Sinay və Fələstin cəbhəsi (ing. Sinai and Palestine Campaign, alm. Palästinafront, türk. Sina ve Filistin Cephesi; 28 yanvar 1915-ci il — 30 oktyabr 1918-ci il) — Birinci Dünya müharibəsi zamanı Sinay yarımadasında, Fələstində və Suriyada Antanta orduları (Böyük Britaniya, onun dominyonları və Fransa birlikləri) ilə bir tərəfdə, digər tərəfdə İttifaq dövlətləri (Almaniya imperiyasının dəstəyi ilə Osmanlı imperiyası) arasında döyüş. Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə daxil olmasından sonra Osmanlı rəhbərliyi Süveyş kanalını ələ keçirmək qərarına gəldi. 1915-ci ildə Süveyş uğrunda mübarizə başladı, bu müddətdə İngilis qoşunları türk ordusunun kanalı ələ keçirmək cəhdlərini dəf edə bildilər.
Sinay və Fələstin cəbhəsi | |||
---|---|---|---|
Birinci Dünya müharibəsi | |||
| |||
Tarix | 28 yanvar 1915 — 30 oktyabr 1918 | ||
Yeri | Sinay yarımadası, Fələstin, Suriya, Levant | ||
Səbəbi | Yaxın Şərq ərazisində hökmranlıq | ||
Nəticəsi | Antantanın qələbəsi, Mudros müqaviləsi, Osmanlı imperiyasının bölüşdürülməsi | ||
Ərazi dəyişikliyi | Suriya, Misir, Livan, Fələstin, İordaniya, İsrail | ||
Münaqişə tərəfləri | |||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1916-cı ildə və 1917-ci ilin əvvəllərində Sinay kampaniyası davam etdi və bu müddət ərzində İngilis qoşunları Osmanlı ordusunu Fələstinə geri çəkilməyə məcbur edə bildilər. 1917-ci ilin yanvarında Fələstin yürüşü Rəfa yaxınlığındakı döyüşlə başladı.
1917-ci ilin sonunda Qəzza və Beer-Şeva yaxınlığındakı döyüşlərdə ingilislər Osmanlı cəbhəsini yarıb Qüdsü ələ keçirə bildilər.[7] 1918-ci ilin sentyabrında bir illik sakitlikdən sonra İngilis qoşunları türk ordusunun məğlubiyyəti və Fələstinin, eləcə də demək olar ki, bütün Suriyanın Britaniya imperiyasının qoşunları və ərəb üsyançılarının dəstələri tərəfindən ələ keçirilməsi ilə başa çatan hücuma başladılar. Döyüş Mudros müqaviləsinin imzalanmasından bir gün sonra başa çatdı.
Müharibədən sonra Fələstin Britaniyanın mandatılığına keçdi.
Sinay və Fələstin kampaniyası ümumiyyətlə müharibə zamanı tam aydın deyildi və yaxşı başa düşülmürdü. İngiltərədə ictimaiyyət bunu kiçik bir əməliyyat, qiymətli resursların israfı kimi qəbul edilirdi. İctimaiyyətə görə qüvvələr daha çox Qərb Cəbhəsinə sərf olunsa idi yaxşı olardı. Üstəlik Hindistan xalqları da daha çox Mesopotamiya kampaniyası və Bağdadın işğalı ilə maraqlanırdılar.[8] Avstraliyanın ilk rəsmi fotoqrafı olan kapitan Frank Hurley 1917-ci ilin avqustunda Qərb Cəbhəsini ziyarət etdikdən sonra bura gələnə qədər Avstraliyanın bölgədə müharibə müxbiri yox idi. Bölgəyə ilk rəsmi müharibə müxbiri Henri Qullet 1917-ci ilin noyabrında gəldi.[9][10]
Bu kampaniyanın uzunmüddətli təsiri Fransanın Suriya və Livan, Britaniya imperiyası isə Mesopotamiya və Fələstin üçün mandat qazandığı zaman Osmanlı imperiyasının Parçalanması oldu. Türkiyə Cümhuriyyəti 1923-cü ildə Türkiyə İstiqlaliyyət müharibəsi sonrası Osmanlı imperiyasının süqutundan sonra yarandı. 1932-ci ildə İraq krallığının, 1943-cü ildə Livan Respublikasının, 1948-ci ildə İsrail dövlətinin, 1946-cı ildə Trans-İordaniya Haşimilər Krallığının və Suriya Ərəb Respublikasının yaradılması ilə Avropa mandatları başa çatdı.
1914-cü ilin noyabrında Rusiyaya müharibə elan edən Osmanlı imperiyası dünya müharibəsinə qoşuldu.[11] Osmanlı imperiyası Birinci Dünya müharibəsinə İttifaq dövlətləri tərəfində daxil olduqdan sonra Antanta ölkələri üçün Yaxın Şərqdə vəziyyət kəskin şəkildə mürəkkəbləşdi. Osmanlı imperiyası rəhbərliyi Qafqaz cəbhəsini əsas hesab edirdi. Qafqazda rus qoşunları ilə vuruşmaqla yanaşı, Antanta qoşunlarının Mesopotamiya, Suriya və Fələstinə daxil olmasının qarşısını almaq, həmçinin Britaniya Misirinə məxsus Süveyş kanalını ələ keçirmək nəzərdə tutulurdu.[11]
1882-ci ildən sonra Britaniya imperiyasının nəzarətinə keçən Misir Osmanlı qoşunlarının zərbəsi təhlükəsi altına düşdü. Süveyş kanalı ingilislər üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki o, Avropanı Britaniya dominionları: Hindistan, Avstraliya, Yeni Zelandiya ilə birləşdirirdi. Süveyş kanalının ələ keçirilməsi Osmanlı imperiyasına Fransa və Böyük Britaniyadan şərq müstəmləkələrinə gedən ən qısa dəniz yolunu kəsməyə imkan verəcəkdi.
Osmanlı komandanlığı Süveyş kanalını tutmaq qərarına gəldikdən sonra Sinay yarımadası istiqamətində hücuma keçdi. 1914-cü il noyabrın 18-də türk qoşunları Sinay yarımadasının ərazisini ələ keçirərək, Süveyş kanalını tutmaq niyyəti ilə ona doğru irəliləməyə başladılar.[12][13]
Süveyş kanalını Osmanlı qoşunlarının mümkün hücumlarından qorumaq üçün bölgədə İngilis komandanlığının tabeliyində 10-cu və 11-ci Hindistan piyada diviziyaları, bir süvari briqadası, bir hind dəvə korpusu, 3 Hindistan dağ artilleriya batareyası və bir Misir artilleriya batareyası var idi. Həmçinin Britaniya qoşunları Süveyş kanalında yerləşən gəmilərin dəstəyinə arxalana bilərdi.[14]
Osmanlı komandanlığı Suriya və Fələstini qorumaq üçün 4-cü Ordunu (komandan Camal Paşa) Aralıq dənizinin şərq sahilinə yerləşdirdi. Süveyş kanalını ələ keçirmək üçün Osmanlı komandanlığı təxminən 25.000 nəfərdən ibarət 25-ci piyada diviziyasını ayırdı.[15]
1915-ci il yanvarın 26-da Osmanlı qoşunları Sinay yarmadası istiqamətindən Süveyş kanalı üzərinə hücuma keçdi. Onlar kanalı keçməyə cəhd etdilər. Lakin ingilis qoşunları türklərin bütün cəhdlərini dəf edə bildilər.[16] Fevralın 2-də alman hərbi müşaviri, polkovnik Fridrix Freyherr Kress fon Kressenşteyn döyüş əməliyyatları bölgəsinə gəldi.[17] Fevralın 3-də Osmanlı qoşunları yenidən hücuma keçdi. Lakin bu cəhddə uğursuz oldu. Osmanlı qoşunları ən böyük uğuru kanalı keçməyə yaxın olduqları İsmailiyyə bölgəsində əldə etdilər. Süveyş kanalına ilk hücum zamanı osmanlılar 1500-ə yaxın adam (o cümlədən 700-ə yaxın məhbus) itirdilər.[18] İngilis qoşunları 32 nəfəri itirdi (ölü), həmçinin 130-a yaxın adam yaralandı.[19]
Hücumun uğursuzluğu səbəbindən Osmanlı rəhbərliyinin Şimali Afrikada yerli müsəlman əhalisinin Antanta qoşunlarına qarşı “müqəddəs müharibə” başlatmaq planları iflasa uğradı. Süveyş kanalına edilən ilk hücum uğursuzluqla nəticələnəndən sonra Osmanlı qoşunları kanaldan şərqə doğru geri çəkildi. Fridrix Freyherr Kress fon Kressenşteyn Qüdsə getdi və burada Osmanlı qoşunlarına təlim keçmək və kanala ikinci hücum təşkil etmək üçün alman hərbi mütəxəssislərinin Sinay cəbhəsinə gəlməsini gözləmək qərarına gəldi.[20]
Türk qoşunlarının Süveyş kanalına yeni hücum təhlükəsi ingilis komandanlığını Misirdə öz qüvvələrini artırmağa məcbur etdi. Çanaqqala əməliyyatı zamanı Misir ingilis qoşunlarının ən böyük bazası idi və qoşunlar buradan Gelibolu yarımadasına göndərilirdi. Çanaqqala əməliyyatında, Saloniki cəbhəsində fəaliyyət göstərən və Misirdə yerləşən (komandir general Con Maksvel) İngilis qoşunları, general Arçibald Murrayın komandanlığı altında qərargahı Qahirədə olan Aralıq dənizi Ekspedisiya Qüvvələrinə birləşdirildi.[21]
1916-cı ilin əvvəlində Çanaqqala əməliyyatı başa çatdıqdan sonra əhəmiyyətli sayda ingilis qüvvələri Misirə təxliyə edildi. 1916-cı ilin martına qədər Misirdə 13 piyada diviziyasının heyətini təxminən 400.000 nəfər təşkil edirdi. Sinay cəbhəsinin artan əhəmiyyətindən və bölgədə ingilis qoşunlarının sayının artmasından sonra Arçibald Murreyin komandanlığı altında Misir ekspedisiya ordusunun yaradılması qərara alındı.[22] Eyni zamanda İngilis komandanlığı müdafiə mövqelərini Süveyş kanalından 15–30 km şərqə çəkərək onları möhkəmləndirdi. Həmçinin Britaniya imperiyasının Hərbi Naziri Lord Herbert Kitçener Sinay cəbhəsində ingilis qoşunlarının sayının artırılmasına razılıq verdi.[22][23]
Eyni zamanda Osmanlı komandanlığı Süveyş kanalına kiçik hücumlarla məşğul olan bir neçə təxribat dəstələri yaratdı. Çanaqqala əməliyyatı başa çatdıqdan sonra Osmanlı ordusunun baş komandanı Ənvər Paşa Süveyş kanalını ələ keçirmək üçün ikinci hücumun təşkili qərarını verdi.[24] Alman komandanlığı da bu planları dəstəklədi və burada mümkün qədər çox Britaniya qoşununun ilişib qalacağına ümid edirdi. Kanalın ələ keçirilməsi əməliyyatını həyata keçirmək üçün Osmanlı komandanlığı Kress fon Kressenşteynin komandanlığı altında ekspedisiya qüvvələri yaratdı. Onun tərkibinə 3-cü və 14-cü osmanlı piyada diviziyaları, həmçinin Avstriya-Almaniya artilleriya dəstəsi daxil idi.[24] Kanal ərazisindəki İngilis qüvvələri üç (42-ci, 52-ci və 53-cü) piyada diviziyasından, bir süvari briqadasından və bir Anzak süvari diviziyasından ibarət idi. Bundan əlavə, doqquz böyük döyüş gəmisi və bir neçə torpedo gəmisi də quru bölmələrinə dəstək verirdi.[24]
Osmanlı qoşunları Sinay səhrasını keçdi və avqustun əvvəlində İngilislərin Katia və Romanidəki müdafiə mövqelərinə çatdı. Avqustun 3-dən 5-dək türk qoşunları Romani yaxınlığında (Süveyş kanalından 37 km şərqdə) ingilis qoşunlarının mövqelərinə hücum etdi.[25] 52-ci diviziya və Anzak süvari diviziyasının bölmələri Osmanlı qoşunlarının hücumlarını dəf edə bildi. İngilis bölmələri əks hücuma keçərək türklərə xeyli itki yaşatdılar. İngilis süvari birləşmələri tərəfindən təqib edilən Alman-Osmanlı qoşunları avqustun 12-də El Arişə qayıtdılar. Romani yaxınlığındakı döyüş zamanı 300-ə yaxın Britaniya əsgəri öldürüldü və 900-dən çoxu yaralandı.[26][27][28]
Britaniya mənbələri alman-türk qoşunlarının 9 minə yaxın itki verdiyini bildirir. Bunlardan döyüşdə həlak olan 1250 nəfər döyüşdən dərhal sonra dəfn edildi. 4000-ə yaxın əsgər ingilislər tərəfindən əsir götürüldü.[26][27] 2300 tüfəng, 4 ağır səhra topu, iki səhra xəstəxanası və digər qənimətlər də ələ keçirildi. Osmanlı və alman komandanlıqları ümumi itkilərini 5,500 - 6,000 nəfər olaraq qiymətləndirdi.[25][26][28][29] Romanidəki qələbə Britaniya qoşunlarına İttifaq dövlətləri komandanlığının Süveyş kanalını ələ keçirmək cəhdlərini dəf etməyə imkan verdi. Bu döyüşdən sonra Osmanlı qoşunları kanalı təhdid etməyi dayandırdılar və şərqə doğru geri çəkilməyə başladılar. Dekabrın 28-də ingilislər türk qoşunları tərəfindən tərk edilmiş Əl Arişə daxil oldular.[30] Maqdaba (23 dekabr 1916) və Rafa (9 yanvar 1917) döyüşlərində ingilis qoşunları osmanlıları geri otuzdurdu. Fələstinin cənub sərhədi keçən Qəzzə bölgəsinə yaxınlaşdı.[31][32][33]
Süveyş kanalını ələ keçirmək üçün ikinci uğursuz cəhdə baxmayaraq, osmanlı qoşunları Sinay-Fələstin cəbhəsinə xeyli Britaniya qüvvələrinin cəmləşməsinə və onların başqa cəbhələrə göndərilməməsinə səbəb oldu.
Sinay kampaniyası başa çatdıqdan sonra, 1917-ci ilin əvvəllərində döyüşən tərəflər mövqelərini möhkəmləndirmək, arxa cəbhəni yenidən təşkil etmək və bir-birlərinin mövqelərinə hava hücumları ilə məşğul oldular. Mürreyin komandanlığı altında ingilis qoşunları Süveyş kanalının təhlükəsizliyini təmin etdi və Sinay yarımadasının bütün ərazisinə nəzarətə aldı. Rafada uğurlu döyüşdən sonra Britaniya komandanlığı Osmanlı imperiyasının ərazilərini ələ keçirmək üçün Fələstinə hücum hazırlayıb başlatmağa qərar verdi. Fələstinə hücum barədə qərar qəbul edildikdən sonra Britaniya diplomatları Fransa tərəfi ilə təsir dairələrinin bölüşdürülməsinə dair Says-Piko sazişi adını alan müqavilə bağladılar. Müqavilə Britaniyanın müharibədən sonra Fələstini işğal etmək hüququnu tanıdı, Fransa isə Suriyanı ələ keçirməli idi.
1917-ci ilin mart ayına qədər Osmanlı qoşunları Qəzzədən (Aralıq dənizi sahilində) Beer-Şevaya qədər (şəhərdən 40 km cənub-şərqdə) yeni müdafiə mövqeləri tutdular. Martın 26-da Britaniya qoşunları Qəzza yaxınlığında Osmanlı ordusunun mövqelərinə qarşı hücuma keçdi. Lakin ingilislər Osmanlı müdafiəsini yara bilmədilər. Qəzzəyə ilk hücum zamanı ingilislər 4000-ə yaxın adam itirdi (523 nəfər ölü, 2932 nəfər yaralı və 512 nəfər itkin düşdü və əsir götürüldü). Osmanlı ordusundan 1370 ölü və yaralı olmaqla, 1020 nəfər də itkin düşdü. Alman və Avstriya bölmələrindən 16 nəfər həlak olmuş və yaralanmış, 41 nəfər isə itkin düşmüşdü. 4-cü ordunun komandanı Camal Paşanın məlumatına görə, Osmanlı itkiləri 300-dən çox şəhid, 750 yaralı və 600 itkin olub.
Qəzzəyə edilən ilk uğursuz hücumdan sonra Britaniya ordusu Qəzzədə Osmanlı ordusunun cəbhəsini yarıb keçmək üçün ikinci cəhd etdi. Aprelin 17-19-da Qəzzə uğrunda ikinci döyüş baş verdi. Osmanlı qoşunlarının möhkəmləndirilmiş mövqelərinə açıq ərazilərdə piyadaların səkkiz Mark I tankının dəstəyi ilə hücumu da nəticə vermədi. Antanta qoşunları Qəzzə yaxınlığındakı müdafiəni yenə də yara bilmədilər. Fələstindəki Britaniya ordusunun komandanları Çarlz Dobell və Arçibald Mürrey bu uğursuzluqdan sonra vəzifələrindən azad olundular. İkinci Qəzzə döyüşü zamanı Britaniya ordusu 6444 nəfər itki verdi. İngilislərdən 509 nəfər ölü, 4359 nəfər yaralı və 1534 nəfər itkin var idi ki, onlardan da 272 nəfəri əsir düşmüşdü. Müxtəlif mənbələrə görə, Osmanlı qoşunlarında 82 nəfərdən 402 nəfərə qədər həlak olmuş, 1300 nəfərdən çox yaralı və 240 nəfərdən çox itkin düşmüş. Osmanlı tərəfindən 200 nəfəri əsir götürülmüşdü.
Bundan sonra tərəflər Fələstin cəbhəsində qoşunlarını xeyli gücləndirdilər. Osmanlı komandanlığı Alman generalı Erix fon Falkenhaynın ümumi komandanlığı altında İldırım Ordular qrupunu (4-cü Ordu və formalaşan 7-ci və 8-ci Ordular) təşkil etdi. Əlavə qoşunların gətirilməsindən sonra Osmanlı ordusunun Fələstin cəbhəsində cəmi 45.000 piyada, 2180 süvari, 308 silah və 526 pulemyotla səkkiz diviziyası var idi. Britaniya qoşunlarına 7 piyada diviziyasının və Səhra atlı korpusun tərkibində 70-80 min piyada, 350 top və 15 min süvari daxildi. Bundan əlavə, Fransa bölmələri Misir Ekspedisiya Ordusuna qoşuldu. Ümumi komandanlıq general Edmund Allenbiyə tapşırıldı.
1917-ci ilin oktyabrında ingilis komandanlığı Osmanlı imperiyasının başqa bir müdafiə bölgəsinə - Beer-Şevaya zərbə endirmək qərarına gəldi. Hazırlıqları gizli aparılan hücum oktyabrın 31-də güclü artilleriya hazırlığı ilə başladı. İngilis-Fransız donanmasının irəliləyən bölmələrə dəstək verdiyi Qəzza bölgəsinə də daha bir zərbə endirildi. Beer-Şevadakı türk mövqeləri ingilislər tərəfindən tutuldu və ingilis süvariləri Osmanlı qoşunlarının sol cinahını dövrə vuraraq Hebrona gedən yolu tutdular. Noyabrın 6-da Osmanlı cəbhəsi yarıldı və türk qoşunları ümumi geri çəkilməyə başladı. İngilislər səhrada təmin edilməsi vacib olan su çatışmazlığı səbəbindən ilkin uğurunu davam etdirə bilmədilər. Qəzza və Beer-Şeva yaxınlığında Osmanlı cəbhə xəttinin yarılması zamanı tərəflər xeyli itki verdilər. Osmanlı ordusundan təkcə 12 minə yaxın əsir düşdü.
Allenbi qüvvələrini yenidən topladıqdan sonra geri çəkilən Osmanlı birliklərinə hücum etdi. Noyabrın 17-də İngilis qoşunları Yaffanı ələ keçirdilər, həmçinin Osmanlı ordusundan 10.000 əsir və 100-ə yaxın silahı ələ keçirdilər. Sonra ingilis qoşunları 1917-ci il dekabrın 9-da Qüdsə doğru irəliləməyə başladılar. Şəhər uğrunda gedən döyüşlərdə Osmanlı ordusu 1000-ə yaxın şəhid və yaralı itki verdi, 750 nəfər isə ingilislərə əsir düşdü. Qüds uğrunda döyüşlərdə Britaniya ordusunun itkiləri məlum deyil. 1917-ci ilin sonlarında qoşunların yorğunluğu və pis hava şəraiti səbəbindən ingilislərin hücumu dayandırıldı. Fələstin cəbhəsindəki 1917-ci il kampaniyası Fələstinə soxulan və ən mühüm yaşayış məntəqələrini - Yaffa və Qüdsü ələ keçirən Antanta üçün uğurlu oldu.
