Meydan bulağı

MeydanŞuşa şəhərinin əsas şəhər meydanıdır. Şuşa qalasının Gəncə qapısı yaxınlığındakı Divanxana meydanından başlanğıcını götürən Şuşanın əsas ticarət magistralı olan Rasta bazar küçəsi məhz Meydanda tamamlanır, beləliklə Meydan və Divanxananı əlaqələndirir. Şimaldan cənuba doğru zəif hiss olunan mailliklə uzanan küçə effektiv və gözlənilməz şəkildə kiçik işıqlı Meydana çıxır.

Meydan
Meydan 1992-ci ilin qışında
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa
Aidiyyatı Şuşa Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsr
V. VereşagininŞuşada Məhərrəm ayı zamanı dini yürüş, 1865-ci il. Rəsmdə Yuxarı Gövhər ağa məscidi qarşısındakı meydanda dini mərasim təsvir edilib.

E. Avalov qeyd edir ki, ətrafında yerləşən binaların təyinatında əsasən Meydan Şuşada mühüm ictimai-ticari rol oynamışdır; burada böyük dini mərasimlər (Aşura) keçirilmişdir. Meydanın əsas memarlıq elementləri dini və ticarət binalarıdır ki, bu xüsusiyyət də XVII–XVIII əsrlər Azərbaycan şəhərlərində salınmış meydanlar üçün xarakterikdir.[1]

Şuşa şəhərinin tarixi bilinməyən baş planına əsasən şəhərin əsas memarlıq və ticarət kompleksi olan Meydan ilk dini tikilinin ətrafında formalaşdırılmışdır. Sonradan bu cür məscidlər ətrafında inşa edilən ticarət və digər tikililər məscid vəqflərinə aid idi; məscid mə mədrəsələrin saxlanmasına lazım olan xərclər bu binaların istifadəsindən əldə edilən gəlir sayəsində ödənirdi.[2]

Meydanın formalaşmasını izləməklə Şuşanın digər orta əsrlər meydanlarının da yaradılması yolunu öyrənmək mümkündür. Rasta bazar küçəsinin şərq tərəfinin cənub qurtaracağı bitişik binalar vasitəsiylə dərininə genişləndirilmişdir. Küçənin bir hissəsinin genişləndirilməsi vasitəsilə meydan yaradılması üsuluna Şuşanın Bazar başı və Mərdinli məhəllə meydanlarının nümunəsində də izləmək mümkündür. Küçələrin kəsişməsi nəticəsində kontrast yaradan bu üsul hətt kiçik ölçülü ərazidə də genişlik effekti formalaşdırır.[3]

Meydanın yanız Aşağı bazar küçəsindən uzanan bir mərtəbəli ticarət sıralarını davam etdirən cənub hissəsindəki tikililər ticarət məqsədilə istifadə olunurdu. Digər tərəfdə yerləşməklə məscidlə üzbəüz olan iki mərtəbəli bina və hər iki tərəfdən ona birləşən digər iki mərtəbəli binalar mədrəsə binalarıdır. П formalı mədrəsə binaları cümə məscidi ətrafında geniş həyət yaradır.[4]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Rasta bazar küçəsinin oxu boyunca dartılan meydan düzbucaqlı formaya malikdir. Meydan yaxşı təşkil olunmuş və abad görünüşə malikdir.[5]

Yalnız ticarət kompleksinin deyil, bütövlükdə şəhərin planlaşdırma nüvəsi olan Meydanda, iki əsas ticarət magistralı – Rasta bazar və onun davamı olan Şeytan bazarla Aşağı bazar küçələri kəsişir. Düz səthli Divanxana meydanından fərqli olaraq, Meydan bir qədər cənub-şərqə mailidir və bu hissədən ona Aşağı bazar küçəsi açılır.[5]

Meydanın memarlıq kompleksinə qərbdən karvansara, şərqdən və cənubdan uzun həcmli, bir mərtəbəli və böyük girişlərə malik ticarət sıraları daxildir. Cənub tərəfdən həmin ticarət sıraları inkişaf edərək Aşağı bazar küçəsinin ticarət sıraları ilə birləşir. Meydanın bütün bu kompozisiyası cənubda Şuşanın iki minarəli Cümə məscidi ilə tamamlanır. Minarələrin uzaqdan görünən dəqiq vertikalları meydanın horizontal bölünməli yan qanadları ilə effektiv kontrast təşkil edir.[6]

Orta əsrlərdə Avropa şəhərlərinin mərkəzi meydanlarında inşa edilən hündür qülləli kafedrallar az mərtəbəli yaşayış binaları üzərində dominant təşkil edərək hər tərəfdən görünür, şəhərə gələn şəxlərə əsas ticarət küçələri və meydanının yerini işarə edirdi. Şərq ölkələrinin şəhərlərində, o cümlədən Şuşada bu rolu hündür minarəli məscidlər həyata keçirirdi.[7] Buna görə də Yuxarı Gövhər ağa məscidinin kifayət qədər hündür olan oxvari minarələri və mərkəzi gümbəzi şəhərin memarlıq kompozisiyasında dominantlıq təşkil edir.[8] Yuxarı Gövhər ağa məscidi Meydanın memarlıq ansamblında əsas yeri tutmaqla, ətrafında yerləşən binaları özünə tabe edir.[7]

Meydan ətrafında yerləşən binalar

[redaktə | mənbəni redaktə et]

Yuxarı Gövhər ağa məscidi

[redaktə | mənbəni redaktə et]
Meydan və Yuxarı Gövhər ağa məscidi Şuşanın işğalından sonra

Şuşa şəhərinin cümə məscidi olan Yuxarı Gövhər ağa məscidi şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həəyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığınınŞuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir.[9] İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir.[10] XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir.[9] 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir.[11]

Məscid, özündən əvvəlki tikilinin inşaat oxlarını təkrarlayır. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətləri baxımından sələfindən kəskin şəkildə fərqlənir. Giriş Şahbulaq məscidində olduğu kimi yarımdairəvi daş tağla həll edilmişdir. Məscidin portikinin arkadası, iki mərtəbəli tikilinin hündürlüyü boyunca ucalan üç eyni tağdan ibarətdir. Eyvanın tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər ağa məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü örtərək təxminən 5 metr diametrə malik olan iki günbəz fərqlənir. Kərpiclə hörülmüş minarələrin səthi qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmişdir.[11]

Meydan mədrəsəsi

[redaktə | mənbəni redaktə et]
Mədrəsənin tağlı girişi

N. Baranov qeyd edir ki, şərq şəhərlərində Şuşanın Yuxarı məscid kompleksi kimi monumental dini tikililər qonşuluqda yerləşən ticarət tikililəri – karvansaralar və bazarlarla birlikdə şəhərin əsas planlaşdırma elementlərini təşkil edirlər. Monumentallıq və əhəmiyyətlilik təsirinin artırılması üçün Orta Asiyanın orta əsrlər memarlığında geniş tətbiq edilmiş bir neçə iki-üç mərtəbəli binanın bir kompleksdə birləşdirilməsi üsulu Şuşanın meydan mədrəsəsinin inşasında da tətbiq edilmişdir.[12] E. Avalov Meydan mədrəsəsinin artıq mövcud olan Yuxarı Gövhər ağa məscidinin qonşuluğunda inşa edilməsini də bununla əlaqələndirir.[4]

Şuşanın tarixi qeyd edilməmiş baş planında ayrıca mədrəsə binası göstərilməmişdir.[4] Cümə məscidi və mədrəsə kompleksinin yekun formalaşmasını yalnız Şuşanın 1855-ci ilə aid baş planında görmək mümkündür.[4] Mədrəsə kompleksinə giriş Meydanın cənubunda yerləşən daş tağlı qapı vasitəsiylə həyata keçirilir. SSRİ dövründə Meydanda aparılan yenidənqurma işləri zamanı Yuxarı Gövhər ağa məscidinə görünüşün açılması üçün Meydan mədrəsəsinin qərb qanadı istisna olmaqla digər hissələri sökülmüş və yerində bağ salınmışdır.[4]

Meydan bulağı

[redaktə | mənbəni redaktə et]

Meydanın mərkəzində yerləşən bulaq plastik həll edilmiş kiçik daş sütundan ibarətdir. Meydanın dizaynının yekun memarlıq elementi olan bulaq onun mərkəzini təşkil etməklə kompleksin yekunluğunu həll edir.[13] İşğaldan sonra Meydan bulağının daş sütununun aqibəti barədə heç bir məlumat yoxdur.

  1. Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 111.
  2. Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 97.
  3. Бунин, А. Особенности архитектурно-планировочного развития средневековых городов Центральной и Западной Европы. Москва. 1964. 136.
  4. 1 2 3 4 5 Авалов, 1977. səh. 58
  5. 1 2 Авалов, 1977. səh. 52
  6. Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970. 112.
  7. 1 2 Авалов, 1977. səh. 57
  8. Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964. 201.
  9. 1 2 Авалов, 1977. səh. 53
  10. Джеваншир, Мирза Джамал. Карабах (перевод А. Берже). Тифлис: газ. Кавказ. 1855. № 61-62.
  11. 1 2 Авалов, 1977. səh. 54
  12. Баранов, Н. В. Композиция центра города. Москва. 1964. 9.
  13. Авалов, 1977. səh. 63
  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.