Abdullah ibn Zübeyr
Abdullah ibn Zübeyr (1/622–73/692) – Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri olmuşdur. Zübeyr ibn Əvvamın oğlu idi. O həm də, dövrünün siyasi xadimi olmuşdur. Quran təfsirinin, fiqh elminin və hədislərin bilicilərindən hesab edilir. Onun nəql etdiyi 30-dan artıq hədis müxtəlif kitablarda yer almışdır.
Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuş ilk uşaqdır. Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hicrətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuq döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir.
Abdullah ibn Zübeyr igidliyi, əqidəsi, ədaləti, yüksək əxlaqı, dərin düşüncəsi və digər müsbət xüsusiyyətləri ilə başqalarından seçilmişdir.