Şadlinskilər
Şadlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir.
Bu səhifələri bir daha vərəqləmək, Şadlinskilərlə bağlı xatirələri qələmə almaqda Dövlət Tibb Universitetinin Anatomiya kafedrasının müdiri, professor Vaqif Şadlinski bizə yardımçı oldu.
Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər.
Şadlıların adı İrəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir.