Bu sözün mənşəyi haqqında çox mülahizələr var: bağlama vasitəsi olduğu üçün (bağırsaqdan indi də saza pərdə düzəldirlər) belə adlana bilər; boğuq, buruq-buruq olması da (boğursaq, boğuqsaq...) onun “bağırsaq” adlanmasına səbəb ola bilər; orqanizmdə bağırla əlaqədar olduğu üçün də bu cür adlanması mümkündür. Tatarlar, qazaxlar yağda qızardılan xəmir kürəciklərinə “bağırsaq” deyirlər. Bu kürəciklər qoyun qığına bənzəyir. Bəlkə də, bağırsaq sözü daxilində saxladığı yükün adı ilə bağlı bu cür adlanıb. Gəldiyim son nəticəyə görə, bağırsaq sözü boru kəlməsi ilə qohumdur. Bəzi türk dillərində şlanq yerinə də bağırsaq işlədirlər. Qabaqlar bağırsaq yerinə, süzük sözü də işlədilib. Görünür, bu bir qədər cavan sözdür, bağırsaqların özündən ferment buraxması əhaliyə məlum olduqdan sonra yaranıb, qidanın bağırsaqdan qana süzülməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Mənbələrdə “ürəyiyumşaq” mənasında işlədilmiş bağırsaq sözü var (bağır kəlməsinin mənalarından biri “ürək” deməkdir). Bağır kəlməsindən bağır-sa-maq (ürəyə yaxın hesab etmək) feili, ondan isə bağır-sa-q sözü əmələ gəlmişdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)