1. 1 rəqəmi ilə işarə olunan sayın adı, miqdar saylarının ilk vahidi. Üçdən bir çıxmaq. Beşin üstünə bir gəlmək.
// Miqdarca tək. Bir cilddən ibarət kitab.
2. Zərf mənasında. Bir yerdə, birgə, birlikdə. Çörəyi bir yedik.
3. Sif. mənasında. Bərabər, eyni. Bir boyda. Bir həcmdə. Bir böyüklükdə.
4. Tək, vahid, yeganə, bircə, təkcə. Onun bir qızı var, bir oğlu.
5. Ümumi, eyni.
6. Bir sıra sözlərin qabağında qeyri-müəyyənlik bildirir. Oradan bir ağac gətir. Sizi bir adam görmək istəyir. Bu gün bizə bir adam telefon eləmişdi. Məni bir şey narahat edir.
7. Feillərin qabağında təkid, israr, lüzum bildirir. Sən bir dayan! Sən bir gözlə! Bir gedək, görək necə oldu. Bir oxu, görək nə yazılıb.
8. “Heç” mənasında.
9. Sifətlə isim arasında, yaxud isimlə xəbər arasında təyinlik dərəcəsini artırır, ya da azaldır. Gözəl bir mənzərə. Məlahətli bir səs. Uca bir dağ. Kiçik bir iş. Balaca bir vəzifə.
10. Vaxt, zaman bildirən isimlərin əvvəlində zaman zərfi əmələ gətirir. Bir dəqiqə dayan. Bir gün bilərsən. Bir dəfə sizə gələrəm.
11. Zaman bildirən sözlərlə iş və ya hərəkətin təkrarını bildirir.
12. Feillərin qabağında hərəkətin təsirini şiddətləndirir. İt qurdu görən kimi, bir qaçış qaçdı ki.
13. Tərəf, yan, cəhət kimi sözlərin əvvəlinə gətirildikdə bölgü məzmunu ifadə edir. Bir yandan mən, bir yandan sən. Bir tərəf razıdır, o biri tərəf yox.
14. “Oldu” sözü ilə bərabər – iki iş, ya hadisənin sürətinin aniliyini, eyni zamanda baş verdiyini bildirir. Gəlməyi ilə getməyi bir oldu.
◊ Bir ağızdan – hamı birdən, səs-səsə verərək, xor ilə.
Bir aləm – çoxlu, hədsiz. Bir aləm işim var.
Bir an – bir ləhzə, bir saniyə.
Bir anda – dərhal, bir ləhzədə, göz yumub açınca.
Bir anlıq, bir anlığa – çox az müddətdə, çox qısa bir zaman üçün, bir ləhzəlik.
Bir ara(lıq) – bir zaman, bir vaxt, bir müddət.
Bir arada – bir yerdə, birlikdə.
Bir az – 1) azacıq, azca, az miqdarda, müxtəsər. Bir az kağız ver.
2) bir qədər, azacıq zaman. Bir az gözlə. Bir az dayan. – [Babaxan:] Yoldaş, necə yəni “bir az sonra gəl?” Mir Cəlal.
Bir azca – bax bir az.
Bir azdan – tezliklə, çox keçmədən, azacıq sonra. Bir azdan gələrəm.
Bir balaca – bax bir az. Bir balaca səbr elə.
Bir barmaq – bir az, çox kiçik, barmaq qədər kiçik. Bir barmaq boyu var.
Bir cür olmaq – bax birtəhər olmaq.
Bir çox – 1) çox, bir sıra, xeyli, müxtəlif. Bir çox adam. Bir çox şey;
2) uzun-uzadı, uzun sürən. Bir çox danışıqdan sonra. Təklif bir çox mübahisəyə səbəb oldu.
Bir daha – 1) bir dəfə də, yenə də, təkrar.
2) bax bir də 2-ci mənada.
Bir də – 1) bir daha;
2) bundan sonra, daha, artıq. Bir də belə şeylər etmə. Bir də buralara ayaq basma;
3) əlavə, başqa, üstəlik. Bir də kim gəldi? Bir də sən get;
4) gözlənilməzlik bildirir; birdən, gözlənmədən. Bir də gördüm ki, saat 12-dir.
Bir dəm – bir ləhzə, bir dəqiqə.
Bir dənə – ancaq tək, misilsiz, tayı olmayan. Ondan bir dənədir.
Bir dünya – bax bir aləm.
Bir dürlü – 1) bir növ, bir cür;
2) heç bir vəchlə, heç bir vasitə ilə.
Bir e(y)ləmək – birləşdirmək, uyğunlaşdırmaq, eyniləşdirmək.
Bir əl – bir dəfə, bir kərə, bir dövrə. Bir əl nərd oynamaq.
Bir ətək – çoxlu, külli miqdarda.
Bir gunə köhn. – bir növ, bir cür.
Bir gün – bir dəfə, günlərin birində, bir vaxt. Bir gün sizə gələndə, gətirərəm.
Bir halda ki – madam ki, iş belə olduğu halda, əgər belə isə.
Bir kərə – bax bir yol.
Bir kişi – heç kim, heç kəs.
Bir kitab – çoxlu.
Bir qədər – bir az, azacıq bir miqdar. Bir qədər gözlə. Bir qədər yol getdik.
Bir qisim – hamısı yox, ancaq bir hissəsi, bir parası, bəziləri. İclasda iştirak edənlərin bir qismi. Yalnız bir qisim kolloid məhlulların elastik xassələri vardır.
Bir qucaq – çox, çoxlu.
Bir qulaq – bir az, azacıq.
Bir neçə – azacıq miqdarda, bir az, cüzi. Bir neçə adam.
Bir növ – bax birsayaq, birtəhər 1-ci mənada.
Bir o qədər – 1) o dərəcədə. Torpaq nə qədər yaxşı becərilsə, bir o qədər çoxlu məhsul verər;
2) o qədər çox.
Bir olmaq – birləşmək, müttəfiq olmaq, həmrəy olmaq.
Bir ovuc – çox az, bir az, cüzi miqdar. Bir ovuc adam.
Bir para – 1) bəzi.
2) bir az, bir qədər; bəzən.
Bir parası – hamısı yox, bir hissəsi, bir qismi.
Bir parça, bir tikə – bir az, azacıq, azca.
Bir sıra – bir miqdar, bəzi. Bir sıra yoldaşlar. Bir sıra hallarda. Bir sıra hadisə baş verdi. Bir sıra təsərrüfat sahələri.
Bir sözlə – danışılan söhbətə, söylənilən fikrə yekun vurmaq üçün ara söz kimi işlənilir; xülasə, müxtəsər.
Bir sözünü iki eləməmək – sözünün qabağında söz deməmək, razılaşmaq, etiraz etməmək.
Bir şey – məlum olmayan, qeyri-müəyyən, anlaşılmayan bir hadisə, keyfiyyət və s. Bu barədə bir şey bilirsənmi? O mənə nə isə bir şey demək istəyirdi.
Bir tövr – bax birsayaq, birtəhər. Gülsüm ağlamaqdan [o qədər] bitab olmuşdu ki, yolu gedə bilmirdi.
Bir ucdan – bir başdan, bir tərəfdən, bir yandan.
Bir vaxt – 1) vaxtilə, bir zaman, keçmişdə, əvvəllər. Bir vaxt onun yaxşı səsi var idi. Bir vaxt var idi ki, teatrlarımızda qadın rolunu kişilər oynayırdı;
2) gələcəkdə, qeyri-müəyyən bir vaxtda.
Bir yerdə – bərabər, müştərək, başqası ilə birlikdə. Bir yerdə yeyib-içmək. Bir yerdə gəzmək.
Bir yığın – çoxlu, külli miqdarda.
Bir yol – bir dəfə, bir kərə.
Bir-birinə dəymək – ara qarışmaq, həyəcan düşmək, hamı təlaşa düşmək.
Bir-iki(cə) – bir neçə, az (qeyri-müəyyən miqdar). Bir-iki kitab aldım. Bir-iki adam gəlib. Bir-iki balıq tutduq.
Bir-ikisi – bir neçəsi, bir neçə nəfəri.
Birsayaq, birtəhər – 1) bir cür, bir növ, bir vasitə ilə.
2) tələsik, necə gəldi, başdansovma. İşi birtəhər görüb qurtardı;
3) qəribə, qeyri-adi, hamıya oxşamayan, başqalarına oxşamayan. O, birsayaq (birtəhər) adamdır.
Birtəhər olmaq – 1) mütəəssir olmaq, əhvalı qarışmaq, halı xarab olmaq, pozulmaq.
2) adi halı dəyişmək, utanan kimi olmaq, həyəcanlanmaq, sıxılmaq.
3) dan. zar. ölmək, aradan çıxmaq və s.
Elə bir – keyfiyyətin dərəcəsini gücləndirmək, şiddətləndirmək üçün işlənir.
Heç bir – bax heç.