Yevxaristiya sirri tabernaklı
Yevxaristiya sirri tabernaklı (it. Tabernacolo del Sacramento eucaristico) — Florensiya sənətkarı Donatello tərəfindən mərmər üzərində yonma üsulu ilə, 1432-1433-cü illər Roma səfəri zamanı hazırlanmış tabernakldır. 228 sm hündürlüyə və 125,4 m enə malik olan əsər hazırda Müqəddəs Pyotr bazilikasının xəzinə muzeyində saxlanılır. Əsərin hazırlanmasında, ehtimal ki, o zaman Donatellonun emalatxanasında çalışmış Mikeloçço di Bartolomeo da iştirak etmişdir.
Böyük mərmər parçasından hazırlanmış sənət əsərinin bugünkü funksiyası onun ilkin funksiyasından fərqlənir. İlkin olaraq o, içərisində hostiya (müqəddəs çörək) saxlanan kivorinin yerləşdirilməsi üçün baldaxin kimi istifadə edilmişdir. Bu gün isə onun içində XIV əsrə aid olan, möcüzəvi gücü olması inancı ilə əlaqədar həm də "Hərarət Madonnası" kimi tanınan "Madonna və körpə" ikonası yerləşdirilmişdir.
Əsəri, Venesiyalı Roma papası IV Yevgeni Apostol sarayında yerləşən və sonradan Fra Ancelikanın freskoları ilə bəzədilmiş kiçik kapella üçün sifariş etmişdi. 1538-ci ildə ətraf mühitin yenidən modifikasiya edilməsi, tabernaklın Antonio da Sanqalla (kiçik) tərəfindən altarı dizayn edilmiş və daha sonra Perino del Vaqa tərəfindən freskalarla bəzədilmiş (1542) bazilikaya verilməsinə səbəb oldu.
XVII əsrə kimi əldən-ələ keçmiş əsər, Vazari tərəfindən qeyd edilməsinə baxmayaraq, demək olar ki, Donatellonun əsərləri sırasına daxil edilmirdi.