Sədr
Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Səfəvi dövlətində sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı.
Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir. Bəzi mənbələrdə bədənin bu hissəsinə qəlb deyilir. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi "sədrneşin", yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan "sidr" ağası kimi, ya da məclisdə başda oturan mənasını da verməkdədir.
I Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra ondan əvvəl bölgədə hökmranlıq edən Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış və onların dövlət quruluşu və divan sisteminə bənzər bir təşkilat yaratmışdı. Azərbaycan Səfəvilər səltənətinin qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar təşkil edirdi.Dini və qəzai mövqelərə isə seyid, müctəhid, şeyxlər, üləmalar arasından seçilən şəxslər təyin edilirdi.Bu barədə İsgəndər bəy Münşi yazır:
"Bu vilayət nişanəli sülaləsində qayda bu cür idi ki, seyidləri və ruhaniləri himayə etmək, onların işlərinə cavabdeh olmaq, vəqflərin idarə olunması və şəriətin yayılması üçün vəsaitlərin xərclənməsi kimi öhdəliklər daşıyan sədarət vəzifəsi yüksək dərəcəli və pəhrizkar seyidlərdən savayı, digər bir kimsəyə tapşırılmazdı."
Belə ki, Şah İsmayıl həm hərbi həm siyasi həm də dini məqamları bir yerdə cəmləmək, onları dövlət məqsədləri çərçivəsində istiqamətləndirmək və Səfəvi dövləti ərazisində şiələşdirmək siyasətini həyata keçirmək üçün sədarət vəzifəsini yaratdı. Bu vəzifəni ilk icra edən şəxs isə Şah İsmayıla səltənət tacını taxan Qadı Şəmsəddin Mövlana Lahıcı Gilani olmuşdur.