Elmir Mirzəyev
Elmir Mirzəyev (16 noyabr 1970) — bəstəkar, musiqişünas və publisist, bir çox müasir musiqi layihələrinin təşkilatçısı, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995–2005).
== Təhsili ==
Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc Qarayevin sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm’un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoornda (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Franz Liszt adına Weimar Konservatoriyası nda gənc bəstəkarların seminarının, 2006-cı ildə alman bəstəkarı Karlheinz Stockhausenin Kürtendəki ustad kurslarının iştirakçısı olmuşdur.
== Fəaliyyəti ==
Elmir Mirzəyev 1998-ci ildən 2002-dək Bakı Musiqi Akademiyasında müəllim, 2005/2007-ci illərdə sərbəst müasir musiqi kursları təşkil etmişdir. 1995-ci ildə postvoset dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblı sənət dostları — pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov ilə birlikdə yaratmışdı. SoNoR (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdi.
2007-ci ilin payızında DAAD proqramı çərçivəsində professor York Höllerin dəvəti ilə Köln Konservatoriyasında 1 semestr dərs demişdir. Tiflis Dövlət Konsevatoriyası/Gürcüstаn (1999), Praqa Müasir Musiqi Marafonu/Çexiya (1999), Özbəkistan Bəstəkarlar İttifaqıda (2000), Krakov Universitetində/Polşa (2001), Drezden Müasir Musiqi Mərkəzi/Almaniya (2003), Van Universitetində/Türkiyə (2004) Köln Konservatoriyasında (2007), Berlinin Alexander von Humboldt Universitetində mühazirələri keçirilmişdir.