SSRİ-Əfqanıstan müharibəsi

Əfqanıstan müharibəsi — 1979-1989-cu illərdə SSRİ-nin Əfqanıstanda apardığı müharibədir. 1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçmişdir. Sovet ordusu ölkəni tərk etdikdən sonra da müharibə davam etmişdir.

Əfqanıstan müharibəsi
Tarix 1979-1989
Yeri Əfqanıstan
Nəticəsi Cenevrə sazişi, SSRİ qoşunlarının geri çəkilməsi
Münaqişə tərəfləri

SSRİ SSRİ

Əfqanıstan Əfqanıstan

Komandan(lar)

Leonid Brejnev

Gülbəddin Hikmətyar

Tərəflərin qüvvəsi

80—104 min

140 min

İtkilər

15.052 ölü
53.753 yaralı
417 itkin

70—90 min

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1885-ci ildə Rusiya qüvvələri Panjdeh insidenti zamanı Əfqanıstan qüvvələrindən Amudəryanın cənubundakı Panjdehdə mübahisəli ərazini ələ keçirdi. Sərhəd 1885–1887-ci illərdə birgə ingilis-rus Əfqanıstan Sərhəd Komissiyası tərəfindən razılaşdırılmışdır. Rusiyanın bölgəyə marağı sovet dövründə də davam etdi, 1955 və 1978-ci illər arasında milyardlarla iqtisadi və hərbi yardım Əfqanıstana göndərildi.[1]

1978-ci ildə Saur İnqilabından sonra 27 aprel 1978-ci ildə Əfqanıstan Demokratik Respublikası yaradıldı. Hökumət kasıb yoxsul, fermer-cütçü sosialist gündəmində idi. Sovet İttifaqı ilə yaxın münasibətləri vardı. 5 dekabr 1978-ci ildə Sovet İttifaqı və Əfqanıstan arasında dostluq müqaviləsi imzalanmışdır.[2] 1979-cu ilin fevralında ABŞ-nin Əfqanıstandakı səfiri Adolf Dabs, Setami Milli militanları tərəfindən qaçırılmış və sonra Sovet məsləhətçilərinin köməkliyi ilə Əfqan polisinin həyata keçirdiyi hücum zamanı öldürülmüşdü. Onun ölümü Əfqanıstan-Amerika əlaqələrində böyük bir gərginliyə gətirib çıxardı.[3]

Sovet əsgərləri Kabildə, 1986-cı il

1978-ci ildə Əfqanıstan Xalq Partiyasının (ƏXP) rəhbəri, SSRİ-yə meylliliyi ilə tanınan Nur Məhəmməd Tərəki rəqibi Həfizulla Əmin tərəfindən qətlə yetirildi. Hakimiyyət Aminin rəhbərliyi altında olan ƏXP-nin "Hezb" qanadının əlinə keçdi. Aminin ölkədə həyata keçirdiyi iqtisadi-siyasi islahatlar iri mülkədarlar tərəfindən müsbət qarşılanmadığından Əfqanıstanın müxtəlif əyalətlərində mərkəzi hakimiyyətə qarşı çıxışlar baş verməkdə idi. Bu çıxışlar Pakistan, həmçinin ABŞ da daxil olmaqla, bir sıra qərb ölkələri tərəfindən dəstəklənirdi. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verdi.

Beynəlxalq ictimaiyyat Sovet qoşunlarının Əfqanıstana təcavüzünü olduqca kəskin etirazla qarşıladı. BMT-nin Baş Məclisi SSRİ silahlı qüvvələrinin tezliklə Əfqanıstandan çıxarılmasını tələb edən qətnamə qəbul etdi. Bir çox ölkələr 1980-ci ildə Moskvada keçirilən dünya olimpiadasını boykot etdilər. Amerika taxılının SSRİ-yə satılmasına qadağa qoyuldu. Strateji silahların məhdudlaşdırılması haqqında Sovet-Amerika sazişinin Senatda ratifikasiyası dayandırıldı. Pakistan və İran ərazilərində yüzlərlə düşərgə yaradıldı. Sonralar bu düşərgələr mücahidlər hazırlamaq üçün bazalara çevrilmişdilər. Sovet qoşunlarının Əfqanıstana yeridilməsi o zamankı rəhbərliyin, xüsusan Sovet İKP MK-nın Baş Katibi L.İ.Brejnevin çox böyük siyasi səhvi idi. Sonralar bu səhv ciddi şəkildə pislənildi. SSRİ ilə hesablaşmayan və Əfqanıstanın işğalı ilə razılaşmayan ABŞ Konqresi 1980-ci ilin aprel ayında Əfqanıstan müxalifətinə birbaşa yardım məqsədilə 15 milyon dollar yardım ayrılmasına razılıq verdi. Bundan başqa ABŞ və Qərbi Avropa hökumətləri SSRİ qarşı döyüşən əfqan mücahidlərinə külli miqdarda silah-sursat verirdilər. Dünya ictimaiyyətini də SSRİ-nin işğalçı olduğuna inandırırdılar. Bir sözlə, Əfqanıstan müharibəsi Qərblə SSRİ arasında gedən müharibənin sonuncusu oldu. 70-ci illərin sonlarında başlayan müharibə qurtarmaq bilmirdi. Müharibə nəticəsində yaşayış məntəqələri dağıdılmış, əhali kütləvi şakildə (5 milyona yaxın) Pakistana, İrana və başqa ölkələrə qaçmışdılar. Təsərrüfat dağılmış, ərzaq məhsulları istehsalı kəskin surətda aşağı düşmüş, bir çox müəssisələr fəaliyyətini dayandırmışdılar. Aclıq, dağıntı, qardaş qırğını əhalini fəlakət qarşısında qoymuşdu. Bu da etnik, tayfa va siyasi qrupların silahlı mübarizəsinə arxalanan təməlçi islamçı, millətçi cərəyanların mövqelərinin kəskin surətdə güclənməsinə səbəb olmuşdu. Vəziyyəti sabitləşdirmək, vətəndaş müharibəsini dayandırmaq, xarici müdaxiləyə son qoymaq üçün ƏXDP "Əfqanıstanda milli barışıq haqqında" bəyannamə qəbul etdi. 1987-ci il yanvarın 15-dən ölkənin hər yerində hərbi əməliyyatlar dayandırıldı. İqtidar və müxəlifət qüvvələrinin iştirakı ilə Koalisiya hökuməti yaratmaq haqqında təklif irəli sürüldü. Milli barışığın əldə edilməsi üçün yeni Konstitusiya qəbul edildi. Konstitusiyada bütün vətəndaşların hüquq bərabərliyi, qanun çərçivəsində çoxpartiyalıliq prinsipi təsbit edildi. ƏXDP-nin baş katibi Nəcibulla respublikanın prezidenti seçildi. Əfqanıstanla Pakistan arasındakı münasibətləri normallaşdırmaq üçün 1988-ci ildə Cenevrədə BMT-nin vasitəçiliyi ilə saziş imzalandı. Saziş bu dövlətlərin bir-birinin daxili işlərinə qarışmamasını, qaçqınların geri qaytarılmasına şərait yaradılmasını, hərbi müdaxilədən imtina edilməsini və Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasını nəzərdə tuturdu. SSRİ və ABŞ sazişin yerinə yetirilməsinin təminatçısı kimi çıxış etdilər. 1988-ci ilin mayında Sovet qoşunlarının mərhələ-mərhələ Əfqanıstandan çıxarılmasına başlandı. 1989-cu il fevralın 15-də qoşunların çıxarılması başa çatdı. Milli barışığa nail olmaq üçün ƏXDP-nin adı dayişdirilib Vətən partiyası adlandırıldı.

