Azərbaycan Alpinizm Federasiyası
Azərbaycan Alpinizm Federasiyası — 1963-cü ildə yaradılmış, 1997-ci ildən rəsmi şəkildə dövlət qeydiyyatına alınmış idman federasiyası.
Azərbaycanda alpinizmin yaranması XX əsrin otuzuncu illərinə təsadüf edir. O vaxtlar müxtəlif peşə sahiblərini alpinizmə cəlb edirdilər. İlk dəfə "Neftçi" idman klubu neftçiləri özündə birləşdiribdir. 1936-cı ildə ümumittifaq alpiniada tərkibində "Neftçi"nin böyük alpinist qrupu "Elbrus" dağını fəth etmək üçün Kabardin-Balkariyaya yola düşüblər.
Müharibə və müharibədən sonrakı dövrlərdə Azərbaycan alpinizmi ağır dövrlərini yaşayıb. Uzun illər alpinizm yalnız bir neçə nəfərin ruh yüksəkliyi nəticəsində inkişaf edirdi. Bunlardan Leonid Zorin, Oleq Tereşenko, Oleq Drozdovski, Georqiy Qvozdev, Nəcməddin Hacıyev, Talıb Səlimxanov, Şərqiyyə Abbasova və daha bir neçə nəfərin adını çəkmək olar. Qrup rəhbəri E. Manuçarov idi.
1952-ci ildə Azərbaycan SSR Nazirlər Kabineti ölkədə alpinizm məsələsinə baxaraq qərara aldı ki, bu idman növü Həmkarlar İttifaqının tabeliyinə verilsin.