İsrayıl Əfəndiyev
Əfəndiyev İsrayıl Rüstəm oğlu (29 mart 1945, Qazax) — SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993–1997), ADNA-nın "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, professor,
Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiri, Neft Akademiyası nəzdində "İdarəetmə proseslərinin avtomatlaşdırılması" elmi tədqiqat institutunun direktoru SSRİ Dövlət mükafatı Laureatı, texnika elmləri doktoru, professor Əfəndiyev İsrayıl Rüstəm oğlu informatika, kibernetika və avtomatlaşdırma sahəsində görkəmli alimdir.
Professor Əfəndiyev İ. R. 1945-ci il mart ayının 29 — da Qazax rayonunun Sadıxlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını "Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması" ixtisası üzrə bitirmiş və həmin ildə "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasında gənc mütəxəssis kimi baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1975-ci ildə namizədlik və 1986-cı ildə isə Moskvada D. İ. Mendeleyev adına "Kimya-Texnologiya" universitetində "Texnoloji proseslərin və istehsalatlarının avtomatlaşdırılması" ixtisası üzrə "Mürəkkəb strukturalı neft emalı texnoloji proseslərinin optimal idarəetmə alqoritmlərinin işlənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1988-ci ildən professordur və ADNA-nın "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiridir.
Professor Əfəndiyev İ. R. 1993–1997-ci illərdə ADNA- nın elmi hissə üzrə prorektoru vəzifəsində işləmiş və 1995-ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılmış "İdarəetmə Proseslərinin Avtomatlaşdırılması" elmi tədqiqat institutunun direktorudur.
Professor Əfəndiyev İ. R. elmi fəaliyyəti dövründə müasir böyüktonnajlı neftkimya, neftayırma və kimya sənayesi texnoloji proseslərinin modelləşdirilməsi, optimal idarəedilməsi, avtomatlaşdırılması kimi vacib bir elmi istiqamətin nəzəri və tətbiqi əsaslarını işləmişdir.
Professor İ. R. Əfəndiyevin informatika və texnoloji proseslərinin optimal idarəedilməsi sahəsində almış olduğu fundamental elmi nəticələr hələ 1982-ci ildə SSRİ EA-sı prezidiyumunun qərarı ilə "Texniki kibernetika" sahəsində 60 — ildə ittifaqda alınmış böyük elmi nailiyyətlər siyahısına daxil edilmişdir (Bax: Изв. АН СССР "Техническая кибернетика", 1982, № 5).
Professor Əfəndiyev İ. R. 1975–1986-cı illərdə apardığı elmi araşdırmalarda keçmiş ittifaqda ilk dəfə determinə olunmuş və stoxastik modellərlə yazıla bilən birmərhələli, çoxmərhələli tipik katalitik texnoloji proseslərin optimal idarə edilməsinin elmi əsaslarını işləmiş, mürəkkəb strukturaya malik texnoloji sistemlərin optimallaşdırılması məsələlərinin həll edilməsi üçün orijinal alqoritmlər təklif etmişdir (Bax: АН СССР Автоматика и телемеханика, № 2, 1975; АН СССР Автоматика и телемеханика, № 6, 1978; АН СССР Теоретические основы химической технологии, № 2, 1978; АН СССР ТОХТ, № 5, 1980; АН СССР ТОХТ, № 1, 1983; АН СССР ТОХТ, № 5, 1984; АН СССР ТОХТ, № 1, 1986).