Məmməd Ağdamski
Məmməd Ağdamski Əhməd oğlu — Azərbaycan Respublikasının Əməkdar Geoloqu (1982), Azərbaycan Neftçi Geoloqlar Assosiasiyasının üzvü (1993), ADNA Geoloji Kəşfiyyat fakültəsinin Dövlət Attestasiya Komissiyasının sədri (2007), beş ixtiranın, on səmərələşdirici təklifin, iyirmidən çox elmi məqalənin müəllifi.
Məmməd Ağdamski Əhməd oğlu 20 oktyabr 1934-cü ildə Ağdaş şəhərində, ziyalı ailəsində anadan olmuşdur.
O, tanınmış və qədim şəcərəyə malik, xüsusən mədəni — maarif və incəsənət sahəsində görkəmli şəxsiyyətlər yetirmiş Bədəlbəylilər — Qacarlar nəslindəndir.
Məmməd Ağdamskinin atası Əhməd (Bədəlbəyli) Ağdamski (1884–1954) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1943), Azərbaycanın tanınmış opera artisti (lirik tenor) olmuş, qadın artistlərinin olmaması üzündən qadın rollarını ifa etmiş, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
M.Ağdamski hələ məktəb yaşlarından mühəndis — neftçi olmaq arzusunda olmuş, 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) geoloji – kəşfiyyat fakültəsinə daxil olmuşdur.
1956-cı ildə M.Ağdamski institutu bitirib, təyinatla "Balaxanıneft" Neft və Qazçıxarma İdarəsinə göndərilmiş, qırx ilə yaxın fasiləsiz olaraq burada baş geoloq — geologiya üzrə rəis müavini vəzifəsində çalışmışdır. M.Ağdamski ilk əmək fəaliyyətinə Balaxanı sahəsində 2№-li mədəndə quyuların tədqiqatı üzrə operator vəzifəsindən başlamış, qısa müddət ərzində usta köməkçisi, neftçıxarma ustası vəzifəsinə təyin edilmiş, sonradan bilavasitə öz peşə ixtisası üzrə geoloq işləmişdir. Sonrakı dövrlərdə idarənin geoloji şöbəsində geoloq vəzifəsinə təyin edilmiş, 1958-ci ildə İdarənin neft mədəninə böyük geoloq vəzifəsinə göndərilmişdir. Əvvəlcə 9№-li mədəndə, sonra tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun rəhbərlik etdiyi 8№-li mədəndə böyük geoloq vəzifəsində çalışmışdır. Yüksək təşkilatçılıq, bilik və bacarıqları nəzərə alınaraq İdarənin geoloji şöbəsinin rəisi (1963), İdarənin baş geoloqu (1970), geologiya üzrə rəis müavini vəzifələrinə irəli çəkilmişdir.