Kamal Talıbzadə
Kamal Talıbzadə (tam adı: Kamal Abdulla Şaiq oğlu Talıbzadə; 14 avqust 1923, Bakı – 19 yanvar 2006, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Əməkdar Elm xadimi (1982), Azərbaycanın Əməkdar Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Müstəqil Azərbaycan Respublikasının "Şöhrət ordeni" (1998), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) (1989), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin oğlu.
== Həyat və fəaliyyəti ==
Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olmuş, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olmuş, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləmişdir. 1950-1952-ci illərdə BDU-da, 1984–1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs demişdir. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K.Talıbzadə 1957–1966-cı illərdə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, 1966–1971-ci illər sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, 1973–1974-cü illər AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olmuşdur. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971–1978) redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə professor seçilmişdir.