Səlim xan Şəkili
Səlim xan — Şəki xanı; iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuş, lakin xan olmaq uğrunda mübarizəsini sonra yenə də davam etdirməsi səbəbindən, adı XIX əsrin birinci rübündə daha uzun müddət ərzində, vaxtaşırı olaraq dövrün siyasi gündəmlərində hallanmışdı. Şəki xanlarından Məhəmmədhüseyn xanın oğlu, Hacı Çələbi xanın nəticəsi, Məhəmmədhəsən xan ilə Fətəli xanın atabır qardaşı, Hüseyn xanın isə atası idi.
Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq İrana qaçmışdır. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra Türkiyəyə getmiş və 12 aprel 1826-cı il tarixdə Osmanlı İmperiyası ərazisindəki Kir şəhərində vəfat etmişdir. Bundan az sonra, elə həmin ilin 11 avqust tarixində isə Səlim xanın oğlanlarından biri - Hüseyn xan, Şəki xanı ola bilmiş, lakin onun hakimiyyət dövrü də çox çəkməmiş, cəmi 3 aya yaxın davam etmişdir.
== Həyatı və siyasi fəaliyyəti ==
=== Şəki xanı olmasına qədər qardaşı Məhəmmədhəsən xanla münasibətləri ===
Mənbələrdə Səlim xanın həyatının Şəkidə hakimiyyətə gəlişinə qədərki dövrü haqqında demək olar ki heç bir məlumat yoxdur. Bircə o göstərilir ki Səlim xan sələfi olan qardaşı Məhəmmədhəsən xanın onu “birütbə” saxlamasını və digər qardaşı Fətəli xanın gözlərini çıxartdırmasını gördükdən sonra “Şəki vilayətinin bəylərindən özünə yoldaş eləyib, tarixi-islamiyyə 1199 (1784/1785) olanda” (digər bir mənbədə 1795-ci illin mart ayında) Şəkidən Cara qaçmış və qardaşını devirmək əzmiylə orada özünə qoşun toplamışdı. 1795-cı ilin son aylarında isə qardaşı Məhəmmədhəsən xan Şəki qoşunu ilə Muğanda – orada qışlayan İran şahı Ağa Məhəmməd şah Qacarın sərəncamında, olarkən Səlim xan Əliskəndər Hüzzatinin başçılıq etdiyi Car və Avar qoşunu ilə Cardan Şəkiyə doğru hərəkət edir. Məhəmmədhəsən xan bunu bilən kimi Ağa Məhəmməd şahdan da əlavə qoşun götürüb Səlim xanı qovmaq üçün Şəkiyə qayıdır. İki qardaş arasında ən şiddətli döyüş Göynük kəndi yaxınlığında baş verir, Səlim xan məğlub olub geri çəkilir.