Bununla belə, Fələstin cəbhəsi Qərb Cəbhəsinə göndərilə bilən xeyli sayda Britaniya qoşununu özünə cəlb etmişdi. Bununla bağlı ingilis hərbi tarixçisi Liddell Hart yazırdı:
İngilislərin Fələstində qələbəsi böyük mənəvi əhəmiyyət kəsb etsə də, strateji baxımdan bu, “məqsədlərə aparan dolayı yol" idi. |
1918-ci ilin əvvəllərində Fələstin cəbhəsində sakitlik yarandı. İngilis komandanlığı rabitənin yaxşılaşdırılması və dəmir yolunun tikintisi ilə məşğul idi. 1918-ci il yanvarın 21-də Antanta komandanlığı Osmanlı imperiyasını müharibədən çıxarmaq qərarına gəldi. Bunun üçün “osmanlı ordularını məhv etmək və türklərin müqavimətini darmadağın etmək üçün Türkiyəyə qarşı qəti hücuma keçmək” lazım idi. 1918-ci ilin martında alman ordusunun Qərb cəbhəsində başlayan yaz hücumundan sonra ingilislər qoşunların bir hissəsini Fələstindən Fransaya aparmağa məcbur oldular. Nəticədə Antanta qoşunları Yerixon (fevral 1918), As-Salt və Əmman (1918-ci ilin mart-aprel) yaxınlığındakı hərbi əməliyyatları yerli döyüşlərlə məhdudlaşdırmağa məcbur oldular. Almaniyanın Qərb Cəbhəsində yaz hücumu başa çatdıqdan sonra ingilis komandanlığı Fələstində genişmiqyaslı hücum hazırlığına başladı. Yenidən təşkil olunduqdan sonra Misir ekspedisiya ordusu 69.000 nəfərdən, o cümlədən 540 silah və 90 təyyarə ilə 12.000 süvaridən ibarət idi.
Bu zaman Osmanlı imperiyasının 4-cü, 7-ci və 8-ci orduları Aralıq dənizi sahillərindən Ölü dənizin şimal sahilinə qədər və İordan çayından 30–40 km şərqdə cəbhəni təşkil edirdilər. Fələstindəki osmanlı qoşunlarına komandanlığı alman generalı Otto Liman fon Sanders həyata keçirirdi. Osmanlı qoşunlarının şəxsi heyəti 34.000 nəfər, o cümlədən 402 silah və 25 təyyarə ilə 2.000 süvaridın ibarət idi. Osmanlı qoşunları da düşməni sıxışdırmaq, Suriya və Mesopotamiya cəbhəsi üçün təhlükəni aradan qaldırmaq üçün ingilis qoşunlarının mövqelərinə hücum etməyə cəhd edirdi.
Osmanlı qoşunlarına qarşı həlledici hücuma hazırlıq gizli şəkildə aparılırdı. Güclü cinah hücumları cəbhədən keçməli, sonra isə Osmanlı qoşunlarını mühasirəyə almalı idi. Qarşıdan gələn hücumda əsas rolu Yaffada sol cinahda cəmlənmiş süvarilər oynamalı idi. Sağ cinahda Antanta qoşunları Osmanlı imperiyasına qarşı üsyan edən ərəblərin silahlı birləşmələrinə dəstək verirdilər.
Hayfada Britaniya Hindistan Ordusunun süvariləri Osmanlı qoşunlarına qarşı hücumu 1918-ci il sentyabrın 19-da saat 04:30-da güclü artilleriya hazırlığı ilə başladı. Bundan sonra ingilis qoşunlarının piyada bölmələri hücuma keçdi. Günün ortasında Osmanlı mövqeləri 40 km-lik cəbhə boyu yarıldı. Süvarilər ingilislərin uğurunu daha da davam etdirdi. Cəbhənin yarılan hissəsindən hücum edən süvarilər Osmanlı cəbhəsinin 40 km dərinliyə qədər irəlilədilər. Ertəsi gün ingilis süvariləri Nazaretə çatdılar. Süvarilərin fəaliyyəti ingilislərin qələbəsində ən mühüm amil oldu. Osmanlı qoşunları Antanta süvariləri və təyyarələri tərəfindən təqib edilən nizamsız geri çəkilməyə başladılar.
Bir həftə ərzində Fələstindəki Osmanlı qoşunları məğlub oldu və faktiki olaraq hərbi qüvvə kimi mövcudluğunu dayandırdı. Fələstindəki Osmanlı qoşunlarının bütün tərkibindən yalnız 6000 əsgər əsir düşməkdən xilas ola bildi. Britaniya qoşunları oktyabrın 1-də Suriyaya daxil olaraq Dəməşqi işğal etdilər. Oktyabrın 26-da Antanta qoşunları və üsyankar ərəb birləşmələri Hələbi ələ keçirdi. Beləliklə, oktyabrın sonunda Osmanlı qoşunları bütün Fələstini və demək olar ki, bütün Suriya ərazisini itirərək məğlub oldular.
Belə vəziyyətdə Osmanlı imperiyası Antanta ölkələri ilə barışıq haqqında danışıqlara başladı. 30 oktyabr 1918-ci ildə Yaxın Şərqdə hərbi əməliyyatlara son qoyulan Mudros sülh müqaviləsi imzalandı.
Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Levant ərazisi Antanta ölkələrinin (Britaniya imperiyası və Fransa) nəzarətinə keçdi. Müasir Livan və Suriya ərazisi Fransanın mandatına keçdi, Fələstin və İordaniya isə ingilis qoşunları tərəfindən işğal edildi. Hələ 1917-ci ildə Böyük Britaniyanın xarici işlər naziri Artur Balfur Britaniya yəhudi icmasının nümayəndəsi Lord Valter Rotşildə məktub yazmışdı. Bu məktubda Balfur "Fələstində yəhudi milli evinin yaradılmasını" təşviq etmək arzusunu ifadə etdi. Balfur Bəyannaməsinin mətnində Qüds və Fələstinin sərhədləri qeyd olunmayıb. Bu qeyri-müəyyənlik sonralar bəyannamənin şərhində uyğunsuzluq mənbəyinə çevrildi. 1920-ci il aprelin 24-də San-Remoda keçirilən konfransda “Balfour bəyannaməsi” Müttəfiqlər tərəfindən Fələstində müharibədən sonrakı nizamlanmanın əsası kimi təsdiq edildi. San-Remoda keçirilən konfransın qərarlarına əsasən, Millətlər Liqası 1922-ci ildə Böyük Britaniyaya Fələstinə mandat verdi və bunu ölkədə "Yəhudi milli evi"nin təhlükəsiz formalaşdırılması üçün siyasi, inzibati və iqtisadi şəraitin yaradılmasının zəruriliyi ilə izah etdi.
Osmanlı ordusunun Sinay yarımadasında və Fələstində gedən döyüşlərdə itkiləri məlum deyil. Sovet demoqrafı Boris Urlanisin məlumatına görə, Sinay-Fələstin cəbhəsində Britaniya qoşunları 7000-ə yaxın insanı itirib, 2000-ə yaxın insan isə itkin düşüb.[34]
Avstraliya Silahlı Qüvvələri Komandanlığının məlumatına görə, Avstraliya bölmələri Sinay-Fələstin kampaniyası zamanı 4851 hərbçini (onlardan 416 zabit və 4435 əsgər) itirib.[35]
Sinay-Fələstin kampaniyası zamanı Britaniya ordusunun döyüş abidələri və qəbiristanlıqları Misir, İsrail, Fələstin Dövləti və Suriyada mövcuddur. Ən böyük abidələr və qəbiristanlıqlar Qüdsdə (I Dünya müharibəsi dövründə Qüds Memorialında 2514 dəfn[36] və Qüds Hərbi Qəbiristanlığında 2515 dəfn[37]), Qəzzada (I Dünya müharibəsi zamanı 3217 dəfn) və Beer-Şevada (I Dünya müharibəsindən qalan 1241 dəfn) yerləşir.[38][39] Bundan əlavə, Birlik Müharibəsi Qəbirləri Komissiyası bölgədə bir çox digər kiçik Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi müharibə xatirələrini və qəbiristanlıqlarını saxlayır. Həmçinin, bu qəbiristanlıqlarda, məsələn, Ramla qəbiristanlığında Osmanlı və Alman ordularının ölmüş əsgərləri dəfn edilib.[40]
Nazaretdə (Otto Liman fon Sandersin qərargahının yerləşdiyi yer) Fələstin cəbhəsində döyüşlərdə iştirak etmiş alman imperiya ordusunun əsgərlərinin dəfn olunduğu alman hərbi qəbiristanlığı var. Hər il noyabr ayında qəbiristanlığı Almaniya səfirliyinin əməkdaşları ziyarət edirlər.[41]