Baba Zünnun üsyanı
Baba Zünnun üsyanı (türk. Baba Zünnûn isyanı) – 1526-cı ildə Anadoluda baş verən şiə ayaqlanması.
Sultan Süleyman Qanuni dövründə (1520–1566) baş verən bu üsyan Baba Zünnun üsyanı olaraq bilinsə də, üsyanın əsas rəhbərləri Qədri Xoca Baba və oğlu Şah Vəli idi. Getdikcə böyüyən üsyanın əsas səbəbi qızılbaş Bozox türkmənlərinə məxsus torpaqlardan əlavə vergi tutulması oldu. Nəticədə Baba Zünnun rəhbərliyində ayaqlanan qızılbaş türkmənlər 1526-cı ilin avqustunda Bozox sancaqbəyi Mustafa bəyin köşkünə basqın edərək sancaqbəyini qətlə yetirdi. Zülqədər türkmənlərinin də qatılmasıyla sayıları artan üsyançılar mərkəzdən göndərilən birlikləri Kayseri yaxınlığında ağır məğlubiyyətə uğratdılar. Nəticədə Qaraman bəylərbəyi Xürrəm Paşa, Kayseri sancaqbəyi Bəhram bəy və İçel sancaqbəyi Əli bəy döyüş meydanında həlak oldular.
Nəhayət, mərkəzdən göndərilən dəstək qüvvələrlə hərəkətə keçən Adana sancaqbəyi Piri bəy və Sivas bəylərbəyi Hüseyn Paşa 26 sentyabr 1526-cı ildə Hunbeli adlanan yerdə üsyançıları darmadağın etdilər. Baba Zünnun döyüş meydanında həlak oldu və bir qrup tərəfdarı qaçaraq dağlara çəkildilər. Gecə saatlarında o əsnada toparlanmağa çalışan Osmanlı ordusuna hücum edən bu tərəfdarlar Hüseyn Paşanı ağır yaraladılar.