Marallarım (hekayələr silsiləsi)
Marallarım — Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildən etibarən "Marallarım" adı altında "Molla Nəsrəddin" jurnalında çap etdirdiyi hekayələrini "Mütrüb dəftəri" ilə başlamışdır. Hekayədə kənd yüzbaşısı Qasım əminin fəaliyyətindən danışılır. "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini verir, cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini zəhərləyən təbliğatçıları kəskin tənqid atəşinə tuturdu.
Onun 1910–1913-cü illərdə "Molla Nəsrəddin" jurnalında "Ceyranəli" imzası ilə çap etdirdiyi "Marallarım" adlı hekayələr toplusuna aşağıdakılar daxildir:
"Müqəddimə" (Molla Nəsrəddin jurnalı, S.29, 1910)
"Mütrüb Dəftəri" (Molla Nəsrəddin jurnalı, S.30, 1910)
"Dəcəlabad" (Molla Nəsrəddin jurnalı, S.42, 1910)
"Yaşılbaş Sona" (Molla Nəsrəddin jurnalı, S.28, 1911)
"Qiraət" (Molla Nəsrəddin jurnalı, S.30–35 arası, 1911)
"Şikayət" (Molla Nəsrəddin jurnalı, S.35, 1911)
"Şəbih" (Molla Nəsrəddin jurnalı, S.7, 1912)
"Pir" (Molla Nəsrəddin jurnalı, S.10–12 arası, 1913)
"Tənqid" (Molla Nəsrəddin jurnalı, S.14–16 arası, 1913)
"Acından Təbib" (Molla Nəsrəddin jurnalı, S.22–24, 1913)
1927-ci ildə Haqverdiyevin ədəbi-ictimai fəaliyyətinin otuz beş illik yubileyi keçirilir. O, bu dövrdə "Marallarım" silsiləsindən olan satiric və başqa ciddi ruhlu çoxlu hekayələr çap etdirir. Hekayələrin bir hissəsi "Marallarım" (1927) və digər hissəsi "Hekayələr" (1940) kitabında toplanmışdır.
"Marallarım" ilk dəfə tərtib edilərək kitab şəklində "Azərnəşr" tərəfindən 1927-ci ildə Bakıda nəşr edilmişdir. "Marallarım" başlığı ilə yazılan hekayələr "Xortdanın Cəhənnəm Məktubları" və "Mozalanbəyin Səyahətnaməsi" -nin davamı olaraq qələmə alınmışdır.
Haqverdiyevin "Marallarım" sərlövhəsiylə çap etdirdiyi hekayələr "Cəhənnəm məktubları"nı tamamlayır. Hekayələrdə "cəhənnəmdə" cəza
çəkənlərin oraya "getməzdən" əvvəl dünyada gördüyü işlər təsvir və ifşa olunur.