ABDULLAH İBN ZÜBEYR
(1/622 – 73/692)
Məhəmməd peyğəmbərin tanınmış səhabələrindən biri olmuşdur.
O, Zübeyr ibn Əvvamın oğludur. O, həm də dövrünün siyasi xadimi olmuşdur. Quran təfsirinin, fiqh elminin və hədislərin bilicilərindən hesab edilir. Onun nəql etdiyi 30-dan artıq hədis müxtəlif kitablarda yer almışdır.
Abdullah ibn Zübeyr hicrətin birinci ilində Mədinədə, mühacirlər arasında doğulmuşdur.
Məhəmməd peyğəmbər onun dünyaya gəlməsinə sevinmiş, körpəni Abdullah adlandırmışdır. O, peyğəmbərin yanında böyüyərək, ondan dərin elm öyrənmişdir. Hic rətin 13-cü ilində, Abdullah ibn Zübeyr hələ 12 yaşında olarkən Yərmuk döyüşünü izləmiş, yetkinlik yaşına çatanda isə Misirdə, daha sonra Şimali Afrikada bərbərlərə qarşı yürüşlərdə iştirak etmişdir.
Abdullah ibn Zübeyr igidliyi, əqidəsi, ədaləti, yüksək əxlaqı, dərin düşüncəsi və digər müsbət xüsusiyyətləri ilə başqalarından seçilmişdir. O, təzyiqə, zülmə və ədalətsizliyə qarşı mübarizə aparan şəxs kimi tanınmışdır.
Hüseyn ibn Əli ilə birlikdə xəlifə Müaviyənin oğlu Yəzidin hakimiyyətini tanımamışdır.
O, Yəzidin ilk xəlifələrin tərtib etdiyi idarə etmə üsulundan yayınmasına və Əməvilərin hakimiyyətdə möhkəmlənməsinə qarşı çıxmışdır.
Abdullah ibn Zübeyrə Hüseyn ibn Əlinin faciəli ölüm xəbəri çatanda, o xəlifə Yəzidə qarşı çıxmış, Məhəmməd peyğəmbərin nəvəsinin ölümündə günahkar olan sülaləyə tabe olmaq istəməmişdir. O, Əməvilərə qarşı olan üsyançılara başçılıq etmişdir. Məkkə və Mədinə rəhbərləri, daha sonra isə bütün hicazlılar ona dəstək olmuş, onu xəlifə kimi tanımışdırlar. Əməvi xəlifəsi Yəzid, onun üzərinə ordu göndərməsinə baxmayaraq, onun müqavimətini qıra bilməmişdir.
Tərəflər arasında gedən döyüşlər zamanı, xəlifə Yəzidin ölüm xəbəri gəlmiş, bundan sonra Əməvi ordusu Hicazdan Suriyaya çəkilmiş, bu bölgədə hakimiyyət Abdullah ibn Zübeyrə keçmişdir. Onun xəlifəliyini Yəmən, Bəsrə, Kufə, Xorasan, eləcə də bir sıra başqa şəhərlər və bölgələr tanımışlar. Əməvilər isə yalnız Suriya və Misirin ayrı-ayrı bölgələrini öz əllərində saxlaya bilmişlər. Beləliklə, İslam alimlərinin çoxu Abdullah ibn Zübeyri xəlifə kimi tanımışlar. Onun hakimiyyəti hicrətin 64-cü ilindən 73-cü ilə qədər davam etmişdir.
Ancaq, Əbdül-Məlik ibn Mərvan dövründə güclənən Əməvilər, Abdullah ibn Zübeyrin hakimiyyətinə son qoya bilmişlər.
Əməvi ordusunun baş komandanı Həccac, Məkkəni ələ keçirmiş və döyüşlərdə şəhər böyük dağıntılara məruz qalmışdır. Abdullah ibn Zübeyr şəhərə girən Əməvi qoşunu ilə sona qədər vuruşaraq, 73 yaşında Məkkə məscidində həlak olmuşdur.