Kasapet
Qasapet (bir müddət işlənilən adı: Çıraqlı)— Azərbaycan Respublikasının Ağdərə rayonunun Aşağı Oratağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qasapet kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
"Çıraqlı" etnotoponimdir. Q. Qeybullayevin fikrincə "Çıraqlı" toponimi "Siraklı"nın fonetik formasıdır. Türkdilli etnos olan sirakların bir hissəsi Azərbaycana da gəlmiş və "Çiraklı" adı ilə yaşamış, bu adı toponimlərdə əbədiləşdirmişlər. Azərbaycanın Ağdam, Daşkəsən, Laçın, Kəlbəcər, Şamaxı rayonlarının ərazisində, Qərbi Azərbaycanın Şörəyel mahalında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu, Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunun ərazisində kənd, Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq adları bunun sübutudur.
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində isə toponimin özündə qızılbaşların çıraqlı tayfasının adını əks etdirdiyi yazılır. Səfəvilərin hakimiyyəti dövründə çıraqlıların bir hissəsi Şirvana köçürülmüşdü. XIX əsrdə onların bir qolunun Cavad qəzasında yaşaması haqqında məlumat verilir. Dağıstanda Çirak (kənd, çay), İrəvan quberniyasında Çıraxlı (iki kənd və bir kənd xarabalığı), Cənubi Azərbaycanda Çıraxlı (kənd) toponimlərinin qeydə alınması bu etnotoponimin yayılma arealının genişliyindən xəbər verir.