Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.
MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.
MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə.
Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası:
seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir;
aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir;
aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir;
seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir;
Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir;
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir;
seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir;
seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir;
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.