III Fəribürz (1225, Şamaxı – 1243, Şamaxı) — Şirvanşahlar dövlətinin iyirmi altıncı hökmdarı, Şirvanşah I Güştaspın oğlu.
III Fəribürz ibn I Güştasp | |
---|---|
| |
Şirvanşahlar Dövlətinin XXVI hökmdarı | |
1225 – 1243 | |
Əvvəlki | I Güştasp |
Sonrakı | II Axsitan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1225 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | I Güştasp |
Uşağı | |
Dini | Sünni İslam |
I Gərşəsb h.622 (1225)-ci ildə taxtdan salınandan sonra elə həmin il Şirvanın hakimi onun oğlu III Fəribürz oldu. O, xoş əxlaqı ilə öz qoşununun və rəiyyətinin məhəbbətini qazandı. Lakin Fəribürzün hakimiyyəti dövründə gürcülərin basqınları, sonra isə Xarəzmşahın hücumu kimi kədərli hadisələr baş vermişdir.
Gərşəsb devrildikdən sonra Fəribürz ona aşağıdakı məzmunda məktub göndərmişdi. "Mən səni qalaların birində saxlamaq, səni və sənin yanında saxlamağı arzu etdiyini bütün şəxslərə bol təminat təyin etmək istəyirdim. Lakin sənin nalayiq hərəkətlərin, ölkənin əhalisinə qarşı ədalətsizliyini və onların sənə bəslədiyi nifrət məni səninlə rəftar etdiyim kimi davranmağa vadar etdi".[2] Bundan sonra Gərşəsb kömək istəmək üçün gürcülərin yanına getdi. Bu vaxt Gürcüstanda hökmranlıq edən Rusudana ona yardım göstərdi. Hakimiyyəti özünə qaytarmaq uğurunda oğlu ilə müharibə aparmaq üçün onu ordu ilə təchiz etdi. Gərşəsb qalib gələrsə, ölkəsinin yarısını gürcülərə verməyi vəd etdi. O, böyük gürcü ordusu ilə hərəkət edərək Şirvan (ehtimal ki, Şamaxı) şəhərinə yaxınlaşdı. Bu arada Fəribürz öz sərkərdələrini toplayaraq vəziyyəti onlara izah etdi və dedi: "Ola bilsin ki, bizi mühasirəyə alan gürcülər qalib gəlsinlər və o zaman atam heç birimizi sağ qoymayacaqdır, gürcülər isə ölkənin yarısını, bəlkə də hamısını tutacaqlar. Bu isə dəhşətli olacaqdır. Biz onlara qarşı bir dəstə ilə çıxmalı və onları birinci olaraq qarşılamalıyıq. Əgər biz qələbə qazansaq, Allaha çox şükür, onlar qalib gəlsələr, o zaman (xilas yolu) mühasirədədir". Qoşun başçlıları bununla razılaşdılar və III Fəribürz min nəfərə yaxın kiçik bir süvari dəstəsinin başında gürcülərin üçminlik qoşununun qabağına çıxdı, döyüşdə qalib gələrək onları darmadağın etdi. Qaçmağa başlayan gürcülərin bir çoxu öldürüldü və əsir alındı. Çox az adam, o cümlədən devrilmiş Şirvanşah canını qurtara bildi və olduqca pis vəziyyətdə Gürcüstana qayıtdı.
Gürcülərin nümayəndələri Gərşəsbə onların ölkəsini tərk etməyi təklif etdilər. "Sənin ucbatından biz heç nə əldə edə bilmədi. Lakin biz səni qınamırıq, ancaq daha bizim ölkəmizdə qalma". Gərşəsb Gürcüstanı tərk etdi, lakin uzun müddət sığınacaq tapa bilmədi. Bu hadisələrdən sonra III Fəribürzün Şirvanda hakimiyyəti möhkəmləndi. "O, ədalətli hökmdar idi, qoşun və rəiyyətlə yaxşı rəftar edirdi, camaatın torpağını və zorakılıqla əlindən alınmış pullarını özlərinə qaytardı və onlar Sirvanşahın hakimiyyəti sayəsində xoşbəxt həyat sürdülər".
