Şadiyə Sultan (30 noyabr 1886, İstanbul – 20 noyabr 1977, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.
Şadiyə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 noyabr 1886 |
Doğum yeri | Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 20 noyabr 1977 (90 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | Sultan Mahmud türbəsi, İstanbul |
Atası | II Əbdülhəmid |
Anası | Əmsalinur xanım |
Həyat yoldaşları |
Fahir bəy Rəşad Xalis bəy |
Uşağı | Samiyə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Şadiyə Sultan 30 noyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli yeddinci xanımı Əmsalinur xanımdır. Mükəmməl saray təhsiliylə yanaşı, piano dərsləri də alan Şadiyə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Nailə Sultan və atasıyla birlikdə iştirak edirdi.
31 mart 1909-cu ildə atasının istəyilə Səid Paşanın oğlu Əli Namiq bəylə nişanlansa da, 2 həftə sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Əmsalinur xanımla birlikdə atasının yanında yer alan Şadiyə Sultan bir il sonra atasının istəyilə bacıları Ayşə Sultan və Rəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. Ancaq Səid Paşanın atasına qarşı sərt tutumu səbəbilə, qayıtdıqdan sonra nişan pozuldu. Ardından əmisi Sultan Rəşad onu Ənvər Paşayla evləndirmək istəsə də, Şadiyə Sultan atasını devirən İttihadçılardan olması səbəbilə bu təklifi geri çevirdi.
Nəhayət, Qalibpaşazadə Mustafa Fazil bəyin oğlu Fahir bəylə nişanlandı. Toy mərasimi 2 dekabr 1910-cu ildə Nişantaşı köşkündə baş tutan cütlüyün bu nigahdan bir qızı dünyaya gəldi. Fahir bəyin 27 sentyabr 1922-ci ildə vəfatıyla Şadiyə Sultan sürgün öncəsində dul qaldı.
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Şadiyə Sultan da qızıyla birlikdə sürgünə göndərildi. Sürgündə Parisdə yaşayan Şadiyə Sultan burada 28 oktyabr 1931-ci ildə Rəşad Xalis bəylə evləndi. Ancaq İkinci Dünya Müharibəsinin başlaması və almanların Parisə daxil olmasıyla Şadiyə Sultanın həyatı yenidən çətinləşdi. Gedən çatışmalar əsnasında əri Rəşad Xalis bəy 1944-cü ilin noyabrında həlak oldu. Ərinin ölümündən sonra qardaşı Hayri Əfəndiylə birlikdə bir otel otağında yaşamağa başlayan Şadiyə Sultan 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıtdı. 1966-cı ildə atasının həyatı və uşaqlıq illəriylə bağlı xatirələrini "Hayatımın acı ve tatlı günleri" (Həyatımın acı və şirin günləri) başlığı ilə nəşr etdirdi.
20 noyabr 1977-ci ildə vəfat edən Şadiyə Sultan Sultan Əbdülhəmidin yaşayan son övladı idi. Cənazəsi Sultan Mahmud türbəsində atasının yanına dəfn olundu.