Mamay bulağı
Mamay bulağı — Şuşa rayonu ərazisində, Mamayı məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri.
== Ümumi məlumat ==
Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər.
Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Buna misal olaraq, məscidin yerləşdiyi daş kub şəkilli meydanda deyil, iki küçənin kəsişməsində olan Mamay məhəlləsi bulağını göstərmək olar.
Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.