Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır
Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir.
Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir.
O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir.