Kevin Kostner
Kevin Kostner (18 yanvar 1955[…], Linvud[d], Kaliforniya) — ABŞ aktyoru.
== Həyatı ==
Kevin Maykl Kostner 1955-ci il yanvarın 18-də Kaliforniya ştatında ortabab bir ailədə doğulub. Anası Şaron Kostner səhiyyə işçisi, atası Vilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: kök, 1,85 metr boyuna görə belini əyib gəzən, böyük burnunu eynəyin altında gizlətməyə çalışan yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi.
Onun qız dostu da yox idi. Nəhayət ki, dərdini atasına açır. O, isə oğluna güclü bədənə sahib olmaq üçün idmanla məşğul olmağı məsləhət görür. Həmin gündən qonşu qızlar hər səhər pəncərədən tövşüyə-tövşüyə qaçan Kevinə tamaşa edib gülürdülər. Həddən artıq təvazökar və hissiyatlı Kevin pərtliyini gizlədib, bəxtinin üzünə güləcəyi günü gözləyirdi: Yəqin, yaxşı iş tapandan və böyük bir evim olandan sonra məni sevən tapılacaq deyə düşünürdü.
== Film karyerası ==
Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, dumduru mavi gözləri olan Kevini kurs qızları gözaltı edir, amma Kevinin içindəki o qorxaq uşaq hələ də qalırdı.