Elm və Təhsil Nazirliyi (Azərbaycan)

Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Respublikasının elmtəhsil[1] sahəsində fəaliyyət göstərən dövlət qurumu.

Elm və Təhsil Nazirliyi
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə  Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 28 may 1918
Əvvəlki qurum Xalq Maarifi Nazirliyi
Ali və Orta İxtisas Təhsili Nazirliyi
Dövlət Texniki Peşə Təhsili Komitəsi
Təhsil Nazirliyi
Tabelik Azərbaycan Respublikası Prezidenti
Baş qərargah Bakı Bakı
Ünvan Xətai prospekti 49, AZ1008
Rəhbərlik
Nazir Emin Əmrullayev
Nazir müavinləri Firudin Qurbanov
İdris İsayev
Həsən Həsənli
Kənan Kərimzadə

Rəsmi saytı edu.gov.az

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[2]

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.

1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib. 28 iyul 2022-ci ildə adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilib.[3]

Nazirliyin vəzifələri

[redaktə | mənbəni redaktə et]

Elm və Təhsil Nazirliyinin əsas vəzifələri aşağıdakılardır:

  • Təhsil sahəsində vahid dövlət siyasətini formalaşdırmaq və onu həyata keçirmək;
  • Azərbaycan Respublikasında təhsil sisteminin inkişaf Konsepsiyasını müəyyənləşdirmək, bu istiqamətdə perspektiv fəaliyyət Proqramları hazırlamaq, onların həyata keçirilməsini təmin etmək;
  • vətəndaşların təhsil almaları üçün onların Konstitusiya hüquqlarını qorumaq, bu məqsədlə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq;
  • təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;
  • təhsil sisteminin müasir tələblərə uyğun təşkilati-iqtisadi modelini yaratmaq, onu müntəzəm inkişaf etdirmək;
  • demokratik idarəetmə mexanizmlərini tətbiq etmək;
  • mütəxəssis hazırlığında əmək bazarının tələbatını nəzərə almaq;
  • təhsil müəssisələrinin elmi və metodiki təminatını daim gücləndirmək;
  • təhsil sahəsində beynəlxalq əməkdaşlığı təşkil və inkişaf etdirmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək[4].

Nazirliyin strukturu

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Ölkənin təhsil sahəsində beynəlxalq əlaqələrin əsas koordinasiya mərkəzi olan Təhsil Nazirliyinin səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikası təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi təmin edilmişdir.

Azərbaycanın təhsil müəssisələri UNESCO, UNİSEF, UNEVOC, ICESCO, Avropa Təhsil Fondu, Avropa ŞurasıAvropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edirlər. Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrindən biri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycan ali məktəbləri fəal cəlb olunmuşdur. Bu proqramın maliyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, o cümlədən "Qərb Universiteti" və "Xəzər Universiteti" kimi özəl ali məktəblərdə bir sıra məqsədyönlü işlər görülmüşdür.

Təhsil Nazirliyi ABŞ, Fransa, Böyük Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, İran, Misir, Hindistan, Ukrayna, Gürcüstan, Moldova, Çexiya, Slovakiya, ÖzbəkistanPolşa kimi ölkələrlə birbaşa təhsil əlaqələri yaratmışdır və bu əməkdaşlıq bu gün də uğurla davam edir.

Təhsil Nazirliyinin rəhbərliyi Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ və Almaniya ilə təhsil sahəsində birbaşa əməkdaşlıq proqramı çərçivəsində həmin ölkələrdə olmuş, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutan protokollar imzalamışdır.

Bu gün Azərbaycanın təhsil sistemində Açıq Cəmiyyət İnstitutu — Yardım Fondunun "Addım-addım" və "Tənqidi təfəkkürün inkişafı" texnologiyaları, BMT-nin "Davamlı insan inkişafı", ABŞ-nin "Proyekt Harmoniya" təşkilatının, UNESCO-nun "Assosiativ məktəblər", "Qardaşlaşmış məktəblər" layihələri, "Alman Akademik Mübadilə Xidməti", "Gənclərin nailiyyəti" təşkilatlarının proqramları ümumilikdə 200-dən çox təhsil müəssisəsində uğurla tətbiq edilir.

