Molodaya qvardiya (nəşriyyat)
Molodaya qvardiya (rus. Молодая гвардия; mənası – gənc qvardiya) — Rusiya nəşriyyatı. açıq səhmdar cəmiyyəti. Sovet dövründə, 1922-ci ildə qurulan "Molodaya qvardiya" Rusiyanın ən köhnə nəşriyyatlarından biridir.
== Tarixi ==
"Molodaya qvardiya" 1922-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin kitab jurnal nəşriyyatı kimi yaradılmışdır. Sovet dövründə "Molodoy kommunist", "Vojatı", "Vokruq sveta", "Rovesnik" kimi 14 jurnal nəşr edirdi. N. Ostrovskinin "Polad necə bərkidi", A. Fadeyevin "Gənc qvardiya" romanları ilk dəfə "Molodaya qvardiya"da nəşr olunmuşdur. "Molodaya qvardiya"nın buraxdığı 100-dən çox əsər (L. Leonun "Rus meşəsi", S. Smirnovun "Brest qalası" və s.) Lenin və SSRİ Dövlət mükafatlarına, Ümumittfaq Lenin komsomolu və SSRİ Jurnalistlər İttifaqının mükafatlarına layiq görülmüşdür. "Molodaya qvardiya" sosialist ölkələrinin nəşriyyatları ilə sıx əlaqə saxlamışdır. Azərbaycan yazıçılarının (Süleyman Rəhimovun "Mehman", Elçinin "Baladadaşın ilk məhəbbəti", Anarın "Dantenin yubileyi", Maqsud İbrahimbəyovun "Hekayə və povestlər"i və s.) da əsərlərini nəşr etmişdir.