,37 metrdir; sol qüllənin aşağı hissəsinin diametri 5,70 metr, yuxarı hissəsinin diametri isə 5,67 metrdir.[12] Hər iki qüllənin yuxarı hissəsində 1,2 metr hündürlüyə malik yarımdairəvi tağ vardır. Sol qüllədə bir, sağ qüllədə isə iki mazğal vardır.[12]

Qapılar arasındakı divar tamamilə düz səthə malikdir. Onun yuxarı hissəsində forma və ölçülərinə görə qüllələrdəki ilə eyni olan iki cüt mazğal vardır. [12]

Zülfüqar xan qapısından köçürülmüş kitabədən başqa qapının inşası zamanı hansısa sökülmüş tikiliyə aid olan daha bir neçə kitabədən istifadə edilmişdir. [13]Şah Abbas qapısının şəhərə baxan hissəsində sol tərəfdə iki kitabə, qala içinə baxan hissəsində tağda bir kitabə yerləşdirilmişdir. Sonuncu kitabə ərəb dilində olmaqla, hansısa məscidin inşasından xəbər verir.[13]

Şah Abbas qapısının giriş hissəsi 9,63 metr, Şamaxı qapısının giriş hissəsi isə 9,53 metr hündürlüyə malikdir.[13]

Qoşa qala qapılarının inşası zamanı qumdaşı və əhəngdaşından istifadə edilmişdir.[14] İnşaat sənədlərindən bəlli olur ki, Şah Abbas qapısının inşasında əhəng məhlulu işlədilib, qədim Şamaxı qapısının inşasında isə həm əhəng, həm də gil məhlulundan istifadə olunmuşdur.[14]

  1. 1 2 3 4 5 Рзаев, 1950. səh. 30
  2. Сысоев, В. Краткий путеводитель по древностям города Баку и его районов. Баку: Изд-во Наркомпросс АССР, Азерб. археол. Ком. 1925. səh. 19.
  3. 1 2 3 4 Рзаев, 1950. səh. 31
  4. 1 2 Kemfer, E. Amoenitatum exoticarum politico-physico-medicarum fasciculi V. Lippiacae typographi: Biodiversity Heritage Library. 1712. səh. 278. 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2022.
  5. Березин, И.Н. Путешествие по Дагестану и Закавказью. Казань: Унив. тип. 1849. səh. 309.
  6. Бутков, П.Г. Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (Ч. 2). Санкт-Петербург. 1869. səh. 461.
  7. 1 2 3 4 5 Рзаев, 1950. səh. 32
  8. Рзаев, 1950. səh. 33
  9. Рзаев, 1950. səh. 34
  10. Рзаев, 1950. səh. 35
  11. 1 2 3 "Qoşa qala qapıları bərpa olunub". CBC TV Xəbərlər. 30 oktyabr 2019. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2022.
  12. 1 2 3 4 5 Рзаев, 1950. səh. 39
  13. 1 2 3 Рзаев, 1950. səh. 40
  14. 1 2 Рзаев, 1950. səh. 41
  • Рзаев, Н. Северные ворота крепостных стен города Баку, (Памятники Архитектуры Азербайджана). Москва-Баку: Государственное Архитектурное Издательство. 1946.
  • Сысоев, В. Краткий путеводитель по древностям города Баку и его районов. Баку: Изд-во Наркомпросс АССР, Азерб. археол. Ком. 1925.