Müxtəlif statistikalara görə, 10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. Amerikalılar isə əfqanların itkisinin 2,5 milyon nəfər olduğunu yazırlar. Sovet ordusu Əfqanıstanda 1979-cu ildə 86, 1980-ci ildə 1484, 1981-ci ildə 1298, 1982-ci ildə 1948, 1983-cü ildə 1446, 1984-cü ildə 2343, 1985-ci ildə 1868, 1986-cı ildə 1333, 1987-ci ildə 1215, 1988-ci ildə 759, 1989-cu ildə 53 nəfər olmaqla ümumilikdə 14.427 hərbçisini itirdi. DTK-nın itkisi 576, Daxili İşlər Nazirliyinin itkisi isə 28 nəfər olub. Hərbi əməliyyatlarda təxminən 54 min nəfər yaralanıb, 416 min nəfər isə müxtəlif dərəcəli kontuziyalar aldı. Sovet ordusunun Əfqanıstanda texniki itkisi isə belə olub: 147 tank, 1314 zirehli transportyor, 433 artilleriya sistemi, 118 təyyarə və 333 vertolyot. Əfqanıstan müharibəsi SSRİ-nin süqutunu sürətləndirdi. On illik müharibə nəticəsində SSRİ Əfqanıstana təxminən 800 milyon ABŞ dolları yardım göstərdi. 40-cı ordunun saxlanılması və əməliyyat xərcləri 3 milyard dollardan çox oldu. Bir sözlə Sovet sistemi Əfqanıstanda tamamilə məğlub oldu və bu müharibə SSRİ-nin süqutunu tezləşdirdi. Müharibənin başa çatmasından cəmi iki il sonra SSRİ parçalandı. Müharibənin aparıldığı 1979-cu il dekabrın 25-dən 1989-cu ilin fevralın 15-dək Əfqanıstanda Sovetlər Birliyinin 620 min hərbi qulluqçusu xidmət edib.

SSRİ Əfqanıstana daxil olanda Qərb dünyası narahatlıq içində idi. Kommunistlərin burada qələbə çalacağı təqdirdə Qərb bu regiona nəzarəti itirə bilərdi.

Azərbaycanlıların iştirakı

[redaktə | mənbəni redaktə et]

On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.[4]

Sovet İttifaqının Əfqanıstandan çıxmasından sonra bu ölkədə heç də sülh bərpa olmadı. Əvvəlcə hakimiyyətə Taliban qüvvələri gəldilər. 2001-ci ildə ABŞ-nin bu ölkəni işğal etməsi ilə demək olar ki, SSRİ-nin apardığı müharibə təkrarlandı. Artıq 8 ildir ki, Qərb dünyası Əfqanıstanda vaxtilə ruslara qarşı döyüşən mücahidlərlə mübarizə aparır. Maraqlısı odur ki, bir vaxtlar ABŞ həmin qüvvələrə SSRİ-yə qarşı döyüşmək üçün silah-sursat verirdi. İndi həmin silahlar onun özünə tuşlanıb. Qərb dünyası mücahidlərin qələbəsini qeyd etmişdi. Dünya nəhənginə qarşı mübarizə aparmaq və ona qalib gəlmək asan deyildi. Təbii ki, burada ABŞ-nin da xidmətləri danılmazdır.

Əfqanıstan bu gün SSRİ işğalı kimi, Qərbin də işğalını yaşamağa məhkum olub. O vaxtı da xalq xarici qüvvələrə qarşı mübarizə aparırdı, indi də. O vaxt sovet qoşunlarına qarşı mübarizə aparan mücahidlərin sırasında olmuş, yazar Vahid Muzda Taliban qüvvələrinin apardığı döyüş əməliyyatlarının mücahidlərdən götürdüyünü deyir: "O zaman da ruslar çöl ərazilərdə müqavimətlə üzləşmişdilər. Bu gün də eyni şey təkrar olunur. Amerikalılar buralara gəldiyi zaman kəndlərdəki insanları qazanmaları gərəkdiyini anlamadılar. Bu gün, o zamanlar Sovet İttifaqının qarşılaşdığı bir partizan hərəkatı davam edir".

Məsələnin qəribə tərəfi də ABŞ və Almaniyanın bu gün, o vaxtlar silah və pulla yetişdirdikləri mücahidlərin oğulları və qardaşları ilə müharibə aparmasıdır. Əfqanların hər il Milli Qurtuluş günü kimi qeyd etdikləri 15 fevral tarixində ölkədə istirahət günüdür.

  1. Rubin, Barnett R. The Fragmentation of Afghanistan. New Haven: Yale University Press, 1995. p. 20.
  2. Gates, Robert. From the Shadows: The Ultimate Insider's Story of Five Presidents and How They Won the Cold War. Simon & Schuster. 2007. səh. 146. ISBN 978-1-4165-4336-7. 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.
  3. Harrison, Selig; Cordovez, Diego. Out of Afghanistan: The Inside Story of the Soviet Withdrawal. New York: Oxford University Press. 1995. 34–35. ISBN 0-19-506294-9.
  4. "Əfqanıstan: Sovet təcavüzündən Amerika işğalınadək". 2014-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-31.