İctimaiyyun-Amiyyun Firqəsi

İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı.

İctimaiyyun-Amiyyun
Loqonun şəkli
Qurucu
Quruluş tarixi 1906
Dağılma tarixi 1916
Sələfi Hümmət Partiyası
Baş qərargah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır.

Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi.

Partiya fərdi terror taktikasınıı qəbul etmişdi. Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Tiflis, Petrovsk-Port , Vladiqafqaz, Tehran, Təbriz, Məşhəd, Xoy, Ərdəbil, Urmiya və başqa şəhərlərdə partiyanın şöbələri fəaliyyət göstərirdi. Məşrutə hərəkatı başlayandan sonra partiya əhali arasında təbliğat aparmaq məqsədilə öz fəallannı İrana göndərdi. 1908–1909-cu illər Təbriz üsyanı zamanı isə partiyanın fəal iştirakı ilə QafqazOrta Asiya şəhərlərində İran inqilabçılarına yardım komitələri təşkil olundu. Mücahid Partiyasının şöbələri İran inqilabçılarına pul, silah-sursat, dava-dərman, tibb avadanlıqları və s. zəruri şeylər göndərirdi. Məşrutəçilərə canlı qüvvə ilə də kömək göstərilir, oraya könüllülər göndərilirdi. Nəriman Nərimanov başda olmaqla, Tiflis komitəsi, Məşədi Əzizbəyov başda olmaqla, Bakı komitəsi bu işdə xüsusi fəallıq göstərirdi. Çarizm bu partiyanın fəaliyyətinə son qoymağa çalışırdı. Belə ki, polkovnik Babuşkin 1907-ci il yanvarın 30-da İrandan Bakıya göndərdiyi teleqramında məlumat verirdi ki, "Rəştdə fədai təşkilatının nümayəndəsi (Mücahid təşkilatı nəzərdə tutulur) Məşədi Hüseyn Bakıya getdi. Yəqin ki, o, İranda qarışıqlıq salmaq üçün orada yerli inqilab komitələri ilə danışıqlar aparacaqdır".

Mücahid Partiyası Cənubi Qafqazda da şahlıq üsuli-idarəsi əleyhinə geniş təbliğat aparırdı. Partiyanın Qaraşəhər (Bakı) şöbəsinin fəaliyyəti ilə əlaqədar polisin məlumatında qeyd edilirdi ki, "bu partiya İrandakı mövcud dövlət quruluşunu dəyişdirməyi qarşısına əsas məqsəd qoymuşdur". Təbriz inqilabçılarına nəşr işləri sahəsində də yardım göstərilirdi. Qafqaz canişininə göndərilmiş gizli polis məlumatında deyilirdi ki, 1907–1908-ci illərdə İran təbəəsi, Təbriz sakini Mirzə Məhəmməd oğlu Məhəmmədovun köməyi ilə vaxtilə Rostov-na-Donudan mətbəə avadanlığı alıb, Təbrizə aparmışdır.

Son dövrü və xələfi

[redaktə | mənbəni redaktə et]

Məşrutə hərəkatının yüksəlişi dövründə Təbriz sosial demokratlarına yaxından kömək məqsədilə İctimaiyyun-Amiyyun Partiyasının Mərkəzi Komitəsi üzvlərindən Məşədi İsmayıl Miyabi, Məşədi Məhəmmədəli xan, Hacı xan Təbrizə gondərilmişdi. Ümumiyyətlə, inqilab illərində Cənubi Qafqazdan İrana cəmi 800 könüllü getmiş və təkcə Təbrizin müdafiəsi zaman onlardan 50-si həlak olmuşdu. Partiyanın İranda yaradılmış şöbələrində Məşədi İsmayıl Miyabi, Məşədi Məhəmmədəli xan, Hacı xan, Qafarzadə Zünuzi, Məhəmməd Əlioğlu (Təbriz), Mirzə Cəfər Zəncani, Məşədi Mirzə Məhəmməd, Məşədi Abbas və Məşədi Əli (Xoy), Məşədi Bağır Urmiyeyi (Urmiya), Məşədi Hüseyn Sərabi və M. B. Axundov (Rəşt), Heydər xan Əmioğlu, Mir Bağır Qafqazi və başqaları Cənubi Azərbaycanın və bütövlükdə, İranın müxtəlif şəhərlərində fəal iş aparırdılar. Bu illərdə İranda olan Məhəmməd Əmin Rəsulzadə nəşr etdirdiyi "İran-e nou" ("Yeni İran") qəzetinin səhifələrində ölkədə baş verən inqilabi hadisələri işıqlandırırdı. Məşrutə hərəkatı çar qoşunları tərəfındən qan içində boğulduqdan sonra TəbrizRəştdə hərbi-səhra məhkəmələri quruldu, könüllülərin bir çoxu həbs və edam olundu. Yalnız 200 mücahid gizlənərək, xilas ola bildi. Seyid Həsən TağızadəMəhəmməd Əmin Rəsulzadə Türkiyəyə getməyə məcbur oldular. Cənubi Qafqazda aparılan təqib siyasəti nəticəsində Mücahid təşkilatlarına ciddi zərbə vuruldu. İran İctimaiyyun-Amiyyun Partiyasının fəalları və davamçıları 1916-cı ildə Ədalət Partiyası adı altında yenidən Azərbaycanın siyasi həyatına qatıldılar.

  • İbrahimov T. A. (Şahin), İran Kommunist Partiyasının yaranması, B., 1963;
  • Aslani S. Ş., İran "İctimaiyyun-amiyyun" (Mücahid) Partiyasına aid yeni sənədlər, ADU-nun Elmi əsərləri (tarix və fəlsəfə elmləri seriyası), 1973,. № 8;
  • Tağıyeva Ş. Ə., Nəriman Nərimanov və İran xalqlarının demokratik və milli azadlıq hərəkatı, "Sovet Azərbaycanı və xarici ġərq" kitabında, B., 1980;
  • Иванов С., Иранская револоюция 1905–1911 rr., M., 1957.