Azərbaycan təhsilinin beynəlxalq əlaqələrini tənzimləmək və daha da inkişaf etdirmək üçün lazımi hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası artıq ali təhsil sahəsində təhsil sənədlərinin və elmi dərəcələrin tanınması ilə bağlı aşağıdakı beynəlxalq konvensiyalara qoşulmuşdur:

  • Avropa regionu dövlətlərində ali tədris kurslarının, ali təhsil diplomlarının və elmi dərəcələrin tanınması haqqında UNESCO-nun 1979-cu il Paris Konvensiyası;
  • Asiya və Sakit Okean ölkələrində tədris kurslarının, ali təhsil sahəsində diplomların və elmi dərəcələrin tanınması haqqında UNESCO-nun 1983-cü il Banqkok Regional Konvensiyası;
  • Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında 1997-ci il Lissabon Konvensiyası.

Təhsil Nazirliyi tərəfindən hazırda bir sıra beynəlxalq təşkilatlarla birgə layihə və proqramlar həyata keçirilir və gələcəkdə də davam etdiriləcəkdir:

  • "MDB ölkələri ilə ABŞ-nin qardaşlaşmış məktəblər" layihəsi;
  • Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində Avropa Təhsil Fondunun Təhsil Nazirliyi ilə birgə layihəsi;
  • Azərbaycanın təhsil müəssisələrində ingilis dilinin tədrisi metodikasının təkmilləşdirilməsi üzrə Britaniya Şurasının Təhsil Nazirliyi ilə birgə proqramı;
  • Avropa Şurası ilə "Tbilisi təşəbbüsü" birgə regional layihəsi;
  • Avropa Şurası ilə "Demokratik vətəndaşlıq üzrə təhsil" mövzusunda birgə Regional Layihə;
  • Avropa Şurası ilə "Milli azlıqların təhsili sahəsində siyasət" birgə layihəsi;
  • ABŞ-nin Montana Dövlət Universiteti və Təhsil Nazirliyi ilə Azərbaycan təhsil sistemində demokratiyanın əsasları və vətəndaşşünaslığın tədrisi sahəsində yüksək hazırlıqlı kadrların, tədris proqramı və dərs vəsaitinin hazırlanması üzrə birgə layihə;
  • ABŞ-nin ACCELS təşkilatı ilə birgə layihə;
  • ABŞ-nin IREX şirkəti ilə əməkdaşlıq proqramı;
  • ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən "Proyekt Harmoniya" proqramı;
  • Almaniya Akademik Mübadilə Xidməti — DAAD ilə birgə proqram;
  • Təhsil Nazirliyi, UNİSEF və "Dünyaya baxış" təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlimi üzrə birgə layihəsi;
  • Xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlimi üzrə UNESCO-nun Təhsil Nazirliyi ilə birgə layihəsi.

Təhsil Nazirliyi ilə imzalanmış protokollar və sazişlər:

  • Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı və Yüksəkögrətim Kurulu arasında təhsil və elm sahələrində razılıq Protokolu. 4 noyabr 1998-ci il;
  • Britaniya Şurası ilə təhsil sahəsində əməkdaşlıq haqqında Protokol. 22 may 1998-ci il;
  • Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş. 7 aprel 2000-ci il;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Çin Xalq Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. 2002-ci il;
  • Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində Əməkdaşlıq Protokolu və Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında təhsil sənədləri, elmi və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında Saziş. 22 sentyabr 2002-ci il;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında Memorandum. 20 may 2002-ci il;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Beynəlxalq Təhsil üzrə Amerika Şuraları (ACTR/ACCELS) arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. 9 may 2001-ci il;
  • Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında ali məktəblər sahəsində ixtisasların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu. 2004-cü il oktyabr;
  • GUAM iştirakçısı olan dövlətlərin Təhsil Nazirlikləri arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. 2003-cü il iyul;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. 2004-cü il mart;
  • "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rumıniyanın Təhsil və Tədqiqatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş". 2004-cü il oktyabr;
  • Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı arasında Azərbaycanda "Erkən (məktəbəqədər) yaşlı uşaqların inkişafına Texniki Yardım Layihəsi" barədə Saziş. 9 noyabr 2004-cü il.
  1. "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
  2. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  3. "Təhsil Nazirliyinin adı dəyişdirildi – FƏRMAN". Oxu.az. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2022.
  4. "Arxivlənmiş surət" (PDF). 2022-03-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-09-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]