Yandırılmış torpaq taktikası (siyasəti) — geri çəkilən qoşunların hücum edən tərəfin istifadə edə bilməməsi üçün düşmən üçün bütün həyati əhəmiyyətli vasitələrin (ərzaq, yanacaq və s.) və hər hansı bir sənaye, kənd təsərrüfatı və mülki obyektləri tam və genişmiqyaslı məhv edilməsini həyata keçirən döyüş üsulu.
"Yandırılmış torpaq" termini yalnız geri çəkilən ordunun hücum edən tərəf üçün həyati əhəmiyyət kəsb edən infrastrukturun dağıdılması döyüş əməliyyatlarına aiddir.
1977-ci il Cenevrə Konvensiyasının I nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunmuşdur.[1][2]
Bu taktikadan istifadə tarixdə ilk dəfə e.ə 512-ci ilə yaxın I Dara ordusunun Qara dəniz çöllərinə soxulduğu zaman (bax: Herodotun "Tarix"i IV kitabı). İskitlərlə müharibədə olmuşdur.[3]
1474-cü ilin sonunda, Osmanlı İmperiyası ilə Moldova Knyazlığı arasındakı mübarizə zamanı bu taktikadan istifadə olunmuşdur. Bu ildə Rumeli bəylərbəyi Süleyman Paşanın başçılığı ilə böyük bir Osmanlı ordusu Moldova Knyazlığının ərazisinə girdi. "Yandırılmış torpaq" taktikasını tətbiq edən Moldova knyazı III Stefan Vasluy yaxınlığında osmanlıları məğlub etdi (10 yanvar 1475-ci ildə).[4].
Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın dövründə başlayan və qısa fasilələrlə 1555-ci il Amasiya sülhünə qədər davam edən Səfəvi-Osmanlı müharibəsində I Təhmasibin dövründə "yandırılmış torpaq" taktikasından istifadə edilmişdir.[5] Dövrün müasir silahlarına malik və daha güclü olan Osmanlı ordusu ilə birbaşa toqquşmalardan çəkinən I Təhmasib bu taktika sayəsində qarşı tərəfə döyüş meydanında ciddi uğur əldə etməsinə imkan verməmişdir. Belə ki, Sultan Süleyman 1535-ci il yazın əvvəllərində Bağdadı tərk etdi və ikinci dəfə Azərbaycana yürüşə başladı. Əhali Şah Təhmasibin göstərişi ilə paytaxtdan köçürüldü. Azərbaycanın cənub vilayətlərində yaşayan tayfalar Fars vilayətinə və İraqi Əcəmə köçürüldülər. Suvarma kanalları və kəhrizlər torpaqla dolduruldu, taxıl və əkin sahələri yandırıldı, yerdə qalan nə varsa, heyvanlara yedirdildi. Təbriz şəhəri ikinci dəfə Sultan Süleyman tərəfindən tutuldu. Ərzaq çatışmazlığı və başlanmış taun xəstəliyi Osmanlı qoşununun vəziyyətini daha da ağırlaşdırdı. Osmanlı ordusu bu dəfə də Azərbaycanda möhkəmlənə bilmədi və tələsik geri çəkilməli oldu.[6]
Sultan Süleyman 1548-ci ilin yazında Azərbaycana üçüncü yürüşünə başladı. Bu yürüşə mükəmməl hazırlıq görülmüşdü. Osmanlıları dayandırmaq üçün kifayət qədər qüvvəsi olmayan Şah Təhmasib paytaxtı tərk edərək Şərqə çəkildi və qoşun toplamaq üçün Əhər çayı sahilində gözləməli oldu. Osmanlı ordusunun hərəkətini çətinləşdirmək üçün sərhəddən başlayaraq paytaxta kimi bütün yollar viran edilmişdi. Hər şey yandırılmış, işğalçılar üçün "bir toxumcuq, ot saplağı" belə saxlanılmamışdı. Fədakarlığı ilə məşhur olan Təbriz sakinləri su mənbələrini, suvarma kanallarını (qanov və kəhrizləri) elə bağladılar ki, "hətta özlərinin içməsi üçün belə lazım olan qədər su qalmadı". Sultan Süleyman əsas qüvvələrlə Təbrizə daxil oldu. Lakin o, bu dəfə paytaxtda yalnız 4 gün qala bildi. Bu günlər osmanlılar üçün çox sıxıntılı keçdi. Yemin çatışmaması üzündən onların minlərlə atı, dəvəsi və qatırı məhv oldu. Şəhərdə ərzaq olmadığına görə əsgərlər şəhərlilərin şəxsi əmlakını qarət etməyə başladılar. Əhali osmanlılara qarşı üsyan qaldırdı. Osmanlılar hətta özlərinə yemək tapmaq üçün düşərgələrindən bir addım belə uzaqlaşa bilmirdilər. Azərbaycan xalqının artan müqaviməti, qızılbaş qoşununun hücumları və ərzaq cəhətdən dözülməz vəziyyət Osmanlı ordusunu yenidən Azərbaycandan çıxmağa məcbur etdi. Beləliklə, Osmanlı sultanının Azərbaycana üçüncü yürüşü də uğursuzluqla nəticələndi.[6][7]
I Sultan Süleyman 1554-cü ilin yazında Azərbaycana dördüncü yürüşünə başladı və Naxçıvanı tutdu. Şah Bazarçaya doğru geri çəkildi. Düşmənin əsas qüvvələri ilə üz-üzə gəlməmək taktikasına əməl edən qızılbaş dəstələri düşmənin hərəkət etdiyi yollara gözlənilməz basqınlar edir, onun canlı qüvvəsinə zərbələr endirir və xeyli əsir alırdılar. Tezliklə kəskin ərzaq çatışmazlığı hiss edən sultan Naxçıvan şəhərini tərk etmədən öncə onu yandırıb, Azərbaycandan Kiçik Asiyaya geri döndü.[6] Bu müharibənin nəticəsində Səfəvi dövləti Van qalasını, Mesopotomiya və Bağdadı itirsə də, Azərbaycan torpaqlarını əlində saxlamağa müvəffəq oldu.[8]
Bu müharibə illərində I Şah Abbas osmanlılara qarşı Səfəvilərin ənənəvi "yandırılmış torpaq" taktikasını tətbiq etdi. Şah fərman verdi: "Arazın sol sahilini dağıtmaq və əhalisizləşdirmək; bütün azərbaycanlıları köçürmək, ərzaq və ələf nə varsa götürmək, qalanını isə məhv edib yandırmaq". Bu zorakılıq tədbiri tarixşünaslıqda "böyük sürgün" adı ilə məhurdur. Şah Abbasın əhalinin köçürülməsi və yaşayış məntəqələrinin dağıdılması haqqında əmri təcili həyata keçirildi. İsgəndər bəy Münşi yazırdı ki, fərman veriləndən bir neçə gün sonra Şahın qərargahını yerləşdirməyə yer yox idi. Çünki Naxçıvan və onun ətrafındakı yaşayış məntəqələri xarabazara çevrilmişdi.[9] Beləliklə, Naxçıvan, İrəvan, Culfa və digər abad diyarlar Səfəvi Şahının fərmanı ilə yandırıldı və əhalisi köçürüldü. Ciğaloğlu Sinan paşanın komandanlığı altında Osmanlı ordusu İrəvana kimi irəlilədi, lakin qızılbaşlar tərəfındən ərzaq ehtiyatının məhv edilməsi onların vəziyyətini ağırlaşdırdı və qoşunda qarışıqlıq başlandı. Buna görə Sinan paşa yürüşü dayandırdı və qışlamaq üçün Vana qayıtmağa məcbur oldu. Bu müharibə 1612-ci ildə Sərab sülhü ilə nəticələndi.[10]
I Napoleonun Avropada apadığı müharibələrin demək olar ki, hamısında ona qarşı "yandırılmış torpaq" taktikasından istifadə edilmişdir. İmperatorun apardığı müharibələr içərisində bu taktikanın geniş istifadə edildiyi Pireney yarımadasında və Rusiya ilə olanlar xüsusi ilə fərqlənir.
1810-cu ildə Napoleon Portuqaliyaya etdiyi hücum (üçüncü) zamanı, portuqallara Lissabona doğru geri çəkilərkən fransızların əlinə keçə biləcək bütün ərzaq ehtiyatlarını məhv etmək əmri verildi. Əmr Fransa qoşunlarının əvəlki hücumlar zamanı əhaliyə qarşı etdikləri soyğunçuluq və talan səbəbiylə verilmişdi.[11][12]
Busaku döyüşündən sonra (Bu döyüşdə Lord Velinqtonun başçılığı ilə ingilis-portuqal ordusu fransızları darmadağın etmişdi.) Napoleon ordusunun marşalı Massenanın ordusu Koimbruya yürüş etdi, burada Köhnə Universiteti və şəhər kitabxanası talan edildi, evlər və dükanlar dağıdıldı, qarət edildi, bir neçə mülki şəxs öldürüldü.[13][14]. İngilis əsgərləri tərəfindən də soyğunçuluq hadisələri olurdu, lakin bu cür hallar araşdırılır və günahkarlar cəzalandırılırdı. Fransız əsgərləri Lissabon yaxınlığındakı Torres-Vedras medafiə xəttinə çatdıqda, onlar şəhərin çöllüyə daha çox bənzədiyini söyləyirdilər.[15] Massena ordusunun azalan qida ehtiyatlarını artırmaq üçün Viseu şəhərinə çatdıqda, şəhər bom-boş idi və yeganə qida üzüm və limon idi. Onların da həddən artıq istehlakı kalori mənbəyindən daha çox gücdən salma xarakteri aldı.[16] Düşgün əhvali-ruhiyyə, aclıq, xəstəlik və intizamsızlıq Fransa ordusunu zəiflətdi və növbəti yazda geri çəkilməyə məcbur etdi.[17]
I Aleksandr 1810-cu ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Böyük Britaniyaya qarşı aparılan "Kontinental blokada siyasəti"nə qarşı çıxır. Bununla iki imperiya arasında münasibətlər daha da soyuqlaşır. Nəticədə Napoleon 1811-ci ildə [18] hazırlıqlar görərək 1812-ci ildə Rusiyaya müharibə elan edir. Avropada misli görünməmiş 675 minlik ordu ilə Rusiya üzərinə hərəkət edir.
Əvvəlcə Peterburq və Moskva xalq müqavimət dəstələrinə rəhbərlik edən Mixail Kutuzov I Aleksandr tərəfindən ordu baş komandan təyin edilir. Fransızlara qarşı həlledici döyüşdən qaçaraq Napoleona qarşı taktikasını belə ifadə edirdi: "Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq".[19] Ruslar ölkənin içərilərinə çəkilərək Napoleona Moskvanı od vurub yandıraraq döyüşsüz təslim edirlər. Şəhərə daxil olmuş Napoleon ordusu aclığa, soyuğa, xəstəliyə düçar olur. Rus çarı Napoleonla danışıqdan qaçır. 18 oktyabrda Napoleon geri dönmək əmrini verir. Geri dönərkən kazak dəstələrinin hücumuna məruz qalmaları ordunun vəziyyətini daha da pisləşdirir. 1812-ci ilin dekabrında 18 min Napoleon əsgəri Prussiya sərhəddinə çatmış olur. Prussiya köməkçi korpusu Napoleonun ordusundan imtina edərək ruslarla danışığa gedirlər. Napoleon kiçik bir dəstə ilə Parisə yetişmiş olur.[20][21]
1827-ci ildə İbrahim Paşa Osmanlı-Misir birləşmiş qüvvəri ilə yunan üsyanını yatırmaq üçün Peloponnesə gəldi. Peloponnesdəki yunan partizanlarının hücumlarına cavab olaraq, İbrahim Paşa üsyançıların müqavimətini qırmaq üçün "yandırılmış torpaq" taktikasına əl atdı. Yanan kəndlərin və tarlalardan çıxan tüstü dənizdə dayanan müttəfiq gəmilərindən (İngiltərə, Fransa, Rusiya) aydın görünürdü. İngilis nümayəndələri Messinya əhalisinin kütləvi aclığa yaxın olduğunu bildirirdi. İbrahim Paşanın "yandırılmış torpaq" siyasəti Avropada böyük qəzəbə səbəb oldu. Bu, müttəfiqlərin qəti hərəkətə keçməsinə bəhanə verdi. Bu müdaxilə yunan üsyanında dönüşə gətirib çıxardı.[22] 1827-ci il oktyabrın 20-də britaniyalılar, fransızlar və rusların birləşmiş eskadrası, ingilis kontr-admiral Edvard Kodrinqtonun rəhbərliyi ilə yunan sularına daxil oldu. Həmin gün Navarin döyüşündə osmanlı-Misir donanması darmadağın edildi. Türk donanması məhv edildi, İbrahim Paşanın qoşunları aclıq və vəbanın olduğu More şəhərinə sıxışdırıldı.[23]
ABŞ-də vətəndaş müharibəsi zamanı Filip Şeridan və Vilyam Şermanın komandanlıq etdiyi hökumət qüvvələri bu taktikadan geniş istifadə edirdilər. General Şerman Atlantaya yürüşü zamanı bu taktikadan geniş istifadə etmişdir.[24] Şermanın məqsədi Konfederasiya tərəfdarları tərəfindən istifadə edilə bilən əkin və digər ərzaq məhsullarını yandırmaq və ya məhv etməklə düşmənin maddi təminatını azaltmaq və onun iradəsini sındırmaq idi. Bu yürüş zamanı onun əsgərləri plantatorların torpaq mülkiyyətlərini sübut etməmələri üçün məhkəmə binasının qarşısında bütün məhkəmə sənədlərini yandırmışdılar.[25] Başqa buna oxşar hadisə otuz altı gün yürüşündə Şerman ordusu Corciya ştatının ərazisindən keçərkən zəif müqavimət göstərən kəndləri və sakinlərini talan edərkən baş vermişdi.[26].
Vətəndaş müharibəsi zamanı bu taktikanın istifadəsi ilə bağlı digər halları da göstərmək olar.
Filippin-Amerika müharibəsi dövründə xüsusi ilə kənd yerlərində tez-tez "yandırılmış torpaq" taktikasından istifadə olunurdu. Filippinlilərin amerika ordusuna qarşı partizan müharibəsini genişləndirməsi ABŞ qüvvələrinin bütöv kəndləri yandıraraq məhv etməyə, içməli su ehtiyatlarının sıradan çıxarılması və mülki şəxslərin "qorunan zonalara" köçürməsi ilə nəticələnirdi. Bu siyasət çox sayda mülki əhalinin xəstəlik və aclıqdan tələf olmasına səbəb oldu.[27][28]
Partizanların lideri Emilio Aginaldonun əsir alındığı zaman da amerika qoşunları Filippin üsyançılarını tələyə salmaq üçün içməli su quyularını zəhərləmişdilər.[29]
Birinci Dünya Müharibəsində Rusiya imperiyasının hərbi qüvvələri 1915-ci ilin yazında və payızında alman ordusunun təzyiqi ilə geri çəkilərkən geniş miqyasda "yandırılmış torpaq" taktikasından istifadə edərək böyük məhv edilmiş ərazi yaratmışdılar. Rus qoşunları 800 km-dən çox cəbhə boyu geri çəkilərək, düşmən üçün yararlı ola biləcək hər şeyi, o cümlədən əkin sahələrini, evləri, dəmir yollarını və bütün yararlı infrastrukturu məhv etmişdilər. Həm də onlar çox sayda insanı zorla evlərindən köçürmüşdülər. Rus qoşunlarını yenidən Rusiyanın daxili hissəsinə qovaraq Alman ordusu Rusiya Polşası, Ukrayna, Belarusiya, Latviya və Litva olan Rusiya İmperiyasının böyük bir ərazisinə sahib olmuşdu.[30]
1917-ci il fevralın 24-də Alman ordusu Somma döyüş bölgəsindəki, müharibə xəttini qısaltmaq üçün Hindenburg müdafiə[31] istehkamlarına doğru strateji geri çəkilmə etdi. Qərb cəbhəsi boyunca bütün infrastruktur məhv edildiyindən, bu yerdəyişmə itkilər bahasına başa gəldi və burada döyüşlər müdafiə xarakterli olduğundan cəbhədə vəziyyət əsasən, durğun idi və bütün müddət ərzində döyüşlər eyni cəmlənmiş ərazidə gedirdi.[32][33]
Yunan-Türk Müharibəsi (1919–1922) dövründə geri çəkilən yunan ordusu, müharibənin son mərhələsində Anadoludan qaçarkən, "yandırılmış torpaq" siyasətini həyata keçirmişdi.[34] Yaxın Şərq tədqiqatçısı amerikalı tarixçi Sidney Nettleton Fişer kitabında qeyd edir ki, "yunan ordusu geri çəkiləndə "yandırılmış torpaq" siyasəti yürüdür və öz yolunda müdafiəsiz qalmış türk kəndlilərinə qarşı hər cür təcavüz edirdi".[34]
Daha bir amerikalı tarixçi Norman Naimark isə bildirirdi ki, "yunanların geri çəkilməsi yerli əhali üçün işğaldan daha da dağıdıcı olmuşdu".[35]
İkinci Dünya müharibəsi illərində Sovet qoşunları tərk edilmiş SSRİ ərazisindəki bir çox obyekti (fabriklər, yaşayış binaları, körpülər, sahibsiz sahələr, ərzaq və xammal anbarları, dəmir yolları və s.) məhv etmişdi.[36][37] "Yandırılmış torpaq" taktikasından nasistlər də istifadə edirdilər. 1941-ci ildə Moskva yaxınlığında məğlubiyyətə uğrayaraq geri çəkilən Vermaxt Sovet ordusunun əks hücumu zamanı belə bir əmr vermişdi: "Bütün kəndlər, yerli əhali düşünmədən, düşmənin sığınmadan məhrum etmək üçün yandırılmalı və məhv edilməlidir."[38] 1943-cü ilin yayından başlayaraq, SSRİ ərazisindən geri çəkilmə zamanı Vermaxt "yandırılmış torpaq" siyasətini həyata keçirdi. Yüz minlərlə dinc sakin zorla köçürüldü, infrastruktur təmamilə dağıdıldı. Alman ordusu özündən sonra yalnız səhra buraxıb gedirdi.[39].
Nasistlər iri şəhərləri belə təmamilə partladaraq getmək istəyirdi. Varşava şəhərini partladılmaqdan son anda sovet kəşfiyyatçıları xilas etmişdi. 1945-ci il martın 19-da Adolf Hitler "Neron planı" (Plan Roma şəhərini yandırmaq əmri verən İmperator Neronun şərəfinə belə adlanmışdı.)haqda əmr verdi. Bu plana görə "düşmən dərhal və ya yaxın gələcəkdə hərbi məqsədlər üçün istifadə edə biləcəyi bütün hərbi, nəqliyyat, rabitə, istehsal və qida obyektləri, habelə Reyxin bütün qaynaqları məhv edilməli idi".[40] Silahlanma və hərbi sursat reyxnaziri Albert Şpeerin bu əmrə müqavimət göstərməsi nasistlərin hətta Parisi partlatmaq planına mane oldu.[41].
"Yandırılmış torpaq" taktikasının ən böyük və ən məşhur istifadəsi Vyetnam müharibəsi zamanı olmuşdur. "Ranch Hand" Vyetnam müharibəsi zamanı Cənubi Vyetnamda və Laosda bitki örtüyünün məhv edilməsinə yönəlmiş ABŞ-nin uzunmüddətli hərbi əməliyyatıdır.[42]
Ümumilikdə isə bu müharibədə ABŞ hərbi qüvvələri regionda əsas məqsədi bölgənin təhlükəsizliyini təmin etmək deyil, mümkün qədər daha çox düşmən əsgəri öldürmək olan zəiflətmə siyasəti yürüdürdü. 1966-cı ilə qədər Cənubi Vyetnamın geniş əraziləri “azad döyüş zonası” elan edilmişdi və buradan bütün dinc əhalinin köçürülməsi və yalnız düşmənin qalması nəzərdə tutulurdu. B-52 helikopterlərinin bombalaması nəticəsində məcburi köçkünlərin Sayqon yaxınlığında yerləşən və təhlükəsiz ərazilər hesab edilən kamplara axışması ilə bu ərazilər kimsəsizləşmişdi.[43]
"Yandırılmış torpaq" taktikasının ekoloji fəlakətlərə bir misalı kimi 1991-ci ilin əvvəllərində Küveytdə və Fars körfəzi ətrafında “Səhrada fırtına” əməliyyatından sonra baş vermiş hadisələri misal göstərmək olar. Küveytdən geri çəkilən işğalçılar 600-dən artıq neft qazma quyusunu partlatmışdılar.[44] Onların əksəriyyəti od tutub yanaraq 6 ay ərzində böyük bir ərazini zəhərli qaz və his ilə zəhərləmişdilər. İraq ordusu gün ərzində 100-dən artıq neft quyusu yandırırdılar.[45] Yanmayan qazma quyularından neft fəvvarə vuraraq Fars körfəzində böyük göllər yaratmışdır. Bura həmçinin çoxlu miqdarda dağıdılmış terminal və tankerlərdən də neft axırdı. Nəticə olaraq 1554 kv. km dəniz səthi, 450 km sahil zolağı neft ilə örtülmüşdür ki, bu da xeyli sayda canlının məhvinə səbəb olmuşdur. Alov məşəllərində hər gün 7,3 mln litr neft yanırdı ki, bu da ABŞ-nin gündəlik neft idxalı həcminə bərabər idi. Yanğından əmələ gələn his dumanları 3 km-ə kimi qalxaraq külək vasitəsi ilə Küveyt sərhəddlərindən çox-çox uzaqlara yayılırdı. 1991-ci ilin noyabrında sonuncu yanan neft yatağı söndürüldü[46].
"Yandırılmış torpaq" siyasətindən Yuqoslaviya müharibələri zamanı Xorvatiya ordusu tərəfindən Krayinadakı serblərə qarşı[47][48] və Serbiya hərbi qüvvələri tərəfindən xorvat və Bosniya müsəlmanlarına qarşı istifadə edilmişdir.[49]
Sudan hökuməti "yandırılmış torpaq" taktikasından Darfurda hərbi strategiya olaraq istifadə etmişdir.[50]
2009-cu ildə Şri-Lanka vətəndaş müharibəsi zamanı Birləşmiş Millətlər Təşkilatının Regional Məlumat Mərkəzi (UNRIC) Şri Lanka hökumətini "yandırılmış torpaq" taktikalarından istifadə etməkdə ittiham etmişdir.[51][52][53]
2011-ci il Liviya vətəndaş müharibəsi əsnasında Müəmmər Qəddafiyə sadiq qüvvələr, üsyançı qüvvələrin liman şəhərlərindən istifadə etməməsi üçün Brega neft terminalının içərisinə çox sayda bomba atmışdı. Liviya üsyançı qüvvələri Sirt və Tavarga kimi Qaddafiyə sadiq qalan şəhərləri ələ keçirməyə cəhd etdikdə mövcud infrastrukturu dağıdaraq "yandırılmış torpaq" siyasətini tətbiq etdilər.[54]
Suriyada vətəndaş müharibəsi əsnasında Suriyanın şimalında yerləşən Bəşər Əsəd tərəfdarı olan qüvvələr Azad Suriya Ordusu döyüşçülərinin sığınacaq tapdığı parklar və meşələrin böyük bir hissəsini yandırdılar.[55] Meşələr əsasən Hələb, İdlib və Latakiya əyalətlərinin şimal hissələrində yandırılmışdı, yanğınlar hətta Türkiyə sərhədini də keçmişdi. Əsəd qüvvələri meşələri tərk edərək, uzaqdan yandırıcı bombalarla onları məhv etmişdilər. Beynəlxalq təşkilatların rəyinə görə ətraf mühitə dəyən zərərin tam bərpası üçün 80 il zaman lazımdır.
1977-ci il Cenevrə Konvensiyalarının Birinci Protokolu mülki əhali üçün ehtiyatların və qida ilə içməli su mənbələrinin dağıdılmasını qadağan edir.[1][2].
Xüsusi olaraq mülki əhalinin yaşaması üçün zəruri olan obyektlərə, məsələn, qida təchizatı, qida istehsal edən kənd təsərrüfatı əraziləri, əkinlər, mal-qara, içməli su təchizatı obyektləri və su təchizatı və suvarma qurğuları kimi obyektlərə hücum, məhv edilməsi, çıxarılması və ya göstərilməsi qadağandır, məqsədlərindən asılı olmayaraq, mülki əhali və ya qarşı tərəf tərəfindən qida vasitəsi olaraq istifadə edilməsinin qarşısını almaq üçün, mülki şəxslər arasında aclığa səbəb olmaq, onları tərk etməyə məcbur etmək və ya başqa bir səbəbdən mane olunması qadağandır. Maddə 54, 1977-ci il Cenevrə Konvensiyalarının Birinci Protokoluna düzəlişlər.[2]
|
Buna baxmayaraq, "Yandırılmış torpaq" taktikalarından istifadə olunma hallarına hələ də rast gəlinir.
Birinci Protokolu hələ də ratifikasiya etməmiş ölkələr arasında ABŞ, İsrail, İran, Pakistan vardır.[56].