Pop sənəti
Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət.
"Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn, Casper Cons, Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur.
Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar.
Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.