Eyxmanın qaçırılması — 1960-cı ilin mayında nasist müharibə cinayətkarı Adolf Eyxmanın Argentinadan İsrailə aparmaq üçün İsrail kəşfiyyat xidməti "Mossad"ın keçirdiyi əməliyyat. Əməliyyat qeyri-rəsmi aparılmışdı. Bu səbəbdən Argentina İsraili öz suverenliyini kobud şəkildə pozmaqda günahlandırdı. İsrail əməliyyatın qanunsuzluğunu, İkinci Dünya Müharibəsi dövründə Avropa yəhudilərinin soyqırımının təşkilində birbaşa məsul olan Eyxmanın görünməmiş cinayətləri ilə əsaslandırdı. Qırx il sonra Argentina nasist cinayətkarlara sığınacaq verdiyi üçün xolokost qurbanlarından rəsmi olaraq üzr istədi.
Ümumiyyətlə keçmiş nasistlərin axtarışı və cəzalandırılması məsələsi İsraildə həmişə aktualığını saxlayırdı. Belə ki, ölkə əhalisinin əksəriyyəti özü Xolokostdan əziyyət çəkmiş və ya çox sayda qohumu, dostu və tanışı onun qurbanı olmuşdur. Ölkənin 200 minə yaxın sakini özləri konsentrasiya düşərgələri və gettolardan keçmişdilər.[1] İsrail üçün Adolf Eyxman axtarılan nasistlər siyahısında "bir nömrəli" adam idi və onun tutulması prinsip məsələsi sayılırdı.[2] Eyxman Vanze konfransının hazırlanmasında və keçirilməsində, sonra isə "yəhudi məsələsinin son həlli" (yəni Avropa yəhudiliyinin aradan qaldırılması) ilə bağlı qərarlarının icrasında mühüm rol oynamışdı. İkinci Dünya Müharibəsi zamanında Avropa yəhudilərinin ölüm düşərgələrinə sürgün edilməsi üçün edilən bütün işlərə nəzarət edən də məhz o idi.[3].
1945-ci ildə Eyxman onu axtaran Nasist Almaniyasını məğlub edən müttəfiq ölkələrin xüsusi xidmət orqanlarından qaçmağı bacardı. Eyxman 1950-ci ildə Argentinaya köçdü və Rikardo Klement adı altında Buenos Ayresdə yerləşdi; arvadı və üç oğlu iki il sonra ona qoşuldu, Eyxmanın dördüncü oğlu artıq Argentinada anadan oldu.[4][5][6]
İsrail kəşfiyyatının Eyxmanın izinə necə düşdüyünə gəldikdə isə bu haqda ya "Mossad"ın təqdimatına, ya da nasist ovçusu Tuvye Fridmanın hekayələrinə əsaslanan bir neçə versiya mövcuddur.
Eyxmanın tapılmasının müxtəlif versiyaları arasındakı ziddiyyətlərə baxmayaraq, şübhəsiz ki, Lotar Qerman onun tutulmasında əsas rol oynamışdır. Lotar alman yəhudisi idi. Miliyyətcə alman qadın ilə evllilik də onun nasist repressiyalarından qaçmasına kömək etməmişdi. Kor olmasına baxmayaraq, Argentinada yaşayan Lotar keçmiş nasistlərin axtarışı ilə əlaqəli hadisələrlə maraqlanırdı və Eyxmanın yoxa çıxdığını və axtarıldığını bilirdi. Buna görə qızının Üçüncü Reyxə xidmət edən atasının keçmişi ilə öyünən Nikolas Eyxman adlı bir gənclə tanış olduğunu eşitdikdə Qerman bu məlumatı bildikləri ilə müqayisə etdi və söhbətin Adolf Eyxmanın oğlu haqqında getdiyini başa düşdü. O, şübhələri haqqında müvafiq yerlərə məlumat verdi.[7][8][9][10]
Lotar Herman vəd edilmiş mükafatı ölümündən bir il əvvəl yalnız 1972-ci ildə aldı. Adı açıqlandıqda yerli nasistlər tərəfindən təhdidlərlə üzləşdi və busəbəbdən qızı Argentinadan ABŞ-a mühacirət etmək məcburiyyətində qaldı.[7][8][11][12]
Lotar Qerman Buenos Ayresdəki alman koloniyasının üzvlərindən birinin həqiqətdə Adolf Eyxman olduğundan şübhələnərək Hessen torpağının (AFR) baş prokuroru Fritz Bauerə məktub ünvanladı.[13][14] Fritz Bauer bu məlumatı israillilərə ötürdü.
İsrail kəşfiyyatı "Mossad"ın rəhbəri İsser Harelin "Cəladın qaçırılması" adlı kitabında, 19 sentyabr 1957-ci il tarixində baş prokuror Bauer Almaniya Federativ Respublikası ilə İsrail arasında təzminatın ödənilməsi ilə əlaqədar danışıqlarda İsrail nümayəndə heyətinin başçısı doktor Şnerə Eyxmanın Argentinada olduğu mümkün yer haqqında məlumat verdi. İsrail Xarici İşlər Nazirliyi vasitəsilə məlumat "Mossad"ın rəhbəri İsser Harelə çatdı.[15]
Digər mənbələrə görə, Bauer Frankfurtdakı İsrail təhlükəsizlik xidmətinin nümayəndəsi Şaul Daroma, daha sonra hökumətin hüquq məsləhətçisi Haim Koenə müraciət etdi.[14]
Başqa bir fərziyəyə görə nasistlərin konsentrasiya düşərgəsinin keçmiş məhbusu, "Yad Va Şem" İnstitutunun əməkdaşı (1957-ci ilin iyul ayına qədər) Tuvia Fridman Eyxmanın izinə düşmüşdü. 1957-ci ildə Fridman Hayfa şəhərində müstəqil bir "Nasistlərin cinayətlərinin sənədləşdirilməsi və araşdırılması İnstitutu" yaratdı və Eyxmanın yerini məlumat verən şəxsə Dünya Yəhudi Konqresinin prezidenti Nahum Qoldmandan 10.000 dollar mükafat təyin etməsi vədini aldı.[7][11][12]
Fridman Eyxmanı tapmaq üçün ilk cəhdini 1945-ci ilin sonlarında Avstriyada gizli yəhudi təşkilatı "Mossad le Alia Bet" təmsil edən Aşer Ben-Nathan ilə birlikdə etdi. Həbs olunan Eyxmanın dostu və köməkçisi SS şturmbannfüreri Diter Vislicenidən ifadə alındıqdan sonra Eyxmanın sürücüsü və məşuqəsini tapmağa müvəffəq oldular. Məşuqəsinin mənzilindəki pusqu nəticə vermədi.[16] Ancaq Eyxmanın ilk fotoşəkli məhz məşuqəsinin evindən əldə edildi.[17]
1959-cu ilin avqust ayının sonunda Fridman Lüdviqsburqdakı (Almaniya) Nasist Cinayətlərinin Təhqiqatı Federal Mərkəzinin direktoru Ervin Şuledən Eyxmanın Küveytdə gizləndiyinə dair bir məktub aldı.[17]
Fridman "Maariv" qəzetində işləyən tanış bir jurnalistə Moşe Meiselsə bu məlumatı yayımlamaq təklifi ilə müraciət etdi. Fridmanın sözlərinə görə, bunu Yom-Küpür günü ərəfəsində, yəni 11 oktyabr 1959-cu il tarixində "hökumət üzvlərinin vicdanını oyatmaq və həlak olanlar qarşısında borcumuzu xatırlatmağı" qərara aldı.[8]
Mövzu gözlənildiyindən aktual oldu və böyük əks səda yaratdı. Dünyanın bir çox dərgisində təkrar nəşrlər oldu və ya ona istinad edildi. 1959-cu il oktyabrın 12-də bir İsrail nəşrinin məlumatları Buenos Ayresdə nəşr edilən alman dilli "Argentines Tageblatt" qəzetində yayımlandı. 1959-cu il oktyabrın 18-də Lotar Qerman Tuvia Fridmana Eyxmanın Küveytdə deyil, Argentinada olduğu haqqında məlumat göndərdi.[7][17][18]
Lotar Qerman məktubunda yazırdı:[7]
Almandilli qəzetin 12.10.1959-cu il tarixində nasist cinayətkarı Adolf Eyxman haqqında verdiyi xəbər tamamilə yanlışdır. Bu adam Küveytdə deyil, Buenos Ayresdə həyat yoldaşı və dörd uşağı ilə birlikdə başqa bir ad altında yaşayır. İnstituta kömək etməyə və Eyxman haqqında bütün məlumatları verməyə hazıram. |
İsrail tarixçisi[19] və jurnalisti Şimon Briman yazır ki, Fridman Qermanla daha üç məktub mübadiləsi apardı, sonra isə 1959-cu ilin dekabrında Tuvia onun "Mossad" əməkdaşları ilə əlaqə yaratmasına kömək etdi.[7]
Əksər mənbələrdə Tuvia Fridmanın bu işdə adı qeyd edilməməsinə baxmayaraq, onun adı İsraildə yayımlanan Eyxmanın tutulmasında iştirak edənlərin rəsmi siyahısındadır.[20] Bununla yanaşı, qeyd etmək lazımdır ki, Simon Vizentalın adı eyni siyahıdadır, baxmayaraq ki, onun Eyxmanın ələ keçirilməsindəki rolu tam aydın deyil və həm Harel, həm də Fridman tərəfindən onun iştirakı rədd edilir.[8][12][21]
"Mossad" Eyxmanın həyat yoldaşının Argentinadan gələn bir almana ərə getdiyini və bir müddət sonra onunla birlikdə Cənubi Amerikaya yola düşdüyünü öyrəndi. Beləliklə, adını və pasportunu dəyişdirən Eyxmanın özü ilə evləndiyinə dair bir ehtimal yarandı. "Mossad" bunu dəqiqləşdirmək üçün Argentinaya agentlərini göndərdi. Onlar Eyxmanı izləyərək onun Rikardo Klement adı altında gizləndiyinə və başqa bir qaçaq nasist olmadığına tam əmin oldular.[5][15][22]
Lotar Qermanın köməyi ilə Eyxmanın ailəsinin yaşadığı ünvan dəqiqləşdirildi: Buenos Ayres, Olivos rayonu, 4261 Çakabuko küçəsi. Ev fasiləsiz nəzarət altına alındı. Bununla birlikdə, agentlər buranın çox kasıb bir rayon olduğunu, evin də Avropadan xeyli məbləğdə pulla gələn yüksək rütbəli bir nasist üçün uyğun olmadığı söyləyirdilər.[9][22]
1958-ci ilin əvvəlində Eyxman Çakabuko rayonundakı evdən köçdü və yenidən israillilərin nəzarəti aqltından yoxa çıxdı. 1959-cu ilin dekabrında Argentinadakı "Mossad" agentləri yenidən Eyxmanın izinə düşdülər. Onun yeni ünvanı müəyyənləşdirildi: Buenos Ayres, San Fernando məhəlləsi (ing. San Fernando de la Buena Vista), Qaribaldi küçəsi. Ev Veronika Katarina Libl de Fixman adına alınmışdı. Bu ad, soyaddakı bir hərf istisna olmaqla (Fixman yerinə Eyxman) Eyxmannın həyat yoldaşının adı ilə üst-üstə düşürdü.[5][23]
Harel "Şabak"ın təcrübəli təhlükəsizlik təhqiqatçısı Zivi Aaroni Argentinaya göndərməyə qərar verdi. O, 1960-cı il fevralın 29-da Buenos Ayresə gəldi. Onun 4 köməkçisi var idi. Onların arasına İsrailin Argentinadakı səfirliyinin hərbi attaşesi İsak Elron və onun həyat yoldaşı Sara da daxil idi.[22]
Eyxmanın şəxsiyyətinin əlavə təsdiqlənməsi 1960-cı il martın 21-də Klementin evində bayram keçirildiyi zaman alındı. Eyxmanın sənədlərini araşdırdıqdan sonra agentlər bu gün Veronika və Adolf Eyxman cütlüyünün toylarının iyirmi beşinci ildönümünü qeyd etməli olduqlarını müəyyən etdilər.[24][25]. 1960-cı il aprelin 3-də müşahidəçilər gizlincə Eyxmanın yeni evinin yaxınlığında onun fotoşəkilini çəkməyə müvəffəq oldular.[23] Zivi Aaroninin topladığı fotoşəkillər və məlumatlara əsasən Eyxmanın şəxsiyyətinin müəyyənləşdirilməsinin kifayət qədər etibarlı əsaslara malik olduğu qərara alındı. Harel onu qaçırmağı planlaşdırmağa başladı; lakin tələ keçirilmə əməliyyatı zamanı şəxsiyyətin son təsdiqlənməsi baş verməli idi.[26].
Eyxmanın yerini müəyyənləşdirən İsrail höküməti onu gizli şəkildə Argentinadan İsrailə aparmaq qərarına gəldi. Eyxmanın ekstradisiya etmək cəhdinin onun növbəti dəfə yoxa çıxmasına səbəb olacağı təhlükəsi var idi.[27]
1945-ci ildən sonra Argentina nasistlər üçün əsl sığınacaq yeri kimi ad çıxarmışdı. Hitlerə rəğbət bəsləyən Argentina Prezidenti Xuan Peron saxta sənədlər ilə çox sayda almanın ölkəsinə girişinə nəinki göz yumur, həm də onların Avropadan qaçmasına kömək edirdi. Bir çox keçmiş nasist hətta Argentina silahlı qüvvələrində işə düzəlirdi.[28][29]
Hərbi xunta tərəfindən Peronun 1955-ci ildə devrildiyi vaxt, Argentina elitasında və xüsusən güc strukturlarında nasist əhval-ruhiyyəsi çox güclü idi. Eyxmanın ekstradisiyası ehtimalı israillilər tərəfindən çox az qiymətləndirilirdi və heç kim cinayətkarın yenidən qaçıb gizlənməsini istəmirdi. Bundan əlavə, Harelin yazdığı kimi, Eyxman Almaniyaya verilə bilərdi və müharibənin bitməsindən 15 il sonra Avropadakı nasistlər çox yumşaq hökmlər almağa başladılar. İsraillilər köhnə günahları bağışlamaq meylinə görə Eyxmanın ümumiyyətlə məsuliyyətdən kənar qalacağından qorxurdular.[27]
Eyxmanın qaçırılması əməliyyatına şəxsən "Mossad" direktoru İsser Harel rəhbərlik edirdi. Rafi Eytan operativ qrupun komandiri təyin edildi. Əməliyyatın bütün iştirakçıları könüllülər idi. Onların əksəriyyəti ya müharibə zamanı nasistlərdən əziyyət çəkmiş, ya da ölən qohumları olmuşdur. Əməliyyat iştirakçılarına Eyxmanın İsrailə təhlükəsiz və sağlam şəkildə çatdırılmasının vacibliyi xəbərdarlığı edilmişdi.[30].
Əməliyyata hazırlıq 1959-cu ilin sonlarında, birbaşa həyata keçirilməsinə hazırlıq isə 1960-cı ilin aprelində başladı. "Mossad" əməliyyatçıları Argentinaya ayrı-ayrı ölkələrdən və müxtəlif vaxtlarda gəlirdilər. Bu səfərləri təşkil etmək üçün "Mossad" hətta saxta səyahət şirkəti yaratmışdı.[25] Əməliyyatın keçirilməsi İsrail nümayəndə heyətinin Argentinanın müstəqilliyinin 150 illiyini qeyd etmək üçün Buenos Ayresə gələn rəsmi səfərinə həsr olunmuşdu. İsrailin Argentina ilə müntəzəm hava əlaqəsi olmadığından Eyxmanın rəsmi İsrail nümayəndə heyətinin təyyarəsində qaçırmaq qərara alındı. "El Al" aviaşirkətinin rəhbərliyi gizli əməliyyat barədə məlumatlandırıldı. Təyyarənin mayın 19-da Buenos Ayresə uçmağı və mayın 20-də geri qayıtması lazım idi.[31].
Aprelin 26-da ilk əməliyyat qrupu Eyxmanı izləməyə başladı, aprelin 29-da isə Harel əməliyyata birbaşa rəhbərlik etmək üçün Argentinaya uçdu. Ümumilikdə əməliyyatda 30 nəfər iştirak edirdi, onlardan da 12-si bilavasitə ələ keçirilmə, qalanları isə dəstək və təminatla məğul olmalı idi.[31]
Buenos Ayresdə "Mossad" əməkdaşları bir neçə ev və avtomobili icarəyə götürdü, rabitə sistemi qurdu, işin uğursuz nəticələnəcəyi halda təcili evakuasiya və əlavə variantlar da daxil olmaqla gələcək əməliyyatın ən kiçik detallarını hazırladı. Ələ keçirilmə zamanı qrupun sərəncamında yeddi ev, o, cümlədən iki şəhər mənzili əməliyyatdan bir neçə gün əvvəl icarəyə götürülmüşdü.[32].
Harel tərəfindən ələ keçirilmə əməliyyatının ilk vaxtı mayın 10-da təyin olunmuşdu. Sonradan əməliyyatçıların rəyləri nəzərə alınaraq son tarix bir gün irəli çəkildi.
Mayın 11-də iki maşın və yeddi nəfər Eyxmanın işdən dönməsini gözləyirdi. Axşam saat səkkizdə, Buenos Ayres küçəsində, Eyxman bir qrup "Mossad" agenti tərəfindən tutuldu.[33].
1-ci maşın:
2-ci maşın:
Eyxman adətən avtobusla axşam saat 7-də evə gəlirdi. Bu dəfə o, avtobusda deyildi. Növbəti avtobusda da o, yox idi. O, yalnız saat 20:05-də göründü, fənəri yandırdı və evə tərəf getdi.[14]. Eyxmanın tutulmasını sonradan "agent yeddi qırx" və ya "Eyxmanı tutan adam" kimi tanınan Piter Malkin şəxsən həyata keçirdi.[35] Eyxman pusquya 10 metr yaxınlaşdıqda, Malkin arxadan ona ispan dilində "Un momentito, señor!" ("Bir dəqiqə gözləyin, lord") deyə müraciət etdi və sonra "nelson" fəndi ilə boynunu sıxaraq yerə sərdi.[36] Avraham Şalom maşından atladı və Eyxmanın ayaqlarından tutdu. Rafi Eytan o biri tərəfdən yaxınlaşdı və üçü də Eyxmanı maşının içinə soxdular.[25] Malkinin sözlərinə görə, ələkeçirmə 20 saniyədən bir qədər çox çəkdi.[37] Yaxınlıqda hadisəni görə biləcək heç bir şahid yox idi. Rafi Eytan Eyxmanın heç bir müqavimət göstərə bilmədiyini və sadəcə mızıldadığını iddia edirdi.[14]
Maşında Eyxmanın əl və ayağı bağlanmış, gözlərinə qaranlıq eynək taxılmış və üstü yorğan ilə örtülmüşdür. Zivi Aaroni alman dilində dedi: "Sakit dur, yoxsa səni öldürəcəyik!", Eyxman tərpənmədi. Hər iki avtomobil "Mossad"ın icarəyə götürdüyü gizli evlərdən birinə girdi.[33]
Qaçırıldıqdan sonra Eyxman agentlər tərəfindən Buenos Ayres şəhərinin ətrafındakı icarəyə götürülmüş villaya aparıldı. Əvvəlcə silah və zəhərlə intihara cəhd şübhəsi ilə onun üzərində yoxlama aparıldı. Adolf Eyxmannn şəxsi işində göstərilmiş xüsusi əlamətlərlə onun şəxsiyyəti təsdiq edildi. Sonra Zivi Aaroni Eyxmanın şəxsiyyətini 100% əminliklə müəyyən etməyə imkan verən ilk sorğu keçirdi. Əsir tərəddüd etmədən SS-dəki nömrələrini - 45326 və 63752-ni və həmçinin NSAFP biletinin nömrəsini - 889895 söylədi.[38] Eyxman onu kimin tutduğunu başa düşdüyünü və qısa bir inaddan sonra əsl adını dedi.[14] Mayın 3-də agentlər İsrail hökumətinə Eyxmanın tutulması barədə məlumat verdilər.[39]
Əməliyyatın sonrakı gedişatına rəhbərlik etmək üçün Harel "mobil qərargah" yaratdı. Qrup üzvləri müəyyən bir saatda görüşlərin keçirildiyi kafelərin siyahısını aldılar. Beləliklə, hər məkana yalnız bir dəfə baş çəkilirdi.[40]
Eyxman villada 9 gün gecə-gündüz mühafizə altında keçirdi. Günün çox hissəsində Eyxman mühafizəçilərin üzlərini görməmək üçün qaranlıq eynək taxılaraq yatağa qandallanmışdı. Mühafizəçilərdən biri Eyxman ilə otaqda olur və onu daim diqqətdə saxlayırdı. İkinci gözətçi qapısı daim açıq olan qonşu otaqda idi. Eyxmanın mühafizəçilərinə onunla danışmaq qəti qadağan edilmişdi və Rafi Eytan əmrin ciddi şəkildə icrasına nəzarət edirdi. Gecələr həyətdə mühafizə üçün adam qoyulurdu. Mühafizəçiləri köməyə çağırmaq üçün Eyxmanın otağına həyəcan zəngi quraşdırılmışdı. Həyətdə təhlükə anında qaçmaq üçün hazır avtomobil park edilmişdi.[39]
Villada saxlanıldığı müddətdə bu və ya digər şəkildə Eyxman ilə əlaqə quranların hamısı Eyxmana qarşı təcavüz göstərməmək üçün özlərini və bir-birlərini nəzarətdə saxlamağa və diqqət etməyə məcbur olmuşdular. Harel yazır ki, villada yemək hazırlayan yeganə qadın əsiri zəhərləmək cəhdindən özünü güclə saxlaya bilmişdi.[39]
Təhlükəsizlik səbəbi ilə evə giriş və çıxış ciddi şəkildə məhdudlaşdırılmışdı. İsser Harel özü məhkumu yalnız mayın 15-də ziyarət etdi. İndi Eyxmanın tutulduğuna tamamilə əmin olduğunu nəzərə alaraq əməliyyatçılara yeni təlimatlar verdi. Əgər evə polis basqını olardısa, bu halda Eyxman nəyin bahasına olursa olsun başqa yerə aparılmalı idi. Bu mümkün olmadığı halda, Rafi Eytan özünü Eyxmana qandalamalı və açarı ataraq polisə məhbusun kimliyini bildirməli idi. "Mossad"a üzvlük qəti şəkildə rədd edilməli idi. Polis tərəfindən tutulma halında, əməliyyatçılardan özlərini İsrail könüllüləri kimi təqdim etmələri tələb edilirdi.[39][41]
Eyni zamanda Eyxmandan intensiv ifadələrin alınması davam edirdi. Harel agentlərin Eyxmandan etdiyi cinayətləri könüllü yazılı şəkildə etiraf etmələrini və İsraildə mühakimə olunmasına razılıq əldə edə bildiklərini iddia edir.
Mən, aşağıda imzanı atmış Adolf Eyxman könüllü olaraq bildirirəm ki, indi həqiqətən kim olduğum aşkara çıxdı və artıq məhkəmədən qaçmağa cəhdin mənası yoxdur. Mən İsrailə getməyə razı olduğumu və müvaffiq səlahiyyətli məhkəmə qarşısına çıxmağa hazıram. Sözsüz ki, hüquqi yardım alacağam və Almaniyada xidmətimin son illəri ilə bağlı faktları, heç nəyi gizlətmədən söyləyəcəyəm ki, gələcək nəsillər bu hadisələrin əsl mənzərəsini bilsinlər. Bu ərizəni könüllü olaraq imzalayıram. Mənə heç nə vəd etmədilər və hədələmədilər. Nəhayət dinclik tapmaq istəyirəm. Keçmişi artıq bütün təfərrüatlarla bərpa edə bilmədiyimdən və bəzən hadisələri xatırlamağım mümkün olmadığından, baş verənlərin mənzərəsini bərpa etməyə kömək edəcək sənədlər və şahidlər təqdim etməyinizi xahiş edirəm. Adolf Eyxman. Buenos Ayres, 1960-cı il may ayı. İsser Harel. "Cəlladın qaçırılması". 27-ci hissə
|
Mayın 19-da "El Al" təyyarəsi Buenos Ayres hava limanına endi. İsraillilər heç kəsin şübhələnməməsi üçün təhlükəsizlik tədbirlərini artırdılar. Mayın 20-də nahar vaxtı Xarel mobil qərargahını birbaşa hava limanına köçürdü, izdihamlı bir kafedə masaların birində əməliyyatın sonuna qədər işçilərinə əmr verdi.[42]. Mayın 20-də anestezioloq Yona Elian Eyxmana trankvilizator tərkibli iynə vurdu və əyninə İsrail pilotu paltarı geyindirildi. Bundan sonra Argentinanın müstəqilliyinin 150 illiyini qeyd etmək üçün Buenos Ayresə uçan "El Al" təyyarəsinin xəstə bir heyət üzvü olaraq hava limanına gətirildi və Argentina sərhədçilərinə pilot Rafael Arnonun adına olan pasport təqdim etdi. Bundan əvvəl, Arnonun iştirakı ilə uydurma bir avtomobil qəzası təşkil edildi və mayın 20-də guya xəstəxanadan "xəstənin uçuşu həkim nəzarəti altında köçürə biləcəyini" ifadə edən sənəd düzəldildi. Sərhədçilər israilliləri nəzarət məntəqəsindən buraxdılar və Eyxman anlaqlı vəziyyətdə olmadığından etiraz edə bilmədi.[43][44] Gecə yarısında göyərtəsində Eyxmanın olduğu "El Al" təyyarəsi İsrailə tərəf uçdu.[45].
Eyxman itkin düşdükdən sonra alman icmasından təxminən üç yüz üzvü bir həftə ərzində Buenos Ayresdə axtarış apardı və onlar dəmiryolu stansiyalarını, dəniz limanlarını və aerodromları nəzarətdə saxlamağa çalışdılar. Ancaq şübhəli heç bir şey aşkarlaya bilmədilər. Nə Argentina polisi, nə də Eyxmanın qohumları onun yerini müəyyənləşdirə bilmədi.[38]
Qüdsdə Eyxman polisə təhvil verildi. Mayın 22-də Knessetin iclasında İsrailin Baş naziri David Ben-Qurion "Adolf Eyxmanın İsraildə olduğunu və tezliklə məsuliyyətə cəlb olunacağını" açıqladı. Eyxmanın fəaliyyəti alman dilini mükəmməl bilən 8 zabitdən ibarət xüsusi qurulmuş "006 saylı idarə" adlı polis bölməsi tərəfindən araşdırıldı.[46] Tezliklə başlayan məhkəmə prosesində xolokost zamanı sağ qalan çox sayda insan şahid kimi çıxış etdi.
Proses zamanı Almaniya kansleri Konrad Adenauer hökuməti, nasistlərlə əməkdaşlıq edən hakimiyətin bəzi yüksək vəzifəli şəxslərinin adlarının yayımlanmasına mane olmağa çalışaraq, İsrail hakiminə rüşvət verməyi planlaşdırırdı.[47]
İstintaq başa çatdıqdan sonra hökumətin hüquq məsləhətçisi Qideon Hausner 15 maddəlik iddianamə imzaladı.[48] Eyxman insanlığa qarşı cinayətlərdə, yəhudi xalqına qarşı cinayətlərdə, cinayət təşkilatlarına üzvlükdə (SS və SD, Gestapo) ittiham olunurdu. Yəhudi xalqına qarşı cinayətlər milyonlarla yəhudinin həbs edilməsi, onların müəyyən yerlərdə cəmlənməsi, ölüm düşərgələrinə göndərilməsi, qətllər və əmlaklarının müsadirə olunması da daxil olmaqla, bütün növ təqibləri əhatə edirdi. İttiham aktı təkcə yəhudi xalqına qarşı cinayət deyil, digər xalqların nümayəndələrinə qarşı cinayətlərlə də əlaqələndirildi: milyonlarla polyakın sürgünü, on minlərlə qaraçının həbs və ölüm düşərgələrinə göndərmək, çex partizanları tərəfindən Reynxard Qeydrixin öldürülməsinə qisas olaraq Çexiyanın Lidiçe kəndindən 100 uşağın Lodz gettosuna göndərmək və onları məhv etmək daxil idi.[49]
1961-ci il dekabrın 15-də yəhudi xalqına və bəşəriyyətə qarşı vəhşiliklərdə günahkar bilinən Eyxmana müharibə cinayətkarı kimi edam hökmü oxundu.
İsrail prezidenti İshak Ben-Sivi onun əfvini rədd etdi.[50] Eyxman 1962-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ramla həbsxanasında asıldı; bu, məhkəmənin hökmü ilə İsraildəki ikinci və son ölüm cəzasıdır (İlk ölüm hökmü 1948-ci il iyunun 30-da kapitan Meir Tuvunskinin səhvən güllələnməsidir.). Başının bağlanmasından imtina edən Eyxman onlarla tezliklə yenidən görüşəcəyini və Allaha imanla öldüyünü söylədi.
Yaşasın Almaniya! Yaşasın Argentina![51] Yaşasın Avstriya! Həyatım bu üç ölkə ilə bağlıdır və onları heç vaxt unutmayacağam. Həyat yoldaşımı, ailəmi və dostlarımı salamlayıram. Müharibə qaydalarına əməl etməyə məcbur idi və bayrağıma qulluq etdim. Mən hazıram. |
Hökmü həbsxananın rəisi Şalom Nagar icra etdi. Asıldıqdan sonra Eyxmanın cəsədi yandırıldı və külü İsrailin ərazi sularından kənarda Aralıq dənizinə səpildi.
Eyxmanın İsraildə olduğu məlum olduqdan sonra, Argentina hökuməti İsraili onu qanunsuz qaçırmaqda günahlandırdı. 1960-cı il iyunun 8-də Argentina rəsmi olaraq Eyxmanın geri qaytarılmasını tələb etdi və iyunun 15-də İsrailin hərəkətlərindən BMT-yə şikayət etdi.[52] Şikayətdə bu hərəkətlərin “suverenlik hüquqlarının kobud şəkildə pozulması, dünyada sülhün qorunması üçün təhlükəli bir atmosfer yarada bilər" - bildirilirdi.[53]
Bu hadisəni müzakirə etmək üçün BMT-də xüsusi iclas çağırıldı. İsrail Xarici İşlər Naziri Qolda Meir, qanunu pozan hərəkətlərə görə Argentinadan rəsmi şəkildə üzr istədi, ancaq bu vəziyyətdə haqlı olduqlarını da bildirdi.[53] Rəsmi versiyaya görə, Eyxmanın dövlət xidmətində olmayan bəzi "yəhudi könüllüləri" tərəfindən qaçırılmışdır.[54] Argentina xüsusi xidmət orqanları İsrail kəşfiyyatının bu işdə iştirakını sübut edə bilmədi. Bununla belə, BMT Təhlükəsizlik Şurasının 23 iyun 1960-cı il tarixli 138[55] saylı qətnaməsində İsrail hökumətinin heç olmasa, Eyxmanın Argentinadan qaçırılması planını bildiyi və həyata keçirilməsinə razılıq verdiyi ifadə edildi.[56]
Eyxmanın qaçırılmasının başqa bir nəticəsi Argentinada gizlənən nasistlər arasında kütləvi panikaya gətirib çıxardı. Xüsusilə Eyxman itkin düşdükdən sonra Auşvitz həbs düşərgəsi məhbuslarına ən qəddar işgəncə verənlərindən biri olan "Ölüm mələyi" ləqəbli Yozef Mengele əvvəl Paraqvaya, daha sonra Braziliyaya qaçdı.[57][58][59][60] Rafi Eitanın və başqa bir Mossad veteranı Aleks Mellerin sözlərinə görə, Buenos Ayresdə Mengelenin izinə düşmüşdülər, ancaq onu Eyxmanla eyni vaxtda və ya Eyxmanın tutulmasından dərhal sonra ələ keçirmək çox riskli idi.[61][62] Sonra "Mossad"ın bütün resursları "Yosele davası"na cəlb edildi və bu müddətdə Mengele izini itirməyi bacardı.[14]
Nasistlərə rəğbət bəsləyən ərəb mətbuatı Eyxmanı açıq şəkildə müdafiə edirdi. Xüsusilə, ingilisdilli İordaniya qəzeti "The Jerusalem Times" 24 aprel 1961-ci il tarixli nömrəsində yayımladığı məktubda Eyxman vasitəsi ilə "bəşəriyyətə bir xeyir gəldiyini" və "məhkəmənin 6 gün ərzində qisas almaq üçün qalan altı milyonun məhvi ilə sona çatacağına" inandığını bildirirdi.[63][64]
Düz 40 il sonra 2000-ci il iyunun 15-də Argentina Prezidenti Fernando de la Roi, ABŞ-a rəsmi səfəri zamanı İkinci Dünya Müharibəsindən sonra ölkəsinin nasistlərə sığınacaq verdiyi üçün bütün Xolokost qurbanlarından "ən dərin və ən səmimi şəkildə" üzr istədi. De la Roi Argentina hökumətinin nasist cinayətkarlarının ölkəyə necə girməyi bacardıqlarını araşdıracağını və cinayətlərdə günahkar olan bütün nasistlərin cəzalandırılacağını vəd etdi.[53]
SSRİ-də Eyxmanın tutulması, Qərbin (İsrail də daxil olmaqla) keçmiş nasistlərin kifayət qədər təqib etməmək konteksində zəif şəkildə işıqlandırılırdı. Sovet mətbuatında İsrail digər nasist cinayətkarlarının ifşa edilməsinin qarşısını almaq üçün Almaniya Federativ Respublikasının bütün tələblərini yerinə yetirən asılı bir dövlət kimi göstərilirdi. Sionist hərəkatının rəhbərliyi "Hitlerin varisləri Bonn revanşistləri ilə qanlı bir müqavilə bağlamaqda" günahlandırılaraq milyonlarla qurbanın xatirəsinə xəyanət etməkdə ittiham edilirdi. Eyxmanın məhkəməsində, SSRİ ölkə ərazisində mülki şəxslərə qarşı müharibə cinayətlərində günahkar olan faşistləri mühakimə etmək üçün bir fürsət gördü, SSRİ milyonlarla Sovet vətəndaşının ölümünə cavabdeh olaraq Eyxmanın işində maraqlı tərəf idi. İsrailin Eyxmanı mühakimə etmək hüququ yalnız ayrı-ayrı media vasitələrində şübhə altına alınmışdı.[65]
2006-cı ildə ABŞ-da arxivlərin açılması nəticəsində məlum olmuşdur ki, 1958-ci il martın 19-da Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi Qərbi Alman kəşfiyyat xidmətindən Eyxmanın olduğu yer və gizləndiyi ad haqqında məlumat almışdı. Lakin MKİ və Qərbi Alman kəşfiyyatı Eyxmanın Federal Kansler Konrad Adenauer katibliyinin rəhbəri vəzifəsini icra edən Hans Qlobkenın nasist keçmişi haqqında məlumat verə biləcəyindən qorxaraq bu məlumatları gizlətməyə qərar verdi.[66]
Nyu Yorkdakı Yəhudi İrsi Muzeyində bir müddət Eyxmanın qaçırıldığı gecə Peter Malkinin əlində olan əlcəyin tuncdan tökülmüş qəlbi nümayiş etdirilmişdir. Malkin Eyxmana çılpaq əlləri ilə toxunmaqdan iyrəndiyini söyləyirdi.[67] 2007-ci ilin may ayında Eyxmana Rikardo Klementin adına verilən pasport Buenos Ayresdəki Holokost Muzeyinə verildi. Pasport Buenos Ayresin məhkəmə arxivində tapılmışdırdı. Buraya isə o, polis tərəfindən verilmişdi. 1960-cı ilin may ayında Eyxmanın arvadı ərinin itməsi üçün ərizə verərkən pasportu polisə təqdim etmişdir.[68][69]
Eyxmanın qaçıran şəxslərin bəzi "yəhudi könüllüləri" yox, məhz "Mossad" agentləri olduğu 2005-ci ilin fevral ayında rəsmən etiraf edildi.[70] Həmçinin Eyxmanın qaçırılmasının iştirakçılarının tam siyahısı yalnız 2007-ci ilin yanvarında dərc edildi.[20] Əməliyyatda iştirak edən anestezioloqun adı 2007-ci ilin aprelində açıqlandı.[71]
2007-ci il iyunun 26-da İsrail Prezidentinin səlahiyyətlərini icra edən Dalia İtsik əməliyyat iştirakçılarına fəxri diplomlar və xatirə hədiyyələrini təqdim etdi. Əməliyyatın bir başa iştirakçılarından (Piter Malkin, Moşe Tavor və Şalom Dani) üçü artıq həyatda deyildilər.[72]
12 dekabr 2011-ci il dekabrın 12-də Qüdsdəki Knessetdə İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə Adolf Eyxmanın qaçırılması əməliyyatına həsr edilən sərgi açıldı. Sərgidə dövlət arxivindən ilk dəfə "Mossad" tərəfindən Argentinada Eyxmanın qaçırılması ilə əlaqədar, habelə İsraildəki məhkəmə işinə aid unikal eksponatlar və sənədlər nümayiş etdirilmişdi. Həmçinin bu eksponatlar arasında Ben-Qurionun Eyxmanın tutulması barədə əmri, cinayət işinin hökmü, oğurluq zamanı istifadə olunan anesteziya üçün xüsusi şpris, "Mossad" agentlərinin pasportları, biletləri və əlcəkləri, Eyxmanın məhkəmə salonunda saxlanıldığı şüşə otağı ümumi baxışa təqdim edilmişdir.[73][74]
Adolf Eyxmanın özünün fəaliyyətinə, həm də qaçırılmasına aid bir neçə əsər yazılmış, bədii və sənədli filmlər çəkilmişdir. Belə ki, onun qaçırılması və məhkəməsi hekayəsi bütün dünyada məşhurlaşdığından dərhal dünyanın dörd bir yanından olan dramaturqların, yazıçıların və jurnalistlərin diqqətini cəlb etmişdir. Ancaq bu hekayənin vizuallaşdırılması yalnız 1968-ci ildə mümkün oldu, o zaman aktyor və ssenarist Robert Şou bu barədə roman yazdı və "Broadvey"də "Şüşə qəfəsdə adam" pyesini səhnələşdirdi. 1975-ci ildə bu roman və pyes əsasında rejissor Artur Hiller bir neçə ay ərzində Eyxmanın məhkəməsinin materialları və Xanna Arendtin məqalələri ilə tanış olaraq Maksimilian Şellin baş rolunu oynadığı "Şüşə qəfəsdə adam" bədii filmini çəkdi. Nasist cinayətlərinə görə kollektiv və fərdi məsuliyyətin mürəkkəb və mübahisəli mövzuları arasında çəkilən film, Xolokost qurbanlarının dolayı olaraq günahları və onların passivliyi məsələsini qaldırır, eyni zamanda İsrail Dövləti tərəfindən "Xolokostun özəlləşdirilməsinin" və "Qana qan" siyasətinin həyata keçirilməsinin mümkünlüyünün mənəvi və etik problemlərini qaldırır.
1961-ci ildə Tuvia Fridman redaktor David Qross ilə birlikdə “Ovçu” (ing. The Hunter) avtobioqrafik kitabını nəşr etdirmişdi. Kitab 2007-ci ildə təkrar nəşr edilmişdir.[75][76] 1961-ci ildə yazıçı Moşe Perlmanın "Eyxmanın Qaçırılması" kitabı (ing. The Capture of Adolf Eichmann)[77][78] Təl-Əvivdə ivrit dilində[79] və Londonda ingilis dilində nəşr olundu.[80] 2001-ci ildə Perlmanın "Adolf Eyxman necə tutuldu" kitabı rus dilində nəşr edildi.[81].
İsser Harel bu hadisələr haqqında "Qaribaldi küçəsindəki ev" kitabını yazmışdı.(ivr. הבית ברחוב גריבלדי, תל אביב: ספריית מעריב) 1975, (ing. The House on Garibaldi Street[82]) Bu kitab 1992-ci ildə rus dilində "Cəlladın oğurlanması" adı ilə nəşr edilmişdir. Kitabın yazıldığı zaman "Mossad"ın agentləri rəsmi olaraq açıqlanmadığından, Harelin əsərində onlar təxəllüs altında verilmişdir. Məsələn, "Cəlladın qaçırılması" kitabında Rafi Eitan - "Qaby", Piter Malkin - "Eli", Zvi Aaroni - "Kenet" və s. adlar altında keçir. Öz adı altında verilən yeganə agent 1963-cü ildə vəfat edən saxta sənəd hazırlama mütəxəssisi Şalom Dani idi.[83]
1990-cı ildə amerikalı yazıçı Harry Stein ilə həmmüəllif olaraq Piter Malkin "Eyxman əlimizdədir" (ing. Eichmann in My Hands) kitabını yazmışdır. 1990-cı ildə Tuvia Fridman "Əməliyyatdakı rolum" sənədlər toplusunu nəşr etdirdi.[84]
1996-cı ildə Zivi Aaroni alman yazıçısı Vilhelm Dietl ilə birlikdə "Der Jäger — Operation Eichmann" kitabını buraxmışdılar.
1961-ci ildə Eyxman hələ də İsrail həbsxanasında olarkən, ABŞ-da rejissor R.J.Sprinqstin tərəfindən çəkilmiş "Eyxman Əməliyyatı" (ing. Operation Eichmann) bədii filmi sərbəst prokata buraxıldı. Eyxman rolu Verner Klemperer tərəfindən canlandırılmışdır.[85] İsser Harelin "Qaribaldi küçəsindəki ev" əsəri əsasında 1979-cu ildə Xaim Topol və Martin Balsamın baş rollarda çəkildiyi "Garibaldi küçəsindəki ev" ("The House on Garibaldi Street")[86] bədii filmi çəkilmişdir. 1996-cı ildə Harry Stein ilə Piter Malkinin yazdığı "Eyxman əlimizdədir" kitabı əsasında "Eyxmanı tutan adam" telefilmi çəkilmişdir. Filmdə Eyxman rolunu Robert Duvall, Malkinin obrazını isə Arlis Howard canlandırmışdır. Filmin konsultantı Malkin olmuşdur.[87]
2006-cı ildə Rusiyada Tuvia Fridmanın fəaliyyətinə həsr olunmuş rejissor Fyodor Stukovun "Nasist Ovçuları" 4 epizodlu sənədli filmi ekranlara buraxıldı.[88][89] 2007-ci ildə İsrail məhkəməsi sənədlərinə əsaslanan bioqrafik "Eyxman" ingilis-macar filmi ekranlara buraxıldı. Filmdə baş rolda Tomas Kreçmann çəkilmişdir. Eyxmanın qaçırılması mövzusu ilə dolayı əlaqəli bir çox əsərlərdə yaradılmışdır.[90] Məsələn 2007-ci ildə ekranlara çıxan "Borc" bədii filmində üç gənc "Mossad" agentinin sağ qalan nasist cinayətkarlarından birini axtarmaq üçün Avropaya yola düşdüyü əks olunur.[91] 2009-cu ildə "Miramax" studiyası əsas rolların birində Helen Mirrenin çəkildiyi eyni adlı filmin remeykini buraxdı. Film 2011-ci ilin avqustunda studiyanın bağlanmasından sonra yayımlandı.[91][92].
2018-ci ilin avqustunda Ben Kinqslinin oynadığı Eyxmanın tutulmasından bəhs edən "Final əməliyyatı" (ing. Operation Finale) filmi nümayiş olundu.[93].
2019-cu ildə F.Dikin yazdığı "Yüksək qaladakı adam" romanının motivləri əsasında çəkilən teleserialda, 1964-cü ildə alternativ gerçəklikdə SS oberstqruppenfüreri Eyxman obrazını aktyor Timoti V. Mörfi canlandırır.