Elm attaşesi
Elm attaşesi — diplomatik missiyalarda, xüsusilə səfirlik və konsulluqlarda çalışan xüsusi diplomatik vəzifə. Elm attaşesinin əsas funksiyası ölkəsi ilə təmsil olunduğu xarici ölkə arasında elmi, texnoloji və təhsil sahələrində əməkdaşlığı təşviq etmək və genişləndirməkdir. Onlar elmi-tədqiqat işlərində, innovasiyalarda, tenologiyanın transferində və beynəlxalq əməkdaşlıq layihələrində mühüm rol oynayırlar.
== Vəzifə və öhdəlikləri ==
Elm attaşesinin vəzifə və öhdəlikləri diplomatik missiya çərçivəsində ölkəsini beynəlxalq elmi-tədqiqat və innovasiya sahələrində təmsil etmək, elmi əməkdaşlığı təşviq etmək və bu sahədə əlaqələri gücləndirməkdir.
Elmi əməkdaşlığın təşviqi baxımından iki ölkə arasında elmi-tədqiqat və innovasiya sahələrində əməkdaşlıq imkanlarını inkişaf etdirmək, universitetlər, tədqiqat mərkəzləri və elmi institutlar arasında əlaqələri qurmaq və dəstəkləmək, müxtəlif ölkələrin alimləri və mütəxəssisləri arasında əməkdaşlıq üçün təmas nöqtəsi kimi çıxış etmək elmi attaşelərin vəzifələrindən yalnız müəyyən bir qismidir. Elmi məlumat mübadiləsinə daxil olan ev sahibi ölkədəki elmi və texnoloji inkişafları izləmək və bu haqda öz ölkəsinə məlumat vermək, elmi tədqiqatlar və innovasiya ilə bağlı məlumatların paylaşılmasını asanlaşdırmaq, beynəlxalq konfranslar və seminarlar haqqında məlumatları təbliğ etmək və alimləri bu tədbirlərdə iştirak etməyə təşviq etmək öhdəlikləri də elm attaşesinin qarşısında duran vəzifələr sırasındadır.
Ev sahibi ölkədəki texnoloji yenilikləri, elmi kəşfləri və innovativ inkişafları izləmək, bu sahədə olan nailiyyətlərin öz ölkəsinə transfer olunmasına dəstək vermək, iki ölkə arasında elmi-texnoloji əməkdaşlıq layihələrini təşviq etmək və koordinasiya etməyi də vəzifə və öhdəliklərinə aid etmək olar.