Hind okeanında zəlzələ və sunami (2004)
Hind okeanında zəlzələ və sunami — 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ.
2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu.
Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verdi. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir.
Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul oldu. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələrlə qeyd edildi.