Edo dövrünün yanğınsöndürənləri
Hikeşi (火消) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri.
Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi. Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı. Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu. Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular. Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər.
Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消, şəhərlilərin hikeşiləri).
== Növləri ==
=== Cobikeşi ===
Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır. Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar. Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi.