Qutluqşah
Qutluqşah və ya Qutluşah (monqolca: Кутлугшах, v. 1307, Gilan ostanı) — Elxanilər dövlətinin hökmdarı Qazan xanın hakimiyyəti dövründə dövlətin hərbi qüvvələrinin baş əmiri. O, daha çox xristianlar yaşayan bölgələrdə aktiv olmuş və Suriyanın monqollar tərəfindən işğalında aktiv şəkildə iştirak etmişdir, lakin 1303-cü ildə uğradığı böyük məğlubiyyətdən sonra cəzalandırılmış, 1307-ci ildə Gilanın işğalı zamanı öldürülmüşdür.
Qutluşah Manqıt tayfasının üzvü idi. Atası Manquday Noyon Xubilay xaqanın əsas generallarından biri olmuş, onun da atası olan Cedey Noyon Çingiz xanın generalı olmuşdur. Onun əmisi Hulqutu Qorçı Hülakü və Abaqa xanların dönəmində əsas keçik əmirlərindən biri olmuşdur. Qutluşahın iki və ya üç qardaşının olması bildirilsə də, onlar vəzifələrdə çox yüksələ bilmədən vəfat etmişdir. Onun qardaşlarından biri olan Əmir Teymur Buğa minqxanlardan birinin komandanı olmuşdur.
O, Abaqa xanın komandanlarından biri idi və Qazan xan hələ yeniyetmə Xorasan canişini olan zaman onunla yaxınlıq qurmuşdu. Bu Xorasanda Əmir Novruzun üsyanının başladığı tarix idi, lakin o, xəstə olduğuna görə 1289-cu ilin qışındakı hərbi əməliyyatlara qatıla bilmədi, amma yazda Qazanın Novruza qarşı başlatdığı yürüşdə iştirak edə bildi.