Yarpaqsız cuzqun
Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü.
Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir.
Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır.