Azərbaycan şairi Nizami (Rəsulzadə)
"Azərbaycan şairi Nizami" (türk. Azerbaycan Şairi Nizami) — Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri.
M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir.
Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə yanaşı, zəngin, lakin az öyrənilmiş ədəbi-bədii və tərcümə əsərləri irsi vardır. M.Ə.Rəsulzadənin ilk şeiri "Müxəmməs" 1903-cü ildə Tiflisdə nəşr edilən "Şərqi-rus" qəzetində çap olunmuş, yazdığı "Qaranlıqda işıqlar" adlı ilk pyesi 1908-ci ilin dekabrın 5-də tamaşaya qoyulmuşdur.
M.Ə.Rəsulzadə sonradan mühacirətdə yaşadığı illərdə Azərbaycan ədəbiyyatını, şair və yazıçılarımızın yaradıcılığını araşdırmış, təhlil etmiş, dəyərləndirmişdir. M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr edilən "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" kitabında, 1928-ci ildə "Türk ili" məcmuəsində çap olunan "Qafqasya türkləri" əsərində Nizaminin adı qısa məlumatla verilmişdir.
M.Ə.Rəsulzadənin Nizami haqqında geniş araşdırmalara əsaslanan əsərini yazması İkinci Dünya müharibəsinin başlanmasından (1939-cu il, sentyabr) sonraya təsadüf edir. Məhəmməd Əmin Rəsulzadə monoqrafiyanı 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə yazıb, İkinci Dünya müharibəsi və həyatının çətinlikləri səbəbilə ilk dəfə 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada Milli Təhsil Nəşriyyatında nəşr edilib.
Kitab "Müəllifdən", "Başlanğıc"dan, dörd bölümdən, "Əlavələr"dən, "Biblioqrafiya"dan, "Nizamidən mətnlər"dən, "İndeks"dən, "Mətn xarici rəsmlər"dən ibarətdir.