Rəna Mirzəzadə
Rəna Mirzəzadə — fəlsəfə elmləri doktoru, siyasi elmlər üzrə professor, "Tərəqqi" medalı laureatı,3-cü dərəcəli "Əmək" ordeni laureatı
Mirzəzadə Rəna Rza qızı 1954-cü il, 8 apreldə Şirvanda anadan olmuş, 1971-ci ildə həmin şəhərin 1 saylı orta məktəbini, 1976-cı ildə BDU-nun əyani tarix fakültəsini bitirmişdir.
1978-ci ildən AMEA Fəlsəfə və Hüquq İnstitutunda, (hazırda Fəlsəfə və Sosiologiya İnstitutunda) işləyir. 1998–1999-cu illərdə İnstitut "Gender tədqiqatı" qrupunun rəhbəri, 2008–2011-ci illərdə "Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, 2011–2016-cı illər "Politologiya və siyasi sosiologiya" "Siyasi nəzəriyyə" şöbəsinin müdiri, hazırda isə " Siyasətin fəlsəfəsi və sosiologiyası" şöbəsinin müdiridir. 1998–2016-cı illər İnsititut Həmkarlar Komitəsinin sədri olmuşdur. İnsititut Elmi Şurasının və Fəlsəfə Cəmiyyətinin, Problem Şurasının, Dissertasiya Şurasının üzvüdür. 1989-cu ildə elmi kommunizm (indiki politologiya) ixtisası üzrə namizədlik elmi dərəcəsi almışdır. 2004-cü ildə respublikada ilk dəfə olaraq, "Gender: fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətlər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2005-ci ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almış, "Siyasi nəzəriyyələr" ixtisası üzrə professordur. 15-dək elmi kitabın, 150-dən çox məqalənin müəllifidir.
1993–1994-cü illərdə müstəqil ictimai-fəlsəfi "İdrak" qəzetinin baş redaktoru, 1999–2001-ci illərdə "Genderşünaslıq" beynəlxalq elmi-populyar jurnalının Baş redaktoru olmuşdur.
Respublika KİV-də mütəmadi olaraq siyasət, dövlətçilik, azərbaycançılıq ideologiyası, Qarabağ problemi, gender və qadın problemi, multikulturalizm, insan hüququ, vətəndaş cəmiyyəti, informasiya, qloballaşma üzrə məqalələrlə çıxış edir, müsahibələr verir, televiziyalarda ekspert kimi çıxışlar edir.