Bəhs edilən hadisələrdən azacıq sonra, 1225-ci ildə, Xarəzmşah Cəlal əd-Din Məngburni böyük ordu ilə Cənubi Qafqaz ölkələrinə soxuldu. O, yetmiş minlik gürcü ordusunu darmadağın edərək, qaçmağa məcbur etdi və ölkələrini viran qoydu. Sonra o, Azərbaycanı və Gəncəni zəbt etdi. Hələ I Axsitan dövründən Xarəzmşahların artmaqda olan qüdrətini görən Şirvanşahlar onlarla dostluq münasibətləri yaratmağa çalışırdılar. Cəlal əd-Dinin atası Əlaəddin Məhəmmədin (1200-1220) Şirvana hücumundan qorxuya düşən I Gərşəsb ta Dərbəndə qədər Şirvan şəhərlərinin məscidlərində sultanın şərəfinə xütbə oxunmasını əmr etmişdi.[3][4]
Ən-Nəsəvinin məlumatına görə sultan (Cəlal əd-Din) h.622 (1225)-ci ildə Arranı ələ keçirdikdən sonra Şirvanşah Fəribürz ibn Gərşəsbə (mətndə, səhvən, Əfridun ibn Fəribürz getmişdir. Ehtimal ki, ən-Nəsəvi III Fəribürz əvəzinə onun Şəki və Qəbələ hakimi olan oğlu Əfridunun adını çəkmişdir) məktub göndərərək, Məlik şahın xəzinəsi üçün ayrılmış xəracı tələb etmişdi. Lakin Şirvanşah öz dövlətinin ağır vəziyyətdə olduğunu, ölkəsinin böyük bir hissəsinin, məsələn, Şəki və Qəbələnin onun nəzarəti altından çıxdığını bəhanə gətirdi. Həm də, gürcülər ölkənin ucqarlarını zəbt etmişdilər. "Bu məsələ barəsində onlar, bir-birinə elçi göndərməkdə davam etdilər və nəhayət, hər il Cəlal əd-Dinin xəzinəsinə əlli min dinar verilməsinə razılaşdılar".[5][6][7]
Xarəzmşah Gürcüstana soxulduqdan sonra "gürcülərin bir neçə il ondan əvvəl, hələ güclü olarkən Şirvanşahın əlindən tutub aldıqları" Şirvan şəhərlərini – Şəki və Qəbələni geri qaytardı və həmin şəhərlərə hakimlər təyin etdi. Xarəzmşahın Beyləqana və Muğana iqta şəklində sahib olan vəziri Şərəf əl-Mülk ixtiyarında olan vilayətləri çapıb-talayır, türkmənlərin mal-qarasını qovub aparır, həmin yerlərin bütün gəlirlərini mənimsəyirdi. Şərəf əl-Mülk 1227-ci ildə Muğanda olarkən III Fəribürzdən Şirvanşahın sultanın xəzinəsinə verməyi öhdəsinə götürdüyü 50 min dinar tələb etdi. Lakin vəzirin həmin pulu mənimsəmək istəməsindən şübhələnən Şirvanşah pulu verməkdən imtina etdi. Onda Şirvanşahı cəzalandırmaq qərarına gələn vəzir Şirvana soxulmaq məqsədilə dörd min süvari ilə Kürün sahillərinə yaxınlaşdı. Lakin Şirvanşah Şirvanı tərk etdi və Şərəf əl-Mülkün ekspedisiyası bir nəticə vermədi. Bundan sonra vəzir Arazı keçərək Şirvanşaha məxsus olan Güştəsbi vilayətini tutdu. Şirvanşahın amillərini (vergi yığanlarını) oradan qovdu və vilayəti 200 min dinara icarəyə (daman) verdi. Şərəf əl-Mülkün bu hərəkəti Fəribürzü Güştəsbi vilayətinin gəlirindən məhrum etdi. Güştəsbi vilayəti Kür və Araz çayları arasında yerləşirdi və ora ancaq gəmi ilə getmək olardı.[8]
Xarəzmşah Cəlal əd-Din Tiflisi aldıqdan sonra Gərşəsibn oğlu Cəlal əd- Din Sultanşahı əsirlikdən qurtarıb özü ilə apardı və Muğana qayıtdıqdan sonra Güştəsbi vilayətini iqta şəklində ona verib həmin vilayətin sahibi etdi. Nəsəvi yazır: "Sultan gürcülərin ölkəsini tutanda yetimi əsarət məngənəsindən azad etdi... Şirvanşahın oğluna gəlincə, o, sanki gözəl bir halə arasındakı parlaq mirvari dənəsi idi. Sultan ona ən yüksək səviyyədə tərbiyə verdi, hökmdar övladı kimi sünnət etdirdi. Sonra onu atasından qalan mirasın bir hissəsinin – Güştəsibnin hakimi təyin etdi..."[9] Nəsəvi Cəlal əd-Din Sultanşahı yetim adlandırır ki, bu da onun Rəşid, yaxud Fəribürzün deyil, Gərşəsibn oğlu olduğunu göstərir. Xarəzmşah Soltanşahı əsirlikdən Tiflisi aldıqdan sonra, h.623-cü il rəbiüləvvəl ayının 8-də (9 mart 1226), Gərşəsb artıq həyatda olmadığı vaxt azad etmişdi. Bu vaxt Xarəzmşahın Şirvana soxulacağından qorxuya düşən III Fəribürz "Sultanın xalçasına ayaq basmasının onun üçün şərəf sayılacağını, taleyin dönüklüyündən qoruyacağını, qara gün üçün ehtiyat alacağını" fikirləşərək sultanın qərərgahına gəldi. Şirvanşah sultana 500, vəzir Şərəf əl-Mülkə isə 50 türk atı hədiyyə verdi. Bəxşişin azlığından narazı qalan vəzir sultana Şirvanşahı həbs etməyi və ölkəsini sultanın onunla qonşu olan torpaqlarına birləşdirməyi məsləhət gördü. Lakin sultan vəzirinin məsləhətinə baxmayaraq Şirvanşaha fəxri geyim bağışladı və ona "hakimliyinin təsdiq olunması və (xəzinə üçün) nəzərdə tutulan məbləğin iyirmi min dinar azaldılması" barədə fərman (tayki) verilməsini əmr etdi. Şirvanşah da fərmanın tərtibinə görə vəzirə min dinar bağışladı.[7] Beləliklə, Şirvanşah öz müstəqilliyini, ölkəsini isə dağıntıdan və müharibədən qoruyub saxlaya bildi.
III Fəribürzün hakimiyyəti dövründə, h.629 (1231/2)-cu ildə Azərbaycan ikinci dəfə 8 il ərzində Qafqaz ölkələrini, o cümlədən Şirvanı işğal etmiş monqolların hücumuna məruz qaldı. Numizmatik və epiqrafik məlumatlar ölkənin monqol işğalı dövründə Şirvanşahın real vəziyyətini əks etdirir. III Fəribürzün də, atası kimi, bir neçə sikkəsi qalmışdır. Onlardan ən qədimi h.622 (1225)-ci ilə aiddir. Onların bir tərəfındə "əl-məlik əl-müəzzəm Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr", digər tərəfındə isə həmişəki kimi din rəmzi və xəlifə ən-Nəsirin (h.572-622 (1180-1225)-ci illər) adı var. İkinci növ sikkədə "əl-məlik əl-müəzzəm Əlaəd-Dünya və-d-Din Fəribürz ibn Gərşəsb, Nasir əmir əl-möminin" sözləri və xəlifə əl-Müstənsir-billah əmir əlmöminin (h.623-640 (1226-1242)-cı illər) adı, həmçinin ənənəvi dini rəmzi var. Üçüncü növ sikkənin üz tərəfində sonuncu Abbasi xəlifəsi əl-Müstəsim-billahın (h.640-656 (1242-1258)-ci illər) adı, əks üzündə isə "əl-məlik əl-müəzzəm Əlaəd-Dünya və-d-Din Əbü-1 Müzəffər Fəribürz ibn Gərşəsb ibn Fərruxzad, Nasir əmir əl-mömininin" sözləri həkk olunmuşdur.[10]
Sikkələrdə gətirilən ləqəb və titullar Şirvanşahın müstəqilliyini göstərir. Ölkə monqollar tərəfindən işğal olunmasına baxmayaraq, Şirvanşah onlardan tam asılı deyildi. Bunu numizmatik məlumatlar da təsdiq edir. Şirvanşah III Fəribürzün adından bütün titulları göstərilməklə kəsilmiş sikkələrin heç birində böyük xaqanın adı çəkilmir. Ehtimal ki, Şirvanşah monqol süzerenlərinə xərac verməklə kifayətlənməmişdir. Bu vəziyyət XIII əsrin 60-cı illərinədək davam etmişdir. Fəribürzün adı Şirvanın epiqrafık abidələrində də çəkilir. Şirvanşah III Fəribürzün hakimiyyəti dövründə Bakının Bayıl buxtasındakı qala istehkamının tikintisi başa çatdırılmışdır. Həmin istehkamın xarici perimetri 800-ə yaxın daş üzərində oyulmuş epiqrafık kitabələr olan dekorativ frizlə dövrələnmişdir. Qırıq-kəsik ibarə və sözlər arasında Məzyədi və Kəsrani Şirvanşahların şəcərəsini göstərən şəxs adları, o, cümlədən Fəribürzün adı və tikintinin başaçatma tarixi – h.623 (1234/5)-cü il oxunmuşdur.[11][12][13][14] Pirsaatçay xanəgahının şərq divarının portalındakı nəsx xətti ilə yazılmış 4 sətirlik kitabədə bu memarlıq abidəsinin tikilməsinə dair məlumat verilir: "Bu binanı dünya hökmdarı, adil, yardım göstərən,. qalib, islam və müsəlmanlar padşahlığının dini və dünyəvi yüksəlişi, hökmdar və sultanların tacı Cam Əfridunun vəliəhdi olan Əbül Müzəffər Fəribürz ibn Gərsəşb ibn Fərruxzad ibn Mənuçöhr, möminlərin köməkçisi – Allah onun tərəfdarlarını möhkəmləndirsin! – hakimiyyəti dövründə böyük sədr, sevimli, hörmətli, Xorasanın vüqarı Xəzər Vasak adlı ilə məşhur Həsən ibn Məhəmməd ibn Hüseyn Bavəndinin – Allahın xeyriyyə işləri köməyi uzadılsın – pulları ilə tikməyi əmr etmişdir. Rəcəb ayında – altı yüz qırx birinci ildə (h.641 (1243/4)-ci il)." [15] Fəribürzün adi xanəgahdakı minarənin karnizinin altındakı iki kiçik kitabədə də xatırlanır. Onlardan birində memarın adı çəkilir. "Tikməyi ustad Mahmud ibn Maqsuda hökmdar Fəribürz əmr etmişdir". [16]
SƏLƏF I Güştasp |
III Fəribürz Kəsranilər |
XƏLƏF II Axsitan |
Gerçekten de taşlarda görülen 12 insan figürü ayrıntılı biçimde incelendiğinde, -üslup bakımından kısmen klişelişmiş yüz ifadelerine rağmen-, bunların alelade çizilmiş birer süsleme unsurundan çok, dönemin bazı önemli şahsiyetlerini tasvir eden bir çeşit portre niteliği taşıdığı30 sezilmektedir. Taşların üzerindeki bu insan başı tasvirlerinin birinin yanında “Şirvanşah Feriburz”’un adının ve Gürcü tipinde bir kadın tasvirinin yanında da “Gürcü” adlarının okunması31 bu kanıyı güçlendirmektedir (Res. 